GüNAH

ƏBÜLFƏT MƏDƏTOĞLU
29698 | 2006-10-14 08:54
Son hadisə (söhbət Fransa parlamentinin oyunbazlığından gedir) mənim bir daha hələ Qarabağ hadisələrinin ilk günlərində, yəni 1989-cu ildə yazdığım bir məqaləni yadıma saldı.Həmin məqalənin təxminən başlığı beləydi":: "Bakıdan baxanda Xankəndi görünmür". Bunu elə-belə yazmamışdım. Çünki Qarabağ hadisələrinə qədər də Dağlıq Qarabağda doğulub-yaşadığımdan orada nələr baş verdiyini ermənilər barəsində kənardan müşahidələrini yazanlardan daha yaxşı bilirdim. Və bu yazıya görə bəzi qınaqlara tuş gəlsəm də mən içimdə haqlı olduğuma əmin idim. Çünki qəti şəkildə görürdüm, hiss edirdim ki, Bakıda ən ucqar nöqtədə dayansan belə Xankəndini görmək mümkün deyil. Çünki Bakıyla Xankəndi arasında Kreml dayanmışdı. Məhz Kremlin zəhmi o qədər qatı bir duman yaratmışdı ki, Bakının gücü o dumanı yarıb keçməyə çatmırdı. Və hətta heç buna Azərbaycanın o vaxtkı rəhbərliyi cəhd də göstərmirdi. Hər kəs öz sakit həyatını yaşamağa üstünlük verirdi. Biz isə...
   
   Tuğ kəndində orta məktəb onillik təhsil verirdi. Həm ermənilər, həm də biz bu məktəbdə birgə oxuyurduq. Az qala siniflər də iç-içəydi. Elə bir görüntü yaranmışdı ki, sanki burda başqa-başqa millətlərin deyil, yalnız bir millətin nümayəndəsi yaşayır, oxuyur. Amma xırdaca bir uşaq dava-dalaşından tutmuş futbol meydançasına çıxmağa qədər və yaxud da qışda qartopası oynamağa qədər xırda məqamlarda dərhal milli ayrılıq üzə çıxırdı. Ermənilər öz komandalarını toplayıb (dalaşanda da) bir dəstə olurdular və bizlərə öz ləhcələrində "tork" deyirdilər, yəni "türk". Açığı buna nə biz reaksiya verirdik, nə bizdən böyüklər. Demirdilər ki, bu türk məsələsi nə deyilən şeydi. Tək bircə dəfə kəndimizdə Cümhuriyyət vaxtında yasavul işləmiş çox yaşlı bir kişi nəyəsə əsəbləşmişdi və özündən asılı olmayaraq dedi ki, bu gavurları mən yaxşı tanıyıram, kənddə qız-gəlinin kürəyinə qaynar samovarlar bağlayırdılar, kürəklərinə damğa vururdular. Yaxşı ki, türklər gəldi, bizləri bunların əlindən aldı... Bu sözlər yaddaşımda ilişib qaldı. Sonralar kəndimizin bir çox yaşlı adamlarından da erməni-müsəlman davaları barəsində xeyli söz-söhbət eşitdim və gördüm ki, bədii əsərlərdə tərənnüm olunan Tuğdakı erməni-müsəlman dostluğu ayrıca bir təbliğatın sabun köpüyü imiş.
   
   Bunu Qarabağ hadisələri bir daha təsdiq etdi. Orta məktəbin sonuncu sinfində düşünürdük ki, hər iki onuncular, yəni erməni sektorunun və bizim uşaqların birlikdə buraxılışını təşkil edək. Xatirə şəkillər qalsın, amma həmin o dilindən "tork" sözü düşməyən ermənilərdən biri bu məsələyə pəl vurdu. Niyyətimiz baş tutmadı. Hadisələr başlayanda da həmin o erməninin kəndimizdəki o vaxtkı terminlə desək ekstremist dəstənin başçısı olduğu ortaya çıxdı və onunla birlikdə Livandan, Fransadan, eləcə də digər yerlərdən gələn və özlərini bizlərə arxeoloq kimi təqdim edən saqqalı ermənilər kəndin dörd həndəvərindəki qədim abidələri gözdən keçirməyə, erməniləşdirməyə başladılar. Bakıya ünvanlanan məktublar isə bizim özümüzü günahkar etdi. Çünki məktublar araşdırılmaq üçün Xankəndinə göndərilirdi. Erməninin nələr etdiyini guya ki, araşdırıb müfəssəl məlumatlar verəcəkdi. Amma insafən verdi də... Bizləri verdi, qovdu, ev-eşiyimizi yandırdı, gülləboran etdi...
   
   Son hadisələrə hərənin müxtəlif bucaqlardan olan baxışlarına nəzər salanda, eşidib-dinləyəndə istər-istəməz günahım yadıma düşür, bu günahım da türk olmağımdır. Türk olduğumdan hamı tərəfindən təklənirəm, çünki dünyanın böyük güc mərkəzlərindən, dövlətçilik ənənələrindən və nəhayət, tarixi şücaətlər salnaməsindən xəbərdar olanlar türkün kimliyini bilir və içindəki məkri, kini-küdurəti boğa bilmir. Yenidən türkün yumruq düyəcəyindən, öz sözünü ortaya qoyacağından çəkinir, qorxur. Bax, elə bu qorxu da türkə qarşı qəzəbə, nifrətə çevrilir, özü də düşünülmüş şəkildə. Amma keçməz. Çünki türkün qədim bir atalar məsəli var. Deyirlər ki":: İtdən soruşurlar, niyə hürürsən, deyir qorxuduram. Bəs, onda quyruğunu niyə bulayırsan, cavab verir ki, qorxuram. İndi türkdən qorxanlar həm hürürlər, həm də quyruq bulayırlar. Olsun, onlar hürdükcə, quyruq buladıqca biz türk olduğumuzu daha çox anlayır, daha çox özümüzə qayıdırıq. Axı türk özünə qayıdanda daha böyük olur. Bax, elə o böyüklükdü bizim günahımız.!

TƏQVİM / ARXİV