adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

RAMİN CİLOVDARLI

MƏMMƏD DƏMİRÇİOĞLU
776951 | 2014-05-03 02:01
Kağız-kuğuzlarımı sahmanlayırdım. Əlimə bir-birinə iynələnmiş bir kağız qoması keçdi. Şeirlər toplusu idi. Elə ilk şeir məni tutdu və sonuncu səhivəyə baxıb müəllifin kim olduğunu bilmək istədim, imza yox idi. Xeyli fikirləşdim ki, kimin ola bilər bu doğma ətirli şerlər?

***
Ərşə çəkdi odumu,
Baxt deyilən budumu?
Taxt deyilən budumu?
Düşdüm, könül adamı.

Gülü yaza tanıtdım,
Könlü saza tanıtdım,
Dili sözə tanıtdım,
Qoşdum, könül adamı.

Mən gəzənlər ayrıdı,
"Könlüm ondan sayrıdı".
Hər nə gördüm əyridi,
Çaşdım könül adamı.

Çağdaş poeziyamızda öz dəsti-xətti ilə tanınan və çox sevilən qocaman şair dostum Məmməd Aslan, görüşlərimizin birində söylədi ki, Dəmirçoğlu, mötəbər bir məclisdə səndən söz düşmüşdü. Nə gizlədim, sənin şeirlərini çox təriflədim və hətta söylədim ki, Dəmirçioğlu bu günümüzün ən yaxşı şairlərindən biridi. Amma bu sözü qəbul etməyən digər bir tanınmış şair ağız büzdü ki, onu ki heç kim tanımır, məşhur deyil, ədəbi səhnədə çox az görünür, ayıb deyilmi sən boyda şair onu bizə tay edirsən. Mən isə cavabında söylədim ki, bizim elə bəlalarımız burdan başlayır...
Təbii ki, mən Məmməd abimə öz təşəkkürümü bildirmişdim. Bəzi adamlar onu sərt adam kimi tanıyırlar. Amma o, sözü Tanrısı kimi sevdiyindən sözə qiymət verir, müəllifə yox, məhz sözə.
Şeir buketinin ikinci nümunəsini də oxudum.

***
Bu qurduğun alaçıq,
Sənin olmaz, belə çıx.
Naqqa sarı yol açıq,
Varmaq istərsən, gedək.

Zimistanda gülmüşük,
Dünya bizim bilmişik.
Kimik, hardan gəlmişik?
Sormaq istərsən, gedək.

Yol gedənə yol yoldaş,
Ağac-daşı bol, yoldaş.
Dünya durduqca, qardaş,
Durmaq istərsən, gedək.

Nə gizlədim, könlümdən bir hiss də keçdi:-" Kaş bu şeirləri mən yazmış olaydım". Haqqı öyən Məmməd abi demiş, gərək hər kəsin halal haqqını vaxtında verməkdən çəkinməyəsən. Ola bilər bir az ifrata varım. Amma ettiraf edim ki, bu şeir nümunələrini oxuduğum zaman keçirdiyim hisslərdi.
İlk nümunə Məhəmməd Astanbəylini xatırlatdı. Xeyli tərəddüddən sonra ,"-Akifə də çox oxşayır"- deyə düşündüm. Eyni zamanda müəllifin bir təsəvvüf aşiqi olduğunu da sezdim və ikinci nümunədə Şah Xətayinin səsini də eşitdim":İçdiyim aslan südüdü, İçə bilirsən, gəl bəri"
Sonuncu şeiri oxuyarkan müəllifi dərhal tanıdım, eyni zamanda özümü çox məzəmmət etdim. Axı Ramin Cilovdarlının kitabına həm ön söz yazmışam, həm də kitabın tərtibatına rəssamlıq etmişəm. Tanıdım Ramin Cilovdarlını, bir daha tanıdım:
***
Zülüm dərdmiş bu dünyada,
Əhlihal olmaq Ormanlı.
Bir sızqa ömürdın yaxşı,
Bir an sel olmaq, Ormanlı.

Qalmaz, ya bir sözüm qalar,
Nə dünyada gözüm qalar.
Odum sönər, közüm qalar,
Qorxum kül olmaq, Ormanlı.

Qınadım, bəxt sərt ha deyil,
Yaşadığın vaxt ha deyil.
Bu dünyada dərd ha deyi,
Dərdi bol olmaq, Ormanlı.

Dərdi yalandan sevənlər də var. Adını çəkməyəcəm. Akif Səmədin ölümünün qırxı günündə adını çəkmədiyim, daim ölümə salam verən, hər misrasında dərdə söykənən, şeirlərini sevə-sevə oxuduğum bu şair dostumun əhvalı pisləşdi. Rəngi kağız kimi ağarmış şairi ürəyi silkələmişdi. Özünü mənə yetirdi ki, tez mənə bir ürək dərmanı tap. Oğlumu tələsik aptekə göndərdim. Valerian alıb gətirmişdi. Şair dostum görünür birinci dəfəydi dərman qəbul edirdi. " Məmməd, bu canıma ziyan etməzmi?"- deyib, dərmanı dilinin altına qoymağa qoruxdu. "Canı üçün necə əsirmiş!" - deyib, içimdə xeyli güldüm. Ölümdən nə qədər qoruxduğunu aydınca sezdirdi, hər addımbaşı ölümə salam verən şair dostum.
Lətifəsi Ramindən uzaq olsun. Ramin də kitabının adını "Dərdə salam" qoymuşdu. Görünür dərdi dərk edib. Dərdi, ölümü dərk etmədən ona salam verməzlər, məncə. Dərdi şairdən başqa heç kəs olduğu kimi dərk edə bilməz. Əslində elə adamı şair edən də əlahəzrət dərddir. Dərdin özü də fərqlidi. Dərd fərdi olanda dərd ola bilməz. O dərd adamı şair edir ki, o dərd hamının dərdidi, o dərdi vəsv edən şeiri oxuyan hər kəs "bu mənim dərdimdi"-deməlidi.
Ramin dərdi ona görə sevmir ki, dərd gözəl bir şeydi. Sevir ki, Allahın göndərdiyi dərdi də sevmək lazımdı. Onu sevə-sevə çəkmək lazımdır ki, dərdi bol olanlar usanmasınlar.
Könül dostu Həmid Ormanlıya ünvanladığı nümunəsində bu fikirləri açıqlamağa çalışıb.
Yaşadığımız əsrimizin əvvələrinin ədəbiyyat tarıxını təşgil edəcək şairlər, yazıçılar, sənət adamları yetişirmi görəsən? Bu ağır suala bilmirəm kim cavab verə bilər. Gəlin ədəbiyyatımızım bu gününə nəzər salaq. Ümid verici gənclərimiz az deyi, amma XX əsrin əvvələrində yetişmiş Üzeyir Hacıbəyov, Müşfiq, Cavid, S.Vurğun, C.Cabbarlı, Sabir və s. kimi şəxsiyyətlər yetirə biləcəkmi bu əsrin əvvəlləri?
İndi bayağılıq baş alıb gedir. Şair ata oğluna papulyar olmaq üçün riyalar öyrədir, sözün nə olduğunu dərk etməyənlər adlarının başına "ŞAİR"möhürü vurur, mahnılarımızın mətinlərini yazan ən duyğusuz "şairlər" gündə tele məkanlardan meydan sulayır, abrına qısılmış əsil söz adamları isə bu boy vermiş alaq otlarının içində görünməz olublar.
Dahiləri zaman, mühit və cəmiyyət yetişdirir. İndi şairdən dəyərsiz, yalnız dilənçilərdi. Şeir yazana ağız büzənlər də çoxdu. Məni, bu fikrimə görə məzəmmət edən "şairlər" olacaq. Bu fikirlər nə şairi alçaltmır, nə də sözü. Bu sadəcə dövrün, zamanın və dahilər yetişdirəcək cəmiyyətin düşdüyü acı həqiqətlərin görüntüləridi.


***
Hardasa qərib səsdim,
Gəldim dünyaya, küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.

Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz nə çəkdim,
Ya da nə duydum getdim.

Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim.

Ramin çox gəncdir. O şair olmaq üçün yazmır. Ona şairsən deyəndə utandığından rəng alıb, rəng verir. Amma elə yazarlar var ki, gündəmdə qalmaq üçün min cür hoqqalardan çıxır, bu tədbirdən çıxmamış başqa tədbirə tələsir, tele ulduza dönməyə çalışırlar, bəzi tənqidçi tərifçilərin sifarışlə yazılmış dadlı, boyalı təriflərindən məst olub dahilik iddiasında bulunurlar.
Çox arzu edərdim ki, bu günün böyük sənətkarları halal haqqı olan söz adamlarımıza qısqanclıqla yanaşmasınlar. "Böyklərdən yaz ki, böyük olasan." Şüarında bir şəxsi mənafe var. Elə böyüklər var ki, onlar quzey qönçəsi kimi baxımsızdılar, qayğıdan uzaqdılar. Onları da yad edin, hala haqlarını verməyə tələsin.
Ramin Cilovdarlının bir neçə şeirini sizə ərməğan edirəm. Bu şeirləri musiqi kimi dinləyin, Çingiz Əzizin akvarel əsərləri kimi seyrinə dalın, Raminin öz barmaqlarıyla dinən qara sazın avazı kimi qəbul edin.
***
Allaha nə var ki, abi,
Hər nə çəkir bəndə çəkir.
Ya bəllənir saçlarında,
Ya da ürəyində çəkir.

İnsan-insan olsa kəndi,
Nə əyilən nə çökəndi,
Ürək dərdə suçəkəndi,
Yanından ötəndə çəkir.

Ömürdümü, bu ömür də,
Ya buyruqda, ya əmirdə,
Siz çəkəni bu ömürdə,
Yazıq Ramin gündə çəkir.

***
Hər şeyin bir vaxtı var,
Vaxtdı elə bilerəm
Haqqdan gələn nə varsa,
Haqqdı elə bilerəm.

Bahar ötüb qış gəlir,
Dünya daha boş gəlir,
Başıma hər iş gəlir,
Baxtdı elə bilerəm.

Nə yanarsız ömrümə,
Bürünmüşəm abrıma,
Qoyun gedim qəbrimə,
Çoxdu elə bilerəm.

***
Ömrümü yollarına,
Sərdim, halalın olsun,
Könül nədi, ruhumu,
Verdim, halalın olsun.

Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı,
Gördüm, halalın olsun.

Baxışların nə laldı,
Nə verdisə məlaldı.
Nə verdimsə haladı,
Dərdim, halalın olsun.

P.S.İtalyada düzənlənmiş dünya rəssamlarının əsərlərindən ibarət sərgidə həmyerlimiz, Azərbaycanın dahi rəssamı Səttar Bəhlulzadənin də bir neçə əsəri nümayiş etdirilirdi. Dünya mükafatı lauryatı, İtaliyalı rəssam Renaldo Quttuzo Səttar Bəhlulzadənin əsəri qarşısında xeyli dayanıb deyir: " Bu rəssam sağ olsaydı gedib əllərindən öpərdim". Onu əhatə edən, italiyanın görkəmli şəxsiyyətlərindən biri Quttuzonu məzəmmət edir": Bu rəssam cırtdan bir ölkənin rəssamıdı. Sən bu sözlərinlə tək özünü yox, dünya incəsənətinin beşiyi olan İtalyanı da təhqir etmiş olursan." Quttuzo isə təmkinini pozmadan": Bəşəri sənətkarların vətəni, irqi, milliyəti, dini olmur." -deyib dostunu susdurur.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV