adalet.az header logo
  • Bakı 20°C

POLİSDƏN QORXMALI, YOXSA HÖRMƏTLƏ YANAŞMALI?

MAHİR QABİLOĞLU
32887 | 2014-05-03 04:53
Daxili. Bu sözün çox mənası var. Həm məcazi, həm də hərfi.
Məsələn, insanın daxili gözəl olmalıdır. Bu ruhla bağlı bir xüsusiyyətdir. Yaxud da ana gileylənir:
- Uşaq arıqdır. Nə qədər yemək verirəm kökəlmir ki, kökəlmir.
- Nə olsun ki, təki daxilən sağlam olsun.
Mən də özümü daxilən həm məcazi, həm də hərfi mənada sağlam sayıram. Amma bir də görürsən ki, xarici təsirlərdən - ekologiyadan, soyuqdan, əsəbdən, stresdən, müxtəlif qayğılardan özümü nasaz hiss edirəm. Həkimə gedirəm. Qan analizi verirəm. Müxtəlif aparatlardan keçirəm. Həkim təyinat yazır. Çox vaxt həb atmaqla canımı qurtarıram. Bəzən əzələ daxili iynə vururlar. Xəstəlik ağır olanda venaya sistem qoşurlar. Bəzən isə cərrahi əməliyyata məruz qalırsan. Kəsirlər, içalatını bayıra tökürlər, qan çıxarırlar, sonra yaranı tikirlər və sağaldırlar. Daxilən yenə də sağlam olursan.
Bəzən isə nə həkimlər, nə də dava-dərman köməyinə çata bilir. Ölürsən cismən də, ruhən də. Həkimlər də başlayır ölünün yiyələrinə təsəlli verməyə ki, bəs gərək vaxtında üstünə düşəydiniz, xəstəliyin başlanğıc mərhələsində bilsəydik, nəsə kömək etmək olardı.
İnsanın daxilini terapevtlər, xirurqlar, müayinə-müalicə edir. Xaricini kosmetik cərrahlar, dəri həkimləri. Amma bütün xarici fəsadlar daxildən baş qaldırır. Orqanizm xəstələnəndə özünü xaricən biruzə verir. Əgər böyrəyin xəstədirsə gözünün altı qaralır, xəstəsənsə rəngin saralır, qotursansa dərin qızarır, göbələksənsə dərin soyulur, qorxursansa bədənin əsir, soyuqlamısansa dərin qızdırmadan yanır. Bir sözlə insanın xarici onun daxilinin inikası, güzgüsüdür.
Bu insan orqanizmidir. İnsan sağlamlığının keşiyində duranlar isə həkimlərdir. Həkimliyi isə xalq arasında nəcib peşə adlandırırlar.

POLİSLƏR NƏCİB
PEŞƏ SAHİBİDİRLƏRMİ?

Bir dostuma deyəndə ki, polislər də nəcib peşə sahibləridir... etiraz etdi. Fikrimdə israrlı olanda əsaslandırmağımı istədi. Mən də sözümü isbatladım. Nə qədər tutarlı oldu? Bilmirəm.
Dövlət də insan kimidir. Onun da daxili və xarici mövcuddur. Vuran qolu, gəzən ayağı, eşidən qulağı, görən gözü, danışan dili, beyni, dırnağı, reaksiyası, bütün dövləti bir-birilə əlaqəndirən damarları, kapilyarları, sinirləri, gizlinləri var. Əgər dövlətin daxilində əminamanlıq, sakitlikdirsə xaricində də bu o saat hiss olunur. Əgər daxildə münaqişə, çaşqınlıqdırsa... xaricdən müdaxilələr çoxalır. Çünki insandakı kimi dövlətin də daxilində baş verənlər onun xarici görünüşündə özünü biruzə verir.
Budəfəki yazımda mən bu daxili qoruyan Daxili İşlər orqanlarına bir publisist-vətəndaş baxışı keçirəcəyəm. Bu mənim son 20 ildə gəldiyim şəxsi qənaətlərimdir.
Daxili İşlər Nazirliyi, el diliylə desək POLİS. Onu rəsmi olaraq dövlətin güc strukturu hesab edirlər. Amma mən bu orqanı dövlətin daxili həkimi adlandırardım. Məndən soruşanda ki, dövlət strukturlarından ən məlumatlısı hansıdır. Deyirəm ki, Daxili İşlər və Rabitə nazirlikləri. Çünki ən ucqar kənddə belə bu strukturların ən azı bir nümayəndəsi mövcuddur. Onlar hər yerdədirlər. Yerin altında, üstündə, dəmiryolunda, aeroportda, metroda, vağzal və stansiyalarda, qoruqlarda. Sadalayıb başınızı ağrıtmaq istəməzdim. Bir sözlə insanın hər bir üzvünün ayrıca həkimi olduğu kimi, dövlətin də hər bir sahəsinə cavabdeh öz polisi var. Hər hansı bir hadisəylə rastlaşanda birinci onlar yada düşürlər. Ər-arvad dalaşır - polis, qonşu bloka sərxoş girir - polis, biri nəşə çəkib özündən gedir - polis, birinin qızı qoşulub qaçır - polis, qadının boğazından boyunbağısın oğurlayırlar - polis, evini yandırılar - polis, maşınını qaçırırlar - polis, qonşu təmir edib tıqhatıq salır - yenə də polis. Ən xırda məişət problemlərimizdə belə polisi axtarırıq. Ona pənah aparırıq. Əli bıçaqlı, silahlı caninin, adi xuliqanın qabağına, daha dəqiq desək ölümə, təhlükəyə özümüzü yox, sovet vaxtından miras qalan "mənim polisim məni qoruyur" şüarı ilə onu veririk.
Hətta bəzən günahı üstünə yıxıb özümüzü yüngülləşdiririk də. Özümüz çağırdığımız halda sonradan qapısına gedib yalvarırıq ki, "sən Allah tutduğunu burax. Yazıqdır" və ya "əsəbləşmişdim. Ona görə Sizi çağırdım. Qonşudur də... Bizim nəsildən hələ işverən çıxmayıb" Bu cür davranışlarımızla polis üçün öz Femidamızı da yaradırıq. Haqqında hekayə, roman yazmaq, əsər, kino yaratmaq əvəzinə, milli televiziyalarımızın ekranlarında şəninə hələ bir lətifələr də qoşuruq.
Xırda məişət problemlərində polis Münsiflər məhkəməsinə, cəmiyyətin müəlliminə çevrilir. Müəllim kimi bir gözü görür o biri yox, bir qulağı eşidir, o biri qulağı kardır. Amma özümüz də çox gözəl başa düşürük ki, polis bu xüsusiyyətlərə malik olmasa türmələrdə boş yer tapılmaz. Yox elə bilməyin ki, polis qanunu pozur, yaxud da ondan yan keçir... Əsla. Sadəcə onun adı, nəfəsi, arxamızca gələn həniri, dubinkası, böyründən asdığı qandallarının cingiltisi, kaburasından boylanan tapançası başa düşən insanlar üçün bütün qanunlardan üstündür. Polislər həkimlər kimi xəstələyi başlanğıc mərhələdə aşkarlayan, onu blokadaya alıb insanları, dövləti baş berə biləcək fəsadlardan, xətalardan hifz eləyən nəcib peşə sahibləridirlər.
Atam Qabilin bir misalı vardı. Qarabağ məsələləri başlayanda demişdi bunu: "Dövlət arvadların geyindiyi kapron coraba bənzəyir. Sapı qaçdısa qabağını almaq mümkün deyil". Elə də oldu. İlk olaraq Qarabağda və Ermənistanda yaranan mitinq və çaxnaşmalar sonra müxtəlif münaqişə ocaqlarının yaranmasına, SSRİ boyda dövlətin süqutuna səbəb oldu. Xalqın üstünə yeriyən isə polis yox, qoşun idi. Çünki sovet milisini seyrçi mövqedə qoymuşdular. Amma buna baxmayaraq Azərbaycan milisi bu seyrçi mövqe əmrinə tabe olmadı. Azərbaycan milisi o dövrdə silaha sarılıb xalqının, özünümüdafiə dəstələrinin və şəhid olanların içindəydi.
Mən yazımı xırda məişət problemlərində polisin fəaliyyətinə çox qısa bir ekskursla başladım. Amma bununla kifayətlənmək böyük günah, qeyri-obyektivlik olardı. Ona görə də mülahizələrimi bir az da genişləndirim.
Polis sistemindən hamı qorxur. Yox hörmət eləmir. Sadəcə qorxur. Rusların bir misalı var: "Boitsya, znaçit uvajaet" - Qorxursa demək hörmətlə yanaşır. Bir anlıq təsəvvür edin: Bakının küçələrində yol polisi, müxtəlif radarlar, evakuatorlar yoxdur. Nə baş verərdi? Yaxud da polis yoxdur. Küçələrdə asayişi, təhlükəsizliyi qorumaq olardımı? Əsla. Yox, burda bir xətaya yol verdim. Son vaxtlar şəhərdə gəzəndə polisə az rast gəlirəm. İstər gecə, istərsə də gündüz. Təkcə piyada keçidlərinin qabağında cərimə yazanlar istisna olmaqla. Amma buna baxmayaraq hər şey qaydasındadır. Polis xalqın içindədir. Çünki polis həm də xalqın sıravi nümayəndəsidir.
Polis xırda xəstəlikləri özü müalicə edir. Kiçik xəta törədənləri bir neçə sutkalığa KPZ-yə salır. Həkim diliylə desək həblə müalicə edir. Cinayət bir az ağırdırsa və yaxud da Milli mənafelərimizə təhlükə yaranırsa Milli Təhlükəsizlik və Prokurorluq orqanları köməyə gəlir. Həkim kimi cinayətin dərəcəsini müəyyən edirlər. Son hökmü isə məhkəmə hakimləri- həkimlər konsiliumu verir. Törədilən cinayət yüngül olanda icbari, şərti cəza, yəni ki, əzələ daxilinə iynə vurulur. Bir az ağır olanda ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə, yəni vena daxilinə iynə, sistem təyin edilir. Cinayət bir az ağır olanda ciddi rejimli müəssisədə cəzaçəkmə, həkim dilində desək cərrahiyyə əməliyyatı aparılır. Heç bir islaha yatmayan qatı cinayətkarlar isə ömürlük həbs cəzasına məhkum edilirlər. Həkim diliylə desək xəstə ümidsizdir, yəni ki, "morq"luqdur. Bu sistemdə də reanimasiyalar - təcridxanalar, palatalar - kameralar var. Polis də hadisə yerinə özünü təcili yardımda olduğu kimi qısa müddətə, üstündə miqalkası, sirenası olan avtomobillərdə çatdırır. Təcridxanalarda - reanimasiyada yatanların yanına heç kim buraxılmır.
Bu mənim dostuma verdiyim izahlar idi. İnsan bədənindəki xəstəliklərə həkimin, dövlət daxilində baş verən və ya baş verə biləcək neqativ, cinayət tərkibli hallara polisin müdaxiləsinin qısa izahı. Daha düzgün desəm paralellərim. Görəsən bu yazdıqlarımdan sonra polisi nəcib peşə sahibləri hesab etmək olarmı? Siz necə düşünürsünüz bilmirəm. Mən isə öz fikrimdə qalıram. O ki qaldı səhərdən mənim yazımı oxuya-oxuya polisdə baş verən bəzi neqativ halları yada salıb, beyninizdə varaqlamağınıza... Düzdür. Amma belələri bütün sahələrdə var. Lap bunu deyənlərin özlərinin işlədiyi sahələrdə də. Bir də ki, bunu heç Daxili işlər nazirliyinin rəhbərliyi, kollegiyası da gizlətmir. Səlahiyyətlərini aşanların sayları, adları mütəmadi olaraq cəmiyyətə açıqlanır. Amma bu özünü cinayətkar gülləsinin qabağına verərək həlak olan, ölümündən sonra yüksək fəxri adlara layiq görülən polis - hüquq mühafizə orqanları işçilərinin fonunda çox cılız görsənir.

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV