adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Aprel 2014 10:14
4449
MƏMLƏKƏT
A- A+

Dünya İqtisadi Forumundan Azərbaycanın xeyrinə hesabat

Dünya İqtisadi Forumu İKT ilə bağlı hesabatını açıqlayıb.

"Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Adalet.az xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Müşviq Əmirov "Facebook” səhifəsində hesabata münasibət bildirib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanın "ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşması sevindirici haldır: "Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.

M.Əmirov onu da xüsusi ilə vurğulayıb ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanması və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutması hesabatda diqqət çəkən məqamlardandır: "MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur”.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub.

Sübhan