adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Yazıçı sənin kimi olmur, Eduard

CEYHUN MUSAOĞLU
56348 | 2014-04-26 07:46
Nə qədər ki, Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistanın işğalındadı, erməni xalqı, hakimiyyəti, fərdi bizim xalqın, hakimiyyətin və fərdinin düşməni olaraq qalacaq.

Bir erməni göstərə bilərikmi, ölkəsini işğalçı adlandırsın? Faktı desin. Desin ki, Azərbaycanın ərazilərinə soxulmuşuq, ordakı insanları qırmışıq. Mümkün deyil. Əksinə, "qırılmışıq" iddiasını küçə itinə döndərib türklərin üzərinə qısqırdırlar. Erməni adamlar, itinizi qapınıza bağlayıb, arxivlərə daxil olun. Hürüşmə kəsilsin, araşdırma başlasın. Türkiyə arxivləri üzünüzə açıb. Nə tapsaz sizindi. 

Axtarmırsız. Cəhd belə göstərmirsiz. Bəli, Cənab Eduard Bağırov, axtarmırlar, ona görə də qırıldıqlarını sübut edən fakt tapa bilmirlər. Bəs sən hardan müəyyənləşdirdin ki, türklər ermənilərə soyqırım yaşadıb? 
Bloqunda yazırsan ki, "Ermənilərə 1915-ci ildə Türkiyədə soyqırıma məruz qalmalarının ildönümü münasibəti ilə başsağlığı verirəm". Titulun da var - yazıçı. Təqdimatında "Azərbaycanlı əsilli" yazırlar. Azərbaycanlı? O hansı azərbaycanlıdı elə? Erməni silahlıları tərəfindən yurdu işğal edilən, özü qətliama məruz qalan azərbaycanlı? Qatil cinayətini etiraf etmək əvəzinə "əcəb eləmişəm" deyir. Sən azərbaycanlının üzünə durur. Yazıçısan, təxəyyülün geniş olmalı, istedadın aşıb-daşmalıdı. Qatili ifşa etmək bacarığın məndən min dəfə güclü olmalıdı. Bəs hanı? Orxan Pamuk olmaq arzun var. Aydın görünür. Aydın görmürsən. Pamuk "soyqırımı" təsdiq edənə qədər artıq yüzminlərin oxuduğu yazıçı idi. Dəyərli romanları əl-əl gəzirdi. Bəs sənin nəyin var ortada? Hansı əsərin ədəbiyyat dünyasını silkələyib? 

Bu suallara cavab vermədən faktı təhrif edən yazıçıya qarşı "Eduard Bağırov qələt eləyib, başını divara döyüb" reaksiyası gözləniləndi. Həm də bu fikri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyir. Anar Azərbaycan xalqının oğludu. Damarlarında türk millətinin qanını daşıyır. Əksər oxucu onun əsərlərini bəyənir. Anar haqqı olan yazıçıdı. Eduard Anarın haqsız düşməninə dəstək verir. Niyə cavab almasın? Aldı. Əslində susmalıydı. Anlamalıydı. Susmadı. Daha "anlamadı" yazmıram. O yazır: "Mən çox təəssüf edirəm ki, məzarın iki addımlığında duran və praktiki olaraq Allahla üzbəüz dayanmış ağsaqqal yazıçı öz xalqını, qadınlar və uşaqlar da daxil olmaqla nifrətə və qonşuları ilə qanlı qırğına çağırır. Anar müəllim, yazıçılar belə olmur. Belə ancaq təşviqatçı və təbliğatçılar olur. Bu isə başqa peşədir".

Eduard müəllim, yazıçı məhz belə olur. Eduardların tənəsinə tuş gəlməsin deyə, təşviqatçı və təbliğatçılığı "yazıçılğa qurban verənlərin qurbanı Zəngəzur, İrəvan oldu. Zori Balayana isə bir Eduard çıxıb "təşviqatçı və təbliğatçı" damğası vurmadı. 

Eduard müəllim, kimin Allahla üz-üzə, yaxud arxa-arxaya dayandığını, məzarla hansı məsafədə olduğunu ölçən cihazın adı nədi? Bəlkə ölüm mələyisən, xəbərimiz yox? "Mələk yazıçı", qanadların mübarək. 
Amerikalıların hazırladıqları proqram üzrə müxtəlif universitetlərin jurnalistika fakültələrində təhsil alan tələbələr üçün təlimlər keçirilir. Təlimlərdə tələbələrin beyninə ciddi-cəhdlə yeridilir, jurnalist müharibə şəraitində tərəf tutmadan xəbər yaymalıdı. Bunu o Amerika təlqin edir ki, İraqa girəndə bütün yerli xəbər bürolarını dağıtdı, dünyaya özünün CNN-i vasitəsi ilə informasiya ötürdü. 
Bax belə, "Mələk yazıçı".


TƏQVİM / ARXİV