adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

GÜNAHSIZ

VƏSİLƏ USUBOVA
32933 | 2014-05-03 04:38
"Keşkə evi burda tikməyəydik. Həm meşəyə yaxındı, həm də yol qırağıdı. Dayının sözünə baxmadın..." Bunu bir dəfə gəlin demişdi. Qadınlar həmişə söz demirlər, deyəndə də kişilərin dərisinə batmır. İndi o evin hər iki pəncərəsi bomboz payız gecəsinə zəif, sarımtıl işıq salırdı. Qonşu otaqda tavanın düz ortasından asılmış purjunlu yüyrüyün cırıltısı kəsilmirdi. Uşaq hələ yatmamışdı. Elə bil evdə yad adamın nəfəsini o da hiss eləmişdi. Kişilər səssiz-səmirsiz yeyib-içirdilər. Qonaq səhərdən acmış; doyub-dolanmaq bilmirdi. Turşumuş, tuluqlanmış sifəti bir az açılmışdı. Yaxşı yeyib-içməyə öyrəşmiş adama oxşayırdı. Hərdən ağır yük qaldırırmış kimi uca getdikcə qalınlaşan qaşlarını alnının ortasında düyünləyib zənnlə oğlana baxır, sonra gözlərini bir nöqtəyə dikib susurdu...
-Bu kənddənsən? - ev yiyəsinin üzünə baxmadan soruşdu.
-Yox... Gəlməyəm...
-Kimin oğlusan?
Oğlan başqa ad dedi... Susdular...
Qonşu otaqda yüyrük dayanmışdı. Bayırda da hənirti yoxdu. Elə bil, dil-dil ötən meşə quşları da, ac, narazı çaqqallar da bayaqdan bəri fısıltıynan, marçıltıynan qarnını doyursa da, gözləri doymayan yad adamın axır ki, danışmağa başladığını duyub səslərini içəri salmışdılar. Bir də ağzını açıb nə deyəcəyini səbirsizliklə gözləyirdilər. Qonaq ovcundakı nar dənələrini ağzına atmaq istəyəndə qonşu otaqda təzəcə yuxulayan uşaq diksinib var gücüynən çığırdı, sonra göynəyə-göynəyə ağladı.
-O uşağın qulağı ağrıyır... Oğlandı, qız?...
-Oğlandı...
Nədənsə, elə o andaca hələ bir yaşı tamam olmamış uşağının qız yox, oğlan doğulmağına sevindi. Danışmağa həvəsi yoxdu. Bütün günü meşədən odun daşımışdı. Yorulmuşdu. Həm də içindən gələn bir səs bu adamnan ürəkdən söhbət eləməyinə əngəl olurdu. Sirli bir duyğu çənəsini kilidləyir, kəlmə kəsməyə qoymurdu. Yad adam danışmaq istəyirdi. Hər dəfə söhbətə başlamaqdan ötrü bir bəhanə tapır, ev yiyəsinin soyuqluğunu görüb susmalı olurdu...
-Bu evin yerində... əvvəllər qamış daxmalar vardı...-- Nəfəsi kəsilirdi. Əlini boğazına aparıb toxunma köynəyinin yaxasını aşağı dartdı, sözlü-sözlü ev yiyəsinə baxdı, - doğru deyirsən, buralı döyürsən?...
Başıynan təsdiqlədi. Qonağın inanıb-inanmaması vecinə deyildi. Yorulmuşdu, yatmaq istəyirdi. Bu adam olmasaydı, indi çoxdan arvadının böyründə bir yuxu almışdı. Bədənindən xoş bir gizilti keçdi...Başını yastığa qoyan kimi bərk yuxuya gedirdi. Gecə yarıdan keçəndən sonra elə bil əllə ayıldırdılar. Yorğunluğu çıxmış, gümrahlaşmış bədənində şirin istəklər oyanırdı. Əlini gəlinin yumşaq, isti sağrısına aparır, o da elə bil bunu gözləyirmiş kimi, nazla qurcuxub ərinə qısılırdı..."Bu bədniyyət hardan gəlib çıxdı? Niyə bu adama heç quşu qonmur?" Təzə yurdda binə olan gündən qapısına yad adam gəlməmişdi...Nədən şər qarışan vaxtı birbaşa onun evinin üstünə gəldi? Bu yerlərdə nə axtarır? Buralı olub-olmamağım nəyinə gərəkdi? Lənət şeytana. Yol qırağında ev tikmək də bir kişilik deyilmiş. Azan da səni tapır, təzən də...
-Eviniz yaxşı istidi, maşallah. Kərpicdəndi?- Qonağın səsi sanki quyunun dibindən gəldi.
-Yox. Qomnandı...
- Yaxşı eləmisən. Bu yerlərdə kərpicdən ev tikmək məsləhət döyül. Axmaza yaxındı. Kür də hər yaz gələndə daşır...
- İndi day daşmır. O boyda bənd atıblar...
- Nə boyda bənd olur-olsun, ehtiyat yaxşı şeydi. Ehtiyatlı igidin...
"Düz deyirsən, ehtiyat yaxşı şeydi. İllah da ki, qəfildən sənin kimi biri böyürdən çıxanda..."
Daha bəhanə axtarmaqdan bezmişdi. Ev yiyəsi danışmağa həvəs göstərmirdi, yatmaq istədiyini açıq-aşkar bildirirdi. Xeyri yoxdu, o da əl çəkməyəcəkdi.

-Deyəsən, söhbət eləməknən aran yoxdu. Yatağan adama oxşayırsan. Xətrinə dəyməsin, kişiyçin yaxşı vərdiş döyür bu. Günün bir qarış amanı yoxdu. Hay-huy eliyincən şər qarışır. Gecəni də sabah eləmək olmur. Elə çarəsi söhbətnən baş qatmaqdı... Səni də qınamıram. Yəqin, sabah açılannan gün batıncan qıç qatlamırsan. Kənd adamı nə dincəlirsə, elə bu aylarda dincəlir,-oğlanın həvəssiz-həvəssiz qulaq asdığını görüb üzə durdu,- ancaq mənim kimi qəfil, həm də üzdü qonağın gələndə gərək adəti pozasan. Namaz qılmırsan?
-Yox.
-Hə... hələ cavansan. Allaha tərəf getməyinə çox qalıb,-mənalı-mənalı qımışdı,- oruc tutub, namaz qıldın, gərək çox şeydən əl çəkəsən... Hələ tezdi, kef elə özünçün... Hə, yatırıq, otururuq? Əşşi, heç toylarda aşıqlara qulaq asmamısan? Sabah üzünəcən dastan deyirlər ki,... Elə bil mən də aşığam, gəlmişəm sizə dastan deməyə...
-Deyirəm, yol gəlmisiz... yorulmusuz...
-Sən mənim dərdimi çəkmə. Yolda deyirdim, kim üzümə qapı açsa, içəri girən kimi ac-susuz daş kimi düşəcəm. Amma indi elə aynımışam ki, elə bil, başımın içində təndir qalayıblar...-- Gözləri yol çəkdi, nədənsə şübhələnirmiş kimi diqqətlə oğlanın üzünə baxdı,-bilmirəm, mənə noolub?...
Əlacı nəydi, bu dumanlı-çisəkli payız gecəsinin şirin yuxusundan əl çəkməliydi. Ayağa durdu, -İndi gəlirəm, -deyib çıxdı. Bayıra çıxanda gözlərinə inanmadı; bayaqkı dumandan əsər-əlamət qalmamışdı, gündoğan tərəfdən soyuq, nəmli külək əsirdi. Qəfil qonaq gəlini də çaşdırmışdı. Günorta yuyub sərdiyi paltarları külək oynadırdı. Sərnic dirəkdən asılı qalmışdı. Tabağı gətirdi, südü üzə töküb yuxayayanı ağzına çevirdi. "Sabah özü süzüb bişirər". Boş sərnici əvvəlki yerindən asdı. Çəpərin dibinə zəncirlənmiş Boz it sahibinin hənirini alandan özünü yeyib-tökürdü. Zəncirdən açılan vaxtı keçmişdi. Vaxtında açılsaydı, indiyəcən bütün kəndi azı beş-altı dəfə ayaqlayıb geri dönmüşdü. Nə qədər yalmansa da, sahibi iti açıb buraxmadı. Evdə yad qonaq vardı, gecə həyətə-zada düşə bilərdi. Gətirib hinin ağzına söykədikləri dəmir təkərə bağladı. Boz it kəndin o başında yol gözləyən dişilərini yadına salıb kədərlə zingildədi, şöngüyüb gözlərini sahibinə zillədi...
Qonaq yerində qacındı, əsnədi, boş papiros qutusunu ovcunda sıxıb əzdi, təzəsini açdı. Bayırda əl-üzyuyan cingildədi, su şırıltısı eşidildi. Oğlan əllərini qurulaya-qurulaya içəri girdi, özünü zorlayıb:
-Külək qalxıb, -dedi,- hava da əməlli-başlı soyuyub. Bayırlıq işiniz yoxdu ki?...
-Hələ ki, yox...
Bayıra çıxıb-qayıtması cəmi beş-altı dəqiqə çəkməmişdi. Bu vaxt içində qonaq ayrı adam olmuşdu. Qarnı doyandan sonra durulmuş rəngi təzədən boğulmuşdu. Qaşqabağını düyünləmiş, sifətini sallayıb oturmuşdu. Oturduğu yerdə qəddi əyilmişdi... Əli əsə-əsə papirosu dodağına apardı, sümürdü, dərindən ah çəkib tüstünü havaya buraxdı, gözlərini qıyıb tüstünün yayılmağına xeyli tamaşa elədi...
Fikirdən ayılıb təzəcə yandırdığı papirosu söndürdü. Sağ əlini aparıb bayaq papiros qutusunu xışmaladığı kimi sol döşünü xışmaladı.
-Ürək döyür ey, dəyirman daşıdı elə bil. Sabah açılannan belədi. Heç bu təhər olmamışdı...
Həə,.. başlandı. Daha bu ah-vay nədən ötrüdü? Bayaqdan çənəsinin altına salmağa adam axtarır, ilan dili çıxarıb yalvarır ki, gecəni yatmıyım, ona qulaq asım. İndi birdən-birə yığılıb yumağa dönüb. Sevinmək əvəzinə ah-vay eliyir. Bilmirəm, nə danışacaq, ancaq üz-gözünnən oxunur ki, danışmaq istədikləri kişini ayaq-baş eliyib. Ürəyində nə varsa, canı da onuynan bir yerdə ağzınnan çıxacaq. Birdən... ölüb-eliyər, xatası üstümüzdə qalar. Bircə bu gecəni yola versəydik...

Qalxıb qapını açdı. Payızın təmiz, nəm havası içəri doldu. Qonaq razılıqla ona baxdı. Yazıqlaşmış baxışları kədərə öyrəşməmiş sifətinə qətiyyən uyuşmurdu. Elə bil bu sifəti bir-iki saatlığa kimdənsə borc almışdı, işini görüb qurtarandan sonra yiyəsinə qaytaracaqdı... Bayırda isə...təbiət həmişəki kimi öz sifətində, öz qüdrətindəydi; yarada bildiyini yaradırdı, poza bildiyini pozurdu. Külək havada duman-çən qoymamışdı qala. Göy elə bil yerdən bir az da aralanmış, durulub təmizlənmişdi. Bu duruluğun qoynunda süzən Ay hələ ki, evin tuşundaydı, həyət-bacanı bəyaz-mavi işığa bələmişdi. Bir azdan axmazın üstündən süzüb yavaş-yavaş meşənin o üzündə yox olacaqdı. Ancaq nədənsə, bu gecə o da batmağa tələsmirdi, evin üstündə sallanıb dururdu. Aran kəndinin adamı yayın cırhacırından sonra cana yapışan payız rüzgarının gətirdiyi şirin yuxunun qoynunda yorğunluğunu, dünyanın dərd-sərini əridirdi. İlk xoruz banının bu yuxuya ara verəcəyinə hələ xeyli vardı...
Bircə bu qonaq olmasaydı...
Ürəyinə dammışdı ki, payız günəşinin qüruba enən çağında özünü kəndə yetirən bu kor-kobud kişi Allahın yox, şeytanın göndərdiyi qonaqdı. Yad adamın gəlişiynən seyrək evli aran kəndinin, bəndin ətəyində qaraltdığı, palçıqdan suvanmış qom evinin, geniş həyət-bacasının havası ağırlaşmışdı. Gecənin bakirə payız ruzgarı da elə bu ağırlığı, ağrını yumşaltmaq, dumana-sisə qatıb aparmaq üçün əsirdi...
Yenə sözlü-sözlü oğlana baxdı, qımıldanmadığını görüb başıynan arxaya işarə elədi:
- Qarasu tərəfdə, Küdrüdə qoyun qışlağı var ey... Orda mənim bir qardaşdığım var, sabah ona baş çəkəcəm... Bir söz var, onun yerinə çatmaq istəyirəm... Mən deyən olsa, qalacam burda...-sözünə ara verdi, ev yiyəsindən səs çıxmadığını görüb davam elədi, - Yaşamaq olmur ey özgə yerdə. Yulğunundan, qamışından başqa fərli-başlı ot, ağacı bitirməyən şoran torpaq nə şirin imiş...Camaatın gecəli-gündüzlü baltaynan, dəhrəynən qırıb-tökdüyü, doğradığı, yandırdığı o yulğun kolunun bir qırığı əlimə düşsəydi, yandırıb tütyə kimi gözümə çəkərdim. Bu günnən belə o bəndin torpağını belimdə daşıyaram, təki gor evimə yetdiyi qədər payıma düşsün... Yox, əgər mən deyən olmasa, yenə itib cəhənnəmə gedəcəm bu yerlərdən. Harda qırılar, qırılar...
Bayırın havası ikisinin də yuxusunu qaçırtmışdı. Qonaq təzədən əlini soyumuş çığırtmaya apardı, budun o birisini də dişinə çəkdi. Narı ortadan bölüb dənələdi, ağzına atmayıb ovcunda saxladı, oğlanın marağını qazanmaq üçün sifətinə qəribə ifadə verib danışdı:
-Qapını ört, özün də keç otur mənnən üzbəüz...

(ardı var)

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV