adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Aprel 2014 17:24
4985
HADİSƏ
A- A+

Astanada Avrasiya media forumu keçirilir

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində XII Avrasiya Media Forumu (EAMF) başlayıb.

Adalet.az xəbər verir ki, Astanaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Qazaxıstan paytaxtındakı Müstəqillik Sarayında keçirilən tədbirdə dünyanın bir çox ölkələrindən olan tanınmış ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Onların arasında ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç, İsrailin sabiq baş naziri Ehud Barak, tanınmış rusiyalı jurnalistlər Vladimir Pozner və Maksim Şevçenko da var.

Forumun açılış mərasimində Qazaxıstanın dövlət katibi Adılbek Jaksıbekov prezident Nursultan Nazarbayevin tədbir iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Fəaliyyət göstərdiyi on iki il ərzində EAMF-ın siyasətçilər, ekspertlər və jurnalistlər arasında fikir mübadiləsi üçün misli görünməmiş meydana çevrildiyini vurğulayan dövlət başçısı forumun işinə uğurlar arzulayıb, onun öz məqsədlərinə nail olacağına əminliyini bildirib.

Açılış nitqi ilə çıxış edən forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva tədbir haqqında məlumat verərək iki gün ərzində MDB ölkələrində, Yaxın Şərqdə və Avrasiya məkanında baş verən proseslərin müzakirə olunacağını bildirib. O, Ukraynada cərəyan edən hadisələrin bütün dünyada narahatlıq doğurduğunu söyləyib: "Bizi Ukrayna ilə çox şey birləşdirir. O, bizim yaxşı dostumuz və etibarlı ticarət tərəfdaşımızdır. Biz Ukrayna sarıdan narahatıq və bütün baş verənləri lüzumsuz hesab edirik”.

Sosial şəbəkələrin cəmiyyətdəki roluna toxunan D. Nazarbayeva Türkiyədə "Youtube” və "Twitter”in bağlanmasını, Rusiyada populyar bloggerlərin məsuliyyətinin KİV-lə eyniləşdirilməsini tənqid edib: "Cəmiyyəti məsuliyyətsizlik kimi heç nə dağıtmır. Təəssüf ki, sosial şəbəkələr daha çox böhran vaxtlarında ünsiyyət meydanı olmaqdan çıxır. Ukrayna hadisələri dezinformasiya sunamisi yaratdı. Hesab edirəm ki, cəmiyyət özünü elektron virusun müdaxiləsindən qorumağı öyrənməlidir. Bağlamaq çıxış yolu deyil”.

Öz işini panellərlə davam etdirən forum sabah başa çatacaq. Sabah Ukraynadakı vəziyyətlə bağlı müzakirələrin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanı forumda "Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi iləAPAvə "AzərTAc” Dövlət Agentliyinin əməkdaşları təmsil edir.