LAZIM GƏLSƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
27342 | 2006-10-10 10:05
Biz doğrudan doğruya çox müdrik xalqıq.Və müdirik olduğumuzu dünyana sübut etmək üçün,dağa-daşa düşüb dəlil-sübut axtarmağa heç iynənin ucu boyda da olsun ehtiyac yoxdur. Çünki müdrikliyimiz göz önündədir.Sadəcə, görmək istəməyənlərə məsləhət üçün deyə bilərəm ki, açın tarix kitablarını və oxuyun. Özü də məsuliyyət və vicdanla oxuyun! Onda bu xalqın içərsindən boy atıb çıxmış onlarca elm, sənət, ədəbiyyat, siyasət, həmçinin hərb sənətinin sayılıb- seçilən simalarının adları qarşısında durmalı olacaqsınız.
   
   Biz doğrudan doğruya çox xəyalpərvər xalqıq.Və xəyalpərvər olduğumuzu sübut etmək üçün, həqiqətəndə çöllərə düşüb fakt axtarmağa vaxt ayırmaq və bu ayrılmış vaxtı da elə çöllərdəcə itirməyə zərrəcəndə olsa ehtiyac duyulmur. Çünki xəyalpərvərliyimiz göz önündədir. Maşallah hamımız yazırıq. Özüdə hamıdan və hər şeydən. Özüdə bütün janırlarda. Şer məsələsində də özgə bir aləmik. Xəyalpərvərliyimiz o qədər bizə güc gəlibki, necə deyərlər "quymaq vurub diş sındırıb". Ona görədə xəyalən bir anda bütün məmləkəti, illahdaki işğal altında olan torpaqlarımızı gəzib, dolanıb gəlirik. Buna istənilən vaxt ziyarət etmək də demək olar. Həm də bu xəyali gəzintinin çox müsbət təsirləri də var.
   
   Birincisi, heç kimə, o cümlədən qurd-quşdan tutmuş suya-daşa, ota-ələfə kimi, bir sözlə heç nəyə zərər toxumadan səyahətlər edirik. İkincisi, bu "səyahətlər" pulsuz olduğundan bir növü sağlamlıqdır. Üçüncüsü, xəyallarda tam sərbəstlik, əsil azadlıq var. Nəyi necə istəsən düşünə və xəyalında onu Qarabağ aşına da çevirə bilərsən, Bakı düşbərəsinə də... Lap bərk gedib istənilən vəzifəni də tutub, istənilən səlahiyyətlərin də sahibi ola bilərsən. Ona görə ki, xəyallar aləmində heç kim sənin qarşına çöp də çıxara bilməz.
   
   Biz doğrudan doğruya çox dözümlü xalqıq. Bunun da sübutu üçün "evrika!" qışqırmağa ehtiyac yoxdur. Ona görəki, biz işıq, qaz, su, lift, marşurut sürücüsündən tutmuş ta müxtəlif vəzifə sahiblərinin özbaşınalıqlarına, süründürməçiliklərinə, ordudakı bir para zabitlərin "kontur" istəyindən əsgərin şəraiti məsələsinə qədər, qısası hər cür özbaşınalıq və qüsurlara sakitcə "eh!" deyiriksə, deməli biz dözməyi bacarırıq.Hələ bu harasıdı...
   
   Biz əməlli-başlı səbirli xalqıq. Təkcə işğal altında olan torpaqlarımızın həsrətinə necə dözdüyümüzü, dözə-dözə də necə səbir və təmkin nümayiş etdirdiyimizin şahidi olanların necəsinin bizə həsədlərindən ürəklərinin bomba kimi partladığını yada salmaq məncə bəs edər. Mən hələ bizdən nümunə götürərək problemin həllini günbəgün ləngidən, çəkib İran saqqızı kimi uzadan beynəlxalq təşkilatları demirəm. Siz özünüz də şahidsiniz ki, səbir nümaiş etdirməkdən və bu hesaba da səfərləri boyu yeyib içməkdən həmsədrlər nə qədər əmələ gəliblər, yumuşaq desəm, lap "pıtıxlaşıblar". Bunun hamısı da bizdən öyrəndikləri səbrin bəhrəsidi.Amma...
   
   Hə, bu məqamda çox xırda bir "əmma"dan yan keçmək mümkün deyil.Çünki beynəlxalq təmsilçilər də bizim oturub gözlədiyimiz LAZIMın nə vaxt gələcəyinin xiffətini çəkirlər.Çünki onlar dilimizi bilməsələr də, kor ha döyüllər. Baxıb görürlər ki, bizim hamımız uşaqlı-böyüklü "LAZIM" deyə-deyə durub qalmışıq.Təbiiki, olar da elə-belə adamlar döyüllər. Özlərinə görə də ağılları var. Və həmən ağıllarının sözünə qulaq asıb bizim hərəkətlərimizi yamsılayırlar və lazımı da öz ləhcələrinə əməlli- başlı uyğunlaşdırıblar. Hətta, bu yaxınlarda 5 nömrəli marşurutda bir əcnəbi ilə təsadüfdən yanaşı oturmuşdum. Sürücü Allah insaf vermiş də, maqnitafona babat səs vermişdi. Oxuyanın kim olduğunu bilməsəm də, amma onun "Lazım gəlsə mən ölərəm, gülüm sənin yerinə" deyə fəryad qoparması və "lazım"ı xüsusi vurğu ilə qabartması yanında əyləşdiyim əcnəbinin də ürəyinə nehrə yağı kimi yayılmışdı. Namərd oğlu üzümə baxa-baxa yerində qurcuğur və "lazımın" qabırğaların sındıra-sındıra təkrarlayırdı.
   
   Özümdən aslı olmayaraq, qəflətən ağlıma bir fikir gəldi. Düşündüm ki, nə yaxşı bu əcnəbi bizim sağlıqlardan, mikrafon önündə deyilən gurultulu tostlardan ibarət məcilislərimizdə (xüsusi ilə sünnət toylarında), toplantı və mitinqlərimizdə iştirak etməyib. Yoxsa, o ya bizim hamımıza "LAZIM" deyə müraciət edəcəyidi, ya da ki, o da bizlərə qoşulub "LAZIM"ı oturub gözləyəcəyidi.
   
   Eh, bir də öz aramızdı, bizlər çox, lazım isə tək... Bu bədbəxt hansımızın üzünə gəlsin.Ümumiyyətlə, aramızda lazım gəlsə lazımın ardınca getməyə hazır olan kimsə var. Mən şəxsən hələ ki, belə birisini tanımıram. Bircə onu bilirəm ki,(qoy bütün dünüya pambıq tıxanmış qulaqlarını açıb eşitsin) LAZIM GƏLSƏ BİZ TORPAQLARIMIZI QANIMIZ BAHASINA AZAD EDƏCƏYİN!
   
   
   
   P.S. Başına dönüm ay LAZIM, bəlkə bizi sınamaq üçün ayağını bu tərəflərə də qoyasan.Lap elə-belə...Qısa müddətə, tutaq ki, lap məzəyə...Elə cəmi bircəcə dəfə...

TƏQVİM / ARXİV