adalet.az header logo
  • Bakı 18°C
24 Aprel 2014 17:03
4940
SİYASƏT
A- A+

GUAM iclas keçirdi

GUAM-ın Mədəniyyət və turizm üzrə işçi qrupunun Ukraynada keçirilən növbəti iclası yekunlaşıb.

Adalet.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iclasda GUAM ölkələrinin mədəniyyət və turizm sahələri üzrə əldə etdikləri nailiyyətlər, statistik məlumat mübadiləsi, mədəniyyət və turizm üzrə işçi qrupunun 2013 - 2014-cü illər üzrə Tədbirlər Planını həyata keçirilməsi, GUAM+ formatında mədəniyyət və turizm sahələri üzrə yeni layihələrin hazırlanması və digər məsələlər ətrafında müzakirələr keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iclasda çıxış edərək Azərbaycanın mədəniyyət və turizm sahəsində son illərdə aparılan işlər və qazandığı nailiyyətlərdən danışıb. Görüşün sonunda GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun ikinci iclasının yekunlarına dair protokol imzalanıb və xatirə şəkli çəkdirilib. Nazim Səmədov 23 aprel 2014-cü il tarixində Ukraynanın "Birinci" kanalın müdür müavini Oleksandr Liyev ilə görüşüb.

Görüşdə Azərbaycanın mədəniyyətini və turizm potensialının təbliğinə dair video materialların həmin kanalda yayımlanması imkanlarının nəzərdən keçirilməsi məsələsi ətrafında müzakirələr aparılıb.. O.Liyev Azərbaycanla əməkdaşlığa daim hazır olduqlarını bildirib. Daha sonra Nazim Səmədov Ukraynanın mədəniyyət nazirinin birinci müavini Olesya Ostrovskaya-Lyuta ilə görüşüb, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib, Azərbaycanın bu sahədə qazandığı uğurlu təcrübənin Ukrayna tərəfi üçün də faydalı olacağı qeyd olunub.