RUHUNDA YALQIZLIQ HAVASI YAŞADAN ŞAİR

VAQİF YUSİFLİ
63538 | 2014-04-26 07:03
Sərvər Məsumu bəlkə də oxucular yaxşı tanımır. O, on kitabın müəllifidir, şeirləri mətbuatda az-az göründüyü kimi, özü də qaynar ədəbi mühitdə sanki nəzərə çarpmır. Amma siz onun şeirləri ilə tanış olsanız, nə zövqünüz korşalacaq, nə də vaxtınızı itməyinə təəssüf edəcəksiniz. Sevinəcəksiniz ki, istedadlı bir şairlə, onun ürək duyğularını ifadə edən şeirləri ilə baş-başa, göz-gözə dayanırsınız.

Çiçək kimi açdım, soldum,
Saçımı, başımı yoldum,
Sonda qürbət quşu oldum,
Öndə Vətən, sonda vətən,
Məndə vətən.

Sən dərdimi ellərə de,
Dənizlərə, göllərə de,
Burdan ötən yellərə de,
Öndə Vətən, sonda Vətən,
Məndə Vətən.

Hanı Ağrı, Savalanım,
Az qalıram havalanım,
Bir qayanda yuvalanım,
Öndə Vətən, sonda Vətən,
Məndə Vətən.

Vətənə, Azərbaycana yüzlərlə, minlərlə şeirlər, poemalar, nəğmələr həsr olunub. Bu da bir "Vətən"...gBir misrası belə atılmalı olmayan təmiz şeir. Vətənə məhəbbətin özünəməxsus tərzdə ifadəsi...gŞair, qürbət eldə Vətən həsrətini belə duyarmış, əsl poeziya dili ilə...g
Sərvər Məsumun şeirləri haqda söhbətə onun "Vətən" şeiri ilə başlamağımız təsadüfi deyil. Vətən onun şeirlərində kiçik bir kənddən-Ordubad rayonunun Tivi kəndindən başlanır, çox böyük, geniş ərazilərə malik, amma tarixi dönəmlərdə torpaq itkilərinə məruz qalan bir məmləkətdir. Vətən-Xudafərindir, Vətən-Savalandır, Vətən-Göyçədir, Dərbənddir, Naxçıvandır, Arazdır, Mildir, Muğandır, Xəzər dənizidir, Göy Göldür. Vətən həm də geniş anlamda böyük Türk dünyasıdır, Turan elləridir.

Mən bir qəflət yolçusuyam,
Qafiləm gedər öndə.
Mən bir yovşan qoxusuyam,
Yayılmışam bozkurlara.
İçimdə bir yarag
Ruhum dağılmış dağlara...
İstəklərim həm bu gündə,
həm dünəndə.
Turan xəritəsi sinəmdə,
Gedirəm özümə sarı.
Budur son vəsiyyətim məni,
Üzü qibləyə Savalanadır yolum..
Üzü Savalana çevirin
Borçalıya, İrəvana, Dərbəndə,
Təbrizə, Kərkükə
baxacaq qəbrim.

Sərvərin "Azərbaycan" şeiri də Vətənə həsr olunan şeirlər içində seçilməyə layiqdir.
Sərvər Məsumun şeirlərində yüksək vətənpərvərlik duyğularının ifadəsi ilə yanaşı, əslində, onun kitabdakı şeirlərinin müəyyən axarını təşkil edən bir xətti görürük. Onun şeirlərində dərdini öz içində çəkən, sanki tənhalıqdan, yalqızlıqdan ruhu sıxılan, amma həm də bu tənhalıq və yalqızlıqdan təsəlli tapan bir insanın-bir şairin səsini eşidir, bəzən pıçıltı ilə, bəzən də harayla dediyi sözlərin mənasına varırıq. Elə bil ki, Vətən haqqındakı o "uca səsli" şeirlərdən sonra səsini bir qədər bəmə keçirir, hətta pıçıltıya üz tutur, necə deyərlər, kürsüdən aşağı düşür, sakit bir guşəyə çəkilib özünə qapılır

Bu gecə geyinib
çıxdım küçəyə.
İçimdə pəmbə umud,
Başımın üstündə
yağmurlu bulud.
Məndə olan xatirələr
Donmuşdu sanki.
Uşaqlığımın ümidləri
Suya düşmüşdü,
yamyaş idi.

Yaxud, "Göz yaşı" şeiri. "Bu dünya bir göz yaşıdı Düşüb göylərin yanağına. Axır üzü aşağı. Yuxarıda günəş, ay da onun yaraşığı. Arxası üstə uzanıb seyr etdikcə göy üzünü, görürsən, dünyanın appaçıq gözünü, aydın üzünü"...
Sərvərin şeirlərində diqqəti cəlb edən xüsusiyyətlərdən biri də dilinin səlisliyi, oxucu üçün maneəsizliyidir. Onun yaxşı şeirləri ilə yanaşı, bəzi ortabab şeirləri də var. Amma bu şeirlərin hamısında dili pəltək vurmur, kobud, nahamar, şeirə gəlməyən sözlərə, ifadələrə rast gəlmirik. Həm də təzə poetik ifadələr arxasınca gedir, bədii təsvir vasitələrinə üz tutur ki, şeirlərində bir canlılıq, cilvə nəzərə çarpsın. Deyir ki: "Göz yaşımı daşa əkdim"-yaxşı ifadədir. Yaxud: "Bir parça ilğımdı, dumandı dünya". Dünyanı ilğıma, dumana bənzətməyi başqa şairlərin şeirlərində görməmişəm. Poetik sözün gücü həm də əşyanı ya mücərrəd bir məfhumu obraz səviyyəsinə qaldırmaqla da əyan olur. Bu mənada "Ruh" şeirinə diqqət edək:

Tanrısını görə-görə,
Nüfuz edər göydən yerə.
Gah qarışar könüllərə,
Qıfıl, açar olanda ruh.
Sevdiyinə əl eyləyər,
Duyan yoxsa, boynun əyər,
Bəs dərdini kimə deyər?!
Göydə naçar qalanda ruh.

Dayananda ərşə ünü,
Görər cismin ölümünü,
Tənha qalar məhşər günü,
Saçın-başın yolanda ruh.

Bu şeirdə RUH obrazı yaratmağa can atıb Sərvər Məsum və az da olsa, nail olub. Amma birinci bənddəki "Nüfuz edər göydən yerə" misrası bəyənimli deyil. "Nüfuz edər" ifadəsi bəlkə də başqa şeirdə yerinə düşərdi, amma burada alınmır. Elə buradaca Sərvər Məsumun bəzi şeirlərinin ümumi qüsurlarından qısaca söz açmaq istəyirəm. Mənim fikrimcə, "Savalanım" şeirlər kitabında bir neçə nümunə şeirə yox, publisistik şərhə oxşayır. Məsələn, "Bakı" şeiri. "Dağ üstündə Çəmbərəkənd Qaradağın ayağında, Bayıl, Bibiheybət.
Ürəyimdə bu torpağa xoş bir arzu, Xoş bir niyyət...gŞərqin Qərbə yolu Bakı! Sevinc ilə könlü, qəlbi dolu Bakı! ..Şəhərlərin gözü Bakı, Ey ürəyi təmiz Bakı, Əziz Bakı, əziz Bakı".
Öncə dedik ki, Sərvər Məsumun şeirlərində vətənpərvərlik duyğuları güclüdür və bu, təkcə böyük Azərbaycanla bağlı deyil, həm də onun şəhərlərinin, kəndlərinin, çaylarının, dağlarının təsviri ilə də davam edir. Sərvərin "Bu kənd yaman qocalıbdı" şeirini ürək ağrısı ilə oxuyursan. Doğrudan da, bir vaxt gördüyümüz, gözəl təbiəti ilə öyündüyümüz, tamaşasına durduğumuz o kəndlər indimi sifətini dəyişir, "modernləşir". Çox kənddə daha təndirlərdən tüstülənmir, güllər, çiçəklər də elə bil, gözə dəymir. Kənd hara, hasar hara?

Ağacların ayıq gördüm,
Bulaqların soyuq gördüm.
Nə bir davar, toyuq gördüm,
Gedən-gələn azalıbdı,
Bu kənd yaman qocalıbdı.
Duman sarıb dağ başını,
Sığalladım hər daşını.
Tutammadım göz yaşını,
Yalqız qalıb sozalıbdı,
Bu kənd yaman qocalıbdı.

Ötüb dövran, keçib zaman,
Unudulub yaxşı-yaman,
Buxarıdan çıxmır duman,
Bu kənd yaman qocalıbdı.

Bu şeir təkcə sosial-mənəvi aspektdə deyil, həm də nostalji duyğunun ifadəsi kimi diqqəti cəlb edir. Sərvərin bir çox şeirlərində təbiət insan hisslərinin, duyğularının doğmalığı kimi nəzərə çarpır, yəni insan hissləri ilə təbiət arasında bir ahəngdarlıq olduğu diqqəti cəlb edir. Onun dağlara aid şeirləri çoxdur. Bunlarda peyzaj səciyyəli nümunələr də var. Bir də dağlara üz tutub onlarla dərdləşmək, yaxud onların da dərdinə şərik olmaq... "Dağlar" şeirində Sərvər yazır ki: "Ruhumda bir yalqızlıq havası. Canım bir yalqızlıq yuvası. Dərdimi suya dedim, axdı getdi. Ey zirvəsi uca dağlar, dərd dinləyən, sirr saxlayan qoca dağlar. Yalnızlara güman olan, dərdi başa duman olan...gUca dağlar, axı, mənim kimim var ki, sizdən qeyri. Sizdən başqa yoxdu duyan içimdəki bu dərdləri. Uca dağlar, qoca dağlar".
Onun "Dağlara" adlı başqa bir şeiri də var. Bu şeirin bir məziyyətini qeyd edim: Sərvər Məsum qoşma yazıb. Bu, bugünkü gözəl qoşmalarımız içərisində bəlkə də sonuncu sıradadır) hər halda, sıradadır!), amma fikrin poetik ifadəsinə, klassik formaya tam mənada riayət olunmağına görə, ən əsası isə hisslərin təbiiliyinə, səmimiliyinə görə seçilir, fərqlənir. Şair, dağlarla elə bil, ən əziz adamı baxır, boylanır...g

Bəlkə gələmmədim, gözünə qurban,
Mənim salamımı yetir dağlara.
Dəyişdi zəmanə, dəyişdi dövran,
Çəkdiyim həsrəti bitir dağlara.

Çiçəklər solacaq gələnə qədər,
Sarmasın qoy səni nə qəm, nə kədər.
Gözədən yenə də bir bənövşə dər,
Oradan yayılsın ətir dağlara.

Zirvələr buluda qoy olsun balış,
Dolaş məni deyib, təkliyə alış.
Sən çağır hamını harayla, çalış,
Qoy tutsun buludlar çətir, dağlara.

Sərvər Məsumun yalnız "Savalanım" kitabına üz tutdum. Başqa kitabları da var: "Ruhumda yaşayan Vətən", "İçimdə göynəyən Vətən", "Türkün yolu", "Türkün qədəri", "Özümə yol gedirəm", "Gör nə vaxtdı qurd ulamır", "Ruhuma doğru", "Yolum millət yoludur"... Amma birgə kitabı bəs elədi ki, söz deyim... Ona uğurlar arzulayıram!

TƏQVİM / ARXİV