adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TALELƏRİ ƏBƏDİLƏŞDİRƏN ADAM...

BABƏK YUSİFOĞLU
45869 | 2014-04-29 00:55
Məndən yaşca xeyli böyük olan dostlarımdan biri vaxtıyla belə bir söz söyləmişdi: arzusunda olduğun nəyəsə çatmaq istəyirsənsə, durmadan halallıqla çalış, Allah mütləq sənin üçün həmin yoldakı qapıları açacaq. Özü də mütləq açacaq. Yetər ki, sən çalış, sən cəhd elə...
Əslində bu bir elmi tezis, aksiom və ya fəlsəfi kəlam olmasa da həyatım boyu söylənənlərin doğruluğunu gördüm. Və bunu təsdiqləyən nümunələri sadalamaqla mümkün deyil.
gO da arzuladıqlarının, yaşamaq istədiklərinin ardınca getdi... Bəlkə özünün də xəbəri yoxdu, amma Tanrı həmin yolda önünü işıqlandırdı... Əgər belə olmasaydı dünya onu tanıya bilməzdi... Əgər belə olmasaydı milyonların sevgisini qazanmazdı...

(Əvvəli qəzetin 22 aprel sayında)

Əlbəttə, bütün bu uğurlar haqqında danışarkən həmin dövrdəki kino sənayesinin imkanlarını, mövcud texnologiyaları, maliyyə resurslarını, ictimai tələbləri... mütləq nəzərə almaq lazımdır. Söhbət 50 il bundan öncəki şəraitdən, 50 il öncəki imkanlardan gedir. Fellinisiz bütün bu uğurlar mümkün ola bilərdimi? Yəqin ki, yox.

"QIZIL QLOBUS"

Fellini bilirdi ki, tamaşaçı sevgisi, tamaşaçı alqışları hər bir yaradıcı insan üçün bütün mükafatlardan üstündü. Bu, müəllifə elə bir stimul bəxş edir ki, onu digər yollarla qazanmaq mümkünsüzdü. Amma bununla belə, rejissora o da məlum idi ki, gözlər önündə olan birisi üçün hər şeyi itirmək elə də çətin məsələ deyil. Yetər ki, insanların ümidlərini bir neçə dəfə doğrultmayasan. Kütlə sevdiklərini yuxarıda alqışlamağı istəyir.
Federiko Fellini növbəti filmin axtarışlarını bitirdikdən sonra "Cülyetta və ruhlar"ın çəkilişinə başladı. Bu dəfə də baş rolları istedadına inandığı Mastroyanniyə və Cülyetta Mazinaya həvalə etdi. Uzunmüddətli zəhmət növbəti dəfə başladı. İş tamamlanandan sonra Federiko hər şeyin yaxşı alındığını düşünsə də belə olmadı. Film tamaşaçılar tərəfindən heç də ruh yüksəkliyi ilə qarşılanmamışdı. Bəzi tənqidçilər də lentə layiq olduğu qiyməti verməmişdi. Rejissor bəlkə də belə qarşılanmanı problem kimi önünə qoymayacaqdı, amma işlər daha ciddi şəkildə pozulmağa başlamışdı.
Əsərindən gözlədiklərini almayan Fellinini, həm də hökumət idarələri vergidən yayınmaqda günahlandırmağa başladılar. Proses hətta məhkəməyə qədər gedib çıxdı. Amma bütün dartışmalara, gətirilən sübutlara baxmayaraq məhkəmə onu günahkar bilərək cəzalandırdı. Federiko Fellini əlavə olaraq dövlətin hesabına daha 200 min dollar pul ödəməli idi. Bu, həmin dövr üçün çox böyük məbləğ hesab edilirdi. Və belə həcmdə olan pulun onların hesabından çıxması təxminən müflisləşməyə bərabər idi. Məhkəmənin ədalətsiz qərar qəbul etdiyini bilsə də Fellini həmin cəriməni ödədi.
Bundan sonra Fellinilər zəhmətləri hesabına özləri üçün qurduqları rahat, firavan həyatdan imtina edərək çox sadə yaşam tərzinə keçdilər. Məhz həmin ərəfədə - 1966-ci ildə keçirilən kino festivalında "Cülyetta və ruhlar"ın "Qızıl Qlobus" qazanması onun üçün çox şey demək idi. Uzun müddət üzərində əziyyət çəkdiyi bu filmə bəslədiyi ümidləri sanki ədalət işığında əfv olunmuşdu.
Gərgin işi, yaşadığı müxtəlif cür həyəcanlar onun səhhətinə mənfi təsir göstərmişdi. Ona görə də 1967-ci ilin əvvələrində vəziyyəti qəfildən pisləşən rejissor xəstəxanaya yerləşdirilidi. Sinəsində başlayan ağrılar o qədər şiddətlənmişdi ki, Fellini hətta tezliklə həyatla vidalaşacağını düşünürdü. Lakin hər şey onunçün yaxşı qurtardı. Bir müddətdən sonra sağalan rejissor yenidən öz əvvəlki iş rejiminə döndü. Və sonralar bununla bağlı o belə yazmışdı: "Ölümlə görüşüm bir daha özümə sübut etdi ki, mən necə güclü şəkildə həyata bağlıyam..."

MAŞIN SÜRMƏKDƏNQƏTİ İMTİNA ETDİ...

Həqiqətən də belə idi. O çalışır, axtarır, ən başlıcası da çəkirdi: həyatın min bir üzünü, insanların ən müxtəlif hallarını... Görmək istədiklərini, fərqli insan talelərini... lentlərdə əbədiləşdirirdi. Əlbəttə, bu sırada Roma haqqında düşündüklərini yaddan çıxarmaq olmaz. Çünki Federiko həmişə özünə sual verərdi ki, Roma onun üçün nədir. Və uzun illər bunun cavabını tapmağa çalışmışdı.
1972-ci ildə çəkdiyi "Fellinin Roması" filmini elə həmin fikirlərin axatarışları hesab etmək mümkündü. Lakin həmin sualın cavabı təkcə bu əsərlə bitmədi. Mövzunu davam etdirməyə qərar verən Federiko Fellini budəfəki lentində paytaxtdan deyil, bir zamanlar göz açdığı, ilk dəfə dünyayla tanış olduğu Riminidən bəhs edirdi. Xatırladım ki, "Amarkord" adlanan həmin filmin ssenarisini o, Tonino Querro ilə birlikdə yazmışdı. Əslində "Amarkord" yaradıcılığın zirvəsinə ucalmış bir insanın dünyaya, ictimai mühitə, insanlara, həyat reallıqlarına uşaqlıq dövrünün pəncərəsindən baxışı idi. Hər şeyi olduğu kimi görmək istəyi idi...
Bu filmi də Fellinin şedevrlərinin sıırasına yazmaq mümkündü. Tamaşaçılarsa sevimli rejissorlarını yenidən öz zirvəsində alqışlamaqdaydılar. Və elə həmin il - 1973-cü ildə "Amarkord" növbəti "Oskar" sevincini Felliniyə yaşatdı.
Dünyanı fəth etməkdə olan rejissorun ən çox xoşladığı məşğuliyyətlərdən biri avtomobil sürmək, maşınla dolaşmaq idi. Buna görə də rejissorin ən son dəb "Yaquar"ı olsa da sonradan özünə "Şevrolet", daha sonra isə "Alfa-romeo" almışdı. Və yaxaladığı ən kiçik fürsətdə avtomobilində gəzərdi. Amma... Günlərin birində avtomobili ilə gəzintiyə gedən Federikonun önünə qəfildən velosipedli bir oğlan çıxdı. Özünü itirən rejissor yaxşı ki, son anda qəzanın faciəyə çevrilməsinə imkan vermədi. Həmin hadisədə kimsə cüzi fiziki xəsarət almasa da dərin sarsıntı keçirən Fellini elə həmin gün maşınını bir alman turistinə sataraq bir daha özü rul arxasına keçmədi.

MÜKAFATLARIN, ALQIŞLARIN İŞIĞINDAKI YOLUN SONU

Federiko Fellini yaradıcılığından, filmlərindən danışmaqla qurtarmaq mümkün deyil. Çünki yaratdığı obrazların, təsvir etdiyi həyat səhnələrinin, bəhs etdiyi mühitin çalarları inanılmaz dərəcədə zəngindir. Fellini filmləri real həyatın, insanların, baş verən hadisələrin ekranda əksdir. "Satrikon" (1969), "Klounlar" (1970 - televiziya filmi), "Orkestrin məşqi" (1978), "Gəmi isə üzür" (1983), "Kazanova" (1976), "Müsahibə" (1987)... filmləri bir çox beynəlxalq mükafatlara, nüfuzlu fəxri adlara layiq görülmüşdür. Həmin sırada 5 "Oskar"dan tutmuş "BAFTA"yadək, Venetsiya kinofestivalının "Qızıl şir"inədək, Yapon İmperator mükafatınadək hər cür təltiflər vardır.
Dünya şöhrətli sənətkarın ən sonuncu filmi, 1990-cı ildə çəkdiyi "Ayın sədası"dır ki, rejissor bu dəfə maraqlı bir üsulla həyatı tamaşaçıya göstərir. Yazıçı E. Kevatsonnin povesti əsasında çəkilən bu lentdəki hadisələri Fellini ruhu xəstəxanadan lap yenicə çıxmış fağır bir dəlinin gözüylə təqdim etmişdir. Tamaşaçı filmdə sanki bu dəfə həyatı daha tünd rənglərilə görür. Çox maraqlı səhnələrlə zəngin olan "Ayın sədası" uzun zaman ekranları bəzədi.
Nəhayət dünya kino sənətinə göstərdiyi xidmətlərinə görə, rejissor fəxri "Oskar"la da təltif edildi. 1993-cü ildə bu sevinci yaşayan Federiko Fellini əslində çəkdiyi zəhmətlərin əvəzini yaradıcılığı boyu almışdı: tamaşaçılarının, pərəstişkarlarının sevgisini, məhəbbətini... İndi arzuladığı isə elə həmin ilə təsadüf edən Cülyetta ilə "qızıl toy"larının il dönümünü dostlarının, yaxınlarıının əhatəsində bayram etməkdi. Bu, 30 oktyabrda olacaqdı. Lakin oktyabrın düz ortasında halı pisləşdiyi üçün Fellinini xəstəxanaya yerləşdirdilər. Diqnoz onun yaşında olan birisi üçün elə də sadə görünmürdü: insult. Və həkimlər bu dəfə onu xilas edə bilmədilər. Dünyanın nəhəng kino xadimlərindən biri, məşhur rejissor, milyonların sevimlisi 31 oktyabrda əbədiyyətə qovuşdu.
Bioqraflar yazırlar ki, böyük maestronun dəfn günü şəhərdə nəqliyyatın hərəkəti dayanmışdı. Çünki insanlar son vida üçün axın-axın küçələrə çıxmışdılar. Fellini alqış sədaları altında haradakı doğulmuşdu, elə orada da torpağa verildi: kiçik sahil şəhəri Riminidə...
Cülyetta Mazina 50 il və bir gün birgə ömür keçirdiyi ərindən sonra cəmi 5 ay yaşadı. Ölümqabağı o, yaxınlarından bircə şeyi xahiş etmişdi: onu əlində Federikonun portretiylə torpağa tapşırsınlar...

BABƏK YUSİFOĞLU
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV