adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ƏT

VAHİD ƏLİFOĞLU
24078 | 2006-09-04 21:52
...Mən iqtisadiyyat üzrə mütəxəsis deyiləm. İxtisasca inşaatçıyam. Bu günə qədər bir hin də tikməmişəm... Amma bilirəm ki, istənilən dövlətin gücü, onun iqtisadiyyatından asılıdı. İqtisadiyyatında bir qolu kənd təsərrüfatı məhsullarıdı ki, buna da bizim dildə yemək-içmək deyirlər...
   
   ...Biz ət yeyən millətik. Ət yeyən quşda ki, dimdiyindən bəllidi... Əlimizdə olan torpağın yarısı yoncadı, yarısı da ferma...
   
   ...Ferma görmək istəyən Azərbaycana gəlsin... Qoyunla ölkə güclü olsaydı, indi dünyanı Monqolustan idarə edirdi...
   
   ...Bazar iqtisadiyyatı. Tələb və təklif. Allaha şükür ətə tələb də var, təklif də... Yarlı-yaraşıqlı şadlıq sarayları, restoranlar, kababxanalar, saysız-hesabsız qoyun, quzu, inək, dana fermaları... Bazarda ki...
   
   ...Başı xeyirli rusların bir sözü var idi. Hərc-mərclik, qat-qarışıqlıq olan yerlərdə bir kəlmə söz işlədərdilər"::
   
   -"Bazar ni delay"...
   
   ...Daşburun dörd yolunda bir səyyar qəssəbxana var. Ət kəsib satanında adı Ağadı. Hamı Ağa müəllim deyir. Dayanmışıq. Mənəm, bacım uşaqlarıdı, bir də beş-on nəfərdi. Dananın dərisinin boğazından çıxmağına az qalıb. "Mersedes" dayandı. Maqintafondan "Ay canı yanmış" mahnısı ətrafı aldı ağzına...
   
   Yumuru, ətli sifət pəncərədən boylandı. Tanıyıram. Haramıdakı fermalardan birinin yiyəsidi.
   
   -Ağa müəllim, ətdən bir beş-üç kiloda göndər bizə.
   
   -Baş üstə, göndərərəm...
   
   Sonra bizi əlüstü nəzərdən keçrib ağızücü dedi"::
   
   -Şair, vəziyyət?...
   
   ...Bayaqdan "əriyə-əriyə" "Mersedes"ə baxan 90x60x90 ölçülü gəlinin yanında dayanmış uşaq onu dartışdırdı"::
   
   -Ana, ana şairdi bu əmi?
   
   ...Hələ də uzaqlaşan maşından ümidini üzməyən qadın dodaqaltı deyindi"::
   
   -Şairdi, yox bir yazıçıdı...
   
   ...Qəssabı, fermaçısı şairindən hörmətli məmləkətim...
   
   ...Toydan, yasdan qayıdanın birini görmədim ki, xanəndədən danışa, musiqiçilərdən, molladan, ölənin, evlənənin əməlindən danışa...
   
   ...Ətdən danışırlar, yeməkdən danışırlar, salatdan danışırlar...
   
   ...Kimliyindən asılı olmayaraq evlənəndən, öləndən bircə şey yadda qalır"::
   
   -Filankəsin hüzüründə, "sveji" qoyun ətindən yaxşı bir ehsan verdilər...
   
   -Filankəsin toyunda lülə də oldu, tikə də...
   
   ...Biz ət yeyən millətik. Dimdiyimiz də əyri...
   
   ...Qobustan qayalarında tapılmış şəkillərin yarısı ov səhnəsidi.
   
   ...Maral ovu, mamont ovu, öküz ovu...
   
   ...Maral əti, mamont əti, öküz əti...
   
   ...Bir belədə ət yeyərlər? Doymadı gözümüz ətdən... Yeyə-yeyə özümüz də ətləndik... Ətli-canlı arvadlar, peysərli, qarınlı kişilər...
   
   ...Lüləkabab, tikəkabab, tavakabab, təndirkababı, sac kababı... Piti, bozbaş, küftə, bozartma, qızartma, soyutma...
   
   Hamısı ət yeməyi...
   
   ...Əbülfət Mədətoğlu yaxşı bilər, "Qırmızı Bazarın" (Lənət şeytana. Yenə bazar- V.Ə) aşağısında, bulağın üstündə bir əla kabaxana var idi. Müdiri də Rantik. Füzulidən gələn cavanlar dörd nəfərə tut arağıynan bir toğlunun kababın "aşıranda" ermənilər kartof, lobya, yumurta soyutması yeyirdilər... İndi həmin kababxana ermənilərin tam ixtiyarındadı, biz də Haramıda...
   
   ...Kababı yeyərlər bulaq başında. Ət nə qədər desən bizdə. Bulaqlar qaldı Şuşada, Laçında, Kəlbəcərdə...
   
   ...Həkim analiz kağızlarını, "rentgenin" nəticələrini o üzə, bu üzə çevirib dedi"::
   
   -Qardaş, mədəndə yara var, ödün süzmür, qara ciyərin şişib, özün də ki, çox zəifləmisən...
   
   ...Evə daşıdığım qoyun, quzu, inək, dana ətlərini əlüstü hesablayıb güldüm"::
   
   -Əşi, nə danışırsan? Zəif nədi? Yediyim kababdı, bozartmadı, qızartmadı...
   
   Həkim halını pozmadı"::
   
   -Rəhmətliyin oğlu, Haramıda ceyran əti yesən də xeyri yoxdu. Sənə su lazımdı, su. Bulaq suyu...
   
   ...Vətən üçün, torpaq üçün yox. Elə mədəmizin, ödümüzün, qara ciyərimizin xatirinə bəlkə çıxağın Şuşaya?... İsa bulağında kabab yeməyə...
   
   ...Banı yonca ilə, saman ilə
   
   qalaqlanmış maşınlar,
   
   Karvan kimi düzülüblər yollara.
   
   Daşıyırlar, daşınırlar
   
   Qərbdən şərqə,
   
   Paytaxta doğru...
   
   Bu şəhər sallaxana duruşuyla,
   
   Nəhəng fermaya oxşayır...
   
   Ən tanınmış kişilərin
   
   Ən azı iki ferması var.
   
   Qoyun, quzu,
   
   İnək, dana ferması...
   
   Bu fermalardakı
   
   Yazıq quzular, mülayim qoyunlar,
   
   Doğar inəklər, harın danalar...
   
   Çevrildikcə südə, ətə,
   
   Villalar tikilir
   
   Fermalarla yanaşı,
   
   İnək kimi, qoyun kimi
   
   "Mersedes"lər, "BMV"lər mələşir...
   
   ...Qarabağda bir spiçka dənəsinə,
   
   Qurban edir ermənilər
   
   Neçə min hektarlarla
   
   Yoncanı, samanı, otu...
   
   Hər hektarı min qoyundu,
   
   Yüz inəkdi,
   
   bu yanıb kömürə dönən torpağın
   
   Küçələrin hər döngəsi, hər tini,
   
   Qəssəbxanalarla dolu,
   
   Torpaqdan qan iyi gəlir.
   
   Çay daşır, dəniz qalxır,
   
   Təngənəfəs yumaq istəyir,
   
   Bu şəhərin küçələrini...
   
   Dan yeri xaş qazanıdı,
   
   Günortası lülə, tikə manqalı.
   
   Gilavarı, Xəzrisi
   
   Yanıq ət iyi verir.
   
   Ət axtarır hamı,
   
   Hamı ətə həris.
   
   Kişilərin ciblərində
   
   Uzun bazar siyahıları,
   
   Birinci ətin adı...
   
   Evdə arvadlar ət gözləyir,
   
   Canavar kimi
   
   Sığışmırlar otaqlara,
   
   Sığışmırlar xalatlara...
   
   Ət yedikcə qarnı yekəlir,
   
   Başı balacalaşır şəhərin...
   
   ...Hər əlli qoyuna
   
   bir ferma iti düşür,
   
   Beli mobil telefonlu,
   
   Əli tapançalı
   
   Bığıburma, enlikürək çobanlar da...
   
   ...Eyni taylar, eyni yaslar
   
   Torpaq, vətən, qeyrət
   
   Sevgili şerlər...
   
   Ömründə halal iş görməyənlərə
   
   Halallıq istəkləri...
   
   ...Çürütdü bizi şadlıq evləri,
   
   Dəbdəbəli yasxanalar.
   
   Bezdik lülədən, tikədən,
   
   Xaşdan, bozbaşdan...
   
   Nakişilərin toylarında
   
   oynamaqdan yorulduq,
   
   Qeyrətsizləri kişi adıynın
   
   ağlamaqdan yorulduq...
   
   Bir məmləkətdə yaşayanların
   
   yarısının yarısı
   
   Qarabağ həsrətində,
   
   Yarısının, yarısı ferma yiyəsi,
   
   Sallaqxana sahibi...
   
   ...Yarısının yarısı
   
   Doyub ət iyindən
   
   Gedir təkrar olunmayan,
   
   Əl dəyməmiş,
   
   Təptəzə ölümün üstünə
   
   ...Yerdə tay kimi qaldı?
   
   Biz ağacı əkirik ki,
   
   Budağından cəmdək asaq...
   
   ...Qəsəbədə cantaraq bir kişi ölmüşdü. Ölüyuyan iki saatdan sonra yuyatxandan qan-tərin içində çıxıb ağzını söykədi su kranına. Handan-hana toxtayıb bir siqaret yandırdı və dedi"::
   
   -Yeri behiştlik o qədər özünə ət yığıb ki, o üzə, bu üzə də çevirmək olmur...
   
   ...Müqəddəs kitablarda yazılır ki, behiştdə ancaq meyvə olur, ət olmur...
   
   Yaşasın cəhənəm! Odunu-ocağı da bol, əti də...
   
   
   
   P.S. Yaradan dünyanı ona görə əbədi yaradıb ki, sonuncu ölənin meyidi ortalıqda qalmasın, hüzüründə bir tikə ət yeyən olsun...
   
   P.P.S. ...Ət yeyib kökəlirik,
   
   piylənirik, ətlənirik,
   
   Darlaşır paltarımız, soyunuruq,
   
   lütlənirik.
   
   Dağımız, yaylağımız donuzların
   
   məskənidir,
   
   Biz hələ çadırlarda, vaqonlarda
   
   bitlənirik...
   
    Qaçqın şair" Həsənqulu Yurdsevərin "lirika"" dəftərindən.

TƏQVİM / ARXİV