adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Avtoş

AZƏR SARIYEV
64205 | 2014-04-25 15:44
Yalan olmasın, bəlkə də saatda "100” gedirdi. "100” sizə elə də balaca rəqəm gəlməsin. Zəif motorlu balaca maşının bu sürətlə hərəkət etməsi həqiqətən təhlükəlidir. Özü də darısqal bir yolda. Səs-küyü də aləmi götürmüşdü. 

Gecə saat 2-də kimin belə axmaqlıq etdiyini dəqiqləşdirmək istəyirdim. Oğlumdan və qızımdan şübhələnə bilməzdim. Heç biri maşını idarə edə bilmirdilər. Bir qalırdı xanım...Yuxusuzluqdan əziyyət çəkən adamam. Ona görə də yuxum gələn kimi yatıram. Lap saat 10-da da yuxum gəlsə, o dəqiqə yerimə girirəm. 

Evdə hamı bu xasiyyətimi və xəstəliyimi bilir. Bilirlər ki, yuxum pozulanda, dəliyə dönürəm. Ona görə də mən yatarkən sakitliyə maksimum riayət etməyə çalışırlar. Amma bu dəfə...Tamam hövsələdən çıxmışdım. Bu qədər saymazlıq da olmaz axı. Sinirlərim şahə qalxmışdı. Elə hirslənmişdim ki, gözüm dədəmi belə görməzdi. Nə isə əsəblərim təpəmdə yerimdən qalxdım. Amma evdə hamının yatdığını gördüm. Deməli, maşını işə salan başqasıdır. Hirsim tamam soyumuşdu. Yataq otağının qapısı açıq idi. Otaqdan səssiz çıxmağa çalışırdım ki, parket ayağımın altında cırıldadı. Ürəyimdə parket ustasını-həm də dayım oğludu- yaxşıca gecə söyüşlərinə qonaq etdim. Qorxa-qorxa, pəncələrimin üstündə maşına tərəf irəliləyirdim. Amma fikirləşirdim ki, maşını işə salan çağırılmamış qonağla qəfil üzləşəsi olsam, birinci mən hücum edəcəyəm. Hətta harasından və necə zərbə vuracağımı da hesablamışdım. 

Pəncələrimin üzərində, ehtiyatla, nəfəsimi içimə çəkib qapıya doğru yaxınlaşdım. Sağ əlimlə ehmalca qapının dəstəyini aşağı çəkmək istəyirdim ki, cırıldadı. Dedim, vəssalam, yəqin oğru duyuq düşdü. Ola bilməzdi ki, maşının 2 metrliyində bu səsi eşitməsin. Dayanıb qapının arxasında hücuma hazır vəziyyətdə gözləyirdim. Təxminən 10-15 dəqiqə bu vəziyyətdə qaldım. Bir tərəfdən Allaha yalvarırdım ki, uşaqlardan oyanıb bizi səsləyən olmasın. Xanıma da tapşırmışdım ki, onlar yatan otağa keçib qapını arxadan bağlasın və 102-yə zəng edib evin ünvanını versin. Amma elə etsin ki, nə uşaqlar oyansın, nə də oğru eşitsin. Gözləməkdən bezdim. Özümü toplayıb "Ya qeyrət” deyərək qapını açıb içəri atıldım. Heç kim yox idi. Mətbəxdən götürdüyüm bıçağı bərk-bərk sıxaraq bir az da irəli getdim... Heç kim yox idi...Bu necə olur?Arxadan xanımın səsi eşidildi: "Bir dəfə də belə olmuşdu. Yadımdan çıxıb söndürməmişəm, öz-özünə yenidən işə düşüb. Artıq 10 ildir işlənir. Kreditə yenisini götürmək lazımdır. Yazıq paltaryuyan nə qədər işləsin axı?” Sonra əsnəyə-əsnəyə yatmağa getdi. Səhərisi gün bu avtoş "Sıemens”i rayona yola saldıq.

TƏQVİM / ARXİV