Əməyin təhlükəsizliyi üzrə Milli Strategiya hazırlanır
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar aprelin 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən
Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin
diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu
vurğulayıb: "BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən
339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə
tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak
olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən,
bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində
ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur".
Respublikamızda da son illərin göstəricilərinə əsasən,
istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, bu hadisələr
nəticəsində dünyasını dəyişənlərin sayının 80 nəfərə yaxın olduğunu qeyd edən
S.Müslümov ölkəmizdə əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindən
biri olduğunu bildirib: "Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə
işləmək hüququ təsbit olunub, əmək və istirahət hüquqlarının əsasları müəyyən
olunub. Məhz ulu öndərimizin müvafiq Fərmanı ilə 1997-ci ildə əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət
qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi
yaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi
qəbul edilib".
S.Müslümov nəzərə çatdırıb ki, müstəqilliyimiz
dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib. İllər
ötdükçə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının
artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq,
respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb.
Belə ki, ölkəmizdə son onillikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla
bağlı bədbəxt hadisələrin (o cümlədən, ölümlə nəticələnən) sayında nisbi
stabillik müşahidə olunub.1997-2000-ci illərdə hər 100000 işləyənə düşən
istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər,
2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000
işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər,
2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib.
Azərbaycan Prezidenti İlham Əliyevin işçi vətəndaşların
hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının bu sahədə aparılan siyasətin
ilbəil güclənməsinə şərait yaratdığını vurğulayan S.Müslümov bildirib ki, möhtərəm
dövlət başçımızın 16 fevral 2011-ci il tarixli Fərmanına əsasən Dövlət Əmək Müfəttişliyinin
bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti yaradılmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən orqanın statusu artırılıb. Bu da əmək hüquqlarının təminatının
ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir.
Ötən müddətdə ölkəmizin əmək qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində aparılan işlərdən söz açan S.Müslümov bildirib ki, bu sahədə
BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. BƏT-in əməyin mühafizəsi ilə bağlı mütərəqqi
dəyərləri əks etdirən Konvensiyaları ölkəmiz tərəfindən qəbul olunub və milli
qanunvericilik bu Konvensiyalardan irəli gələn prinsiplərə uyğunlaşdırılıb.
Nazir respublikada işçi hüquqlarının təminatına, o
cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarətinin son
vaxtlarda xeyli gücləndirildiyini qeyd edib: "Təkcə cari ilin birinci
rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyinin
pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun
olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin
birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Həmçinin
bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə
bərabərdir. Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək
qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi
ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında
müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir və
qanunvericiliyin tələbləri onlara izah olunur".
S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının
icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması
üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Aidiyyəti dövlət
orqanlarının və sosial partnyorların iştirakı ilə Strategiyanın layihəsi
hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin
təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün
perspektiv tədbirlər əksini tapıb: "Belə tədbirlərdən biri kimi,
respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi
üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini
istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyin
mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə
onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi
işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində
beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin
strategiyada qeyd olunub".
Nazir əmək hüquqlarının etibarlı müdafiəsi
mexanizminin yaradılması istiqamətində həyata keçirilən islahat tədbirlərini də
diqqətə çatdırıb: "Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı
qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının
icrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə
qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq
olunacaq. Bu sistem bizə iş yerlərində əməyin mühafizəsi məsələlərinə də daha
güclü nəzarət etmək imkanı verəcəkdir".
Bu konfransın mövzusunun - kimyəvi maddələr
istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual
olduğunu vurğulayan S.Müslümov iş yerlərinin əməyin mühafizəsi normalarına
uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına
başlandığını bildirib: "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi
Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə
laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal
sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji
amilləri öyrənməyə imkan verəcək".
Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlarla əməkdaşlığın
gücləndirildiyini qeyd edən S.Müslümov son vaxtlarda Nazirliklə Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti, "Azərsun Holdinq" MMC və
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında əməkdaşlıq
haqqında Memorandumlar imzalandığını bildirib: "Eyni zamanda, istehsalatda
bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri
ilə qarşılıqlı faydalı əlaqələr qururuq. Artıq Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi
Xidməti ilə "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat"
sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş
imzalanıb".
Nazir qarşıdakı dövrdə işçi insanların həyat və
sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının
tətbiqinə dövlət nəzarətinin daim artırılacağını vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlam
və təhlükəsiz əmək şəraitinin yaradılmasının AHİK-in əsas fəaliyyət prinsiplərindən
biri olduğunu deyib və təşkilatın bu istiqamətdə fəaliyyəti, onun nəticələri
barədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinin
diqqətdə saxlanıldığını qeyd edən S.Mehbalıyev əməyin mühafizəsi sahəsində birgə
səylərin daim güclənəcəyini bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dinamik
iqtisadi tərəqqi tempinə malik ölkəmizdə özəl sektora dövlət qayğısından söz
açaraq, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən
üçün ilk növbədə mənəvi borc olduğunu bildirib. Əməyin mühafizəsinin eyni
zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan
M.Musayev rəhbəri olduğu təşkilatın bu yöndə gördüyü işləri diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransın
mövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları və
belə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər,
habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatla
çıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi sahəsində görülən işlərdən söz açan F.Əlizadə iş yerlərində yol
verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə
riayət edilməməsindən irəli gəldiyini qeyd edib: "Bu ilin birinci rübündə əmək
qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin
34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən
21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək
çoxdur".
F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin
əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili
və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq
olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi
əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq
barədə də məlumat verib.
Konfransda digər çıxış edənlər əməyin mühafizəsi
sahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərində
bu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər. Tədbirdə mövzu ilə
bağlı geniş müzakirələr aparılıb.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16