adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İSLAM NƏ DEYİR? - 2

SEYFƏDDİN ALTAYLI
88693 | 2014-04-26 06:59
"Alimlərin mürəkkəbi şəhidlərin qanından üstündür".
Məhəmməd Peyğəmbər


Biz millət olaraq İslamiyyəti 751-ci ildə Talas döyüşündən sonra tədrici olaraq qəbul etməyə başladıq və onuncu əsrdə İslamiyyət Türk xalqları arasında sürətlə könüllü olaraq yayıldı; çünki qədim Tanrıçılıq inamımızla İslamiyyət hər yönləriylə üst-üstə düşürdü. O gündən bəri də İslam dininə qulluq edirik. Bu din uğrunda böyük döyüşlərə girdik, Əmir Teymur, Səfəvi, Səlcuqlu, Osmanlı kimi imperiyaları yaratdıq, İslamın bayrağını üç qitədə ulu dağların zirvələrinə sancdıq və altı əsrdən də çox dünyaya ağalıq etdik. Əsrlər boyu İslam dininin qılınc çalan güclü qolu olduq, bəzən də o güclü qollarımız öz-özümüzü qırdı. Bugün də öz dinimizə qulluq edirik. Ordularımız döyüş meydanlarında düşmən üstünə daim "Allah, Allah" nərələri ilə yeriyib. Türkiyədə silahlı qüvvələrə "Peyğəmbər Ocağı" deyilir; çünki Türk milləti Allahın ordusudur.
Antanta dövlətləri Çanaqqala döyüşlərində müasir silahlarla təchiz olunmuş şəkildə üstümüzə yeridilər, təpəmizə göydən od yağdırdılar, ancaq Tanrının da yardımı ilə biz qalib gəldik, Allah orda ordusunun məğlub olmağına icazə vermədi. Atatürk kimi bir dahi sərkərdəni seçib öz ordusuna başçı yolladı. Bu hərbdən sonra Anadoluda yenə Atatürkün rəhbərliyində Azadlıq Müharibəsi başlandı.
Yahya Kamal Bəyatlı 1922-ci ildə yunan ordusu ilə gedən axırıncı döyüşdən bir neçə gün qabaq bu bəndləri yazırdı:
"Şu kopan fırtına Türk ordusudur ya Rabbi
Sənin uğrunda ölən ordu budur ya Rabbi
Ta ki, yüksəlsin əzanlarla müəyyəd namın!
Qalib et, çünkü bu son ordusudur İslamın..."gggggg
Doğrudan da ordumuz İslamın son ordusu idi və Tanrı da öz ordusunun o döyüşdə də qələbə çalmasına rüsxət verdi.
Əsrlər boyu döyüşlərdə itirə-itirə qurtardığımız ziyalı təbəqəmizin qalanlarının hardasa 90 faizini Çanaqqala döyüşlərində və Azadlıq Müharibəsində itirmişdik. Bir sözlə, İslam uğrunda qanımızı su kimi axıtmışdıq, lakin xalqımızı ziyalandıracaq, elm yolunda yeriyəcək potensial qüvvələrimiz döyüşlərdə, səngərlərdə can vermişdi.
Atatürk, silahdaşlarıyla birlikdə Türkiyə Cümhuriyyətini yaratdıqdan sonra ölkənin hər sahədə, xüsusilə də elm və texnoloji yolunda irəliləməsi üçün əlindən gələn bütün cəhdləri göstərdi. Xalqa, "həyatda ən həqiqi mürşid elmdir" deyərək onlara yeganə xilas yolunu nişan verdi. Kadr və ziyalı yetişdirmə siyasəti onun dövründə fasiləsiz davam etdi, ancaq o dünyasını dəyişdikdən sonra təlim-təhsil siyasəti yaz-poz lövhəsinə döndərildi, elmə və onun bəhrəsi olan texnolojiyə fikir verilmədi. Kaysəri şəhərində Atatürk dövründə yaradılan təyyarə zavodu onun dünyasını dəyişməsindən sonra bağlandı. Nəinki təyyarə zavodu, Kırıkkalə şəhərindəki silahqayırma fabrikində belə bir müddət silah yox ayrı şeylər buraxılmağa başlandı; çünki Amerika Marshall yardımı ilə dövlətimizin böyüklərini hərifləmişdi. Onlar bizimkilərə demişdi ki, "siz təyyarə zavodunu, silah fabrikini neyniyəcəksiniz, torpaqlarınız məhsuldardır, siz ancaq əkin-biçin işinə fikir verin, qoy kəndçiləriniz yetirdikləri məhsullarla varlansınlar, sizə lazim olan silahları, təyyarələri, maşınları sizə ucuz qiymətə satarıq narahat olmayın...g"Elə də etdilər, maşınları, təyyarələri ucuza satdılar, lakin ehtiyat hissələrini od bahasına sırıdılar, astarı üzündən bahaya başa gəldi.
Peyğəmbərimiz buyurub: "Heç bilənlə bilməyən bir olarmı? Olmadı da... Amerikalılar dünyaya ağalıq etmək üçün elmlə, biliklə silahlanmışdılar. Bizimkilər isə, İslam dininə mənsubiyyəti və onun müsəlmanların boynuna qoyduğu öhdəliyi ancaq islamın beş şərtini yerinə gətirmək kimi qiymətləndirdiyindən burunlarının ucunu da görə bilmirdilər; dua öyrənməyi və oxumağı elm kimi qəbul edirdilər. İndi fərqlidirmi!!!??? Elm və bilik əlbəttə avamlığa qələbə çalacaqdı və elə də oldu. Nəinki Amerikalılar, imperiya siyasəti güdən xristian dövlətlər də bizimkiləri on illər boyu ütdülər. Dost və müttəfiq deyə arxalandığımız ABŞ-ın böyükləri, 1974-cü ildə yaranan Qıbrıs döyüşlərində ordumuza Marshall yardımı xətti ilə verdikləri silahların o döyüşdə istifadəsinə icazə vermədilər. Bizimkilər isə yatdıqları qəflət yuxusundan birdə oyanıb gördülər ki, nə boyda səhvə yol verilib. Yaxşı, ağlımız başımıza gəldimi? Məncə hələ də fil qulağında yatmışıq... Elm ocaqlarında yetişdirdiyimiz alimlərimizin ən səriştəli və ağıllı olanlarını əlimizdə saxlaya bilmirik ki, bilmirik!.. Beyin köçü, ABŞ və Avropaya axın-axın getməyə davam edir.
Talein hökmünə baxın ki, biz İstanbul şəhərini mühasirə edərkən 1500 kiloluq güllələrlə düşmən səngərlərini darmadağın edən topları buraxırdıq. 1453 ilində İstanbulu Roma İmperiyasını yerlə-yeksan edərək onların əlindən qamarlayıb aldıq və xristianlığın ürəyinə qor doldurduq. Deyirlər ki, bu tarixdən 39 il sonra Amerika qitəsi Kristof Kolomb tərəfindən tapılıb. Əslində Vikinglər oranı 10-cu əsrdə tapıblar, ancaq gəlin biz birinci iddianı qəbul edək. Amerika tapılandan sonra Avropada nə qədər oğru, quldur, qatil, fahişə, avara-acından ölən varsa gəmilərə doldurub ora apardılar. Amerikanın yerli xalqları olan aztekləri və qırmızıdərililəri qırğınlarla aradan götürüb oranın məhsuldar torpaqlarına yiyələndilər. Onların nəvə-nəticələri elə bir dövlət yaratdılar ki, özülünü qatillərin, oğruların, fahişələrin qoyduğu Amerika, indi əldə etdiyi elm və yaratdığı texnoloji ilə nəinki dünyaya ağalıq edir, dünyanın ən varlı ölkəsidir və üzünü səmadakı digər planetlərə, ulduzlara tutub oralara da yiyələnmək fikrində və arzusundadır. Dünyanı yüz illər boyu lərzəyə salan, İstanbulu Roma imperiasının əlinədən qamarlayıb alan Osmanlı imperiyasının mirasçısı olan bizlər isə bu gün piyadayıq, hələ də öz təyyarəmizi, öz maşınımızı, tankımızı buraxa bilmirik.
Biz deyəndə də Türküstanda yaranan Türk dövlətləri ilə Azərbaycanı buna daxil etmirəm, oralarda yaşayan bacı-qardaşlarım məni bağışlasınlar; çünki onlar Osmanlı boyda bir imperiyanın mirasçısı deyillər; söhbət Anadolu Türklüyündən gedir. Amerika bir tərəfə, 1948-ci ildə yaranan İsrail belə elm və texnoloji sahəsində Türkiyədən qat-qat üstündür.
Görəsən yəhudilər və amerikalılar bizdən ağıllıdır, yoxsa onlar elmə üstünlük verdiklərinə görə bizi piyada qoyublar?!
Məncə belə bir sual versəm yerinə düşər:
"Biz elmə yönəlməyi ən ümdə prinsip qəbul edən İslam dininə doğrudan da qulluq edirik?"

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV