adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2014 14:09
8950
MƏMLƏKƏT
A- A+

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yevlaxda regional seminar-müşavirə keçirdi

Respublikamızda yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayaraq müvafiq qabaqlayıcı tədbirləri davam etdirir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax rayonunda «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda keçirdiyi regional müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə obyekti olub.

Seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, 2013-cü ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğın hadisələri təhlil edilib, onların səbəbləri açıqlanıb.

Seminar-müşavirədə yanğına qarşı təbliğat, maarifləndirmə işinə geniş yer verilərək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərdən bəhs edən mühazirələri dinlənilib, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması haqqında ətraflı söhbət açılıb, «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyinin təmin olunması üçün vəzifəli şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında qoyduğu vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasını, eləcə də meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən səyyar foto-stendə baxış keçirilib, slaydlar nümayiş etdirilib, təsərrüfat və bələdiyyə nümayəndələrinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş 2 adda yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılıb.

Hikmət Xudiyev
FHN Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki