adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 00:59
15585
MƏDƏNİYYƏT
A- A+

Filmə gedən yol mütləq şəkildə ədəbiyyatdan keçir

Tanınmış rus rejissoru Aleksandr Sokurovun 18 aprel 2008-ci ildə İstanbul Boğaziçi Universitetindəki məşğələ xarakterli müsahibəni təqdim edirik. Aleksandr Sokurov "Aleksandra", "Günəş", "Ata və oğul", "Faust" kimi filmlərə rejissorluq etmişdir.

-Filmlərinizdə ailəyə çox önəm verdiyinizi görürük. "Ata və oğul", "Ana və oğul", "Aleksandra" kimi filmlərinizdə də ailəylə bağlı bəzi metaforlar görünür. Bunların öz keçmişinizlə bir əlaqəsi var?
-Bilirsinizmi, məsələnin əsas kökü sevgidədir. Sevgi çox olduğunda insan da öz sevgisini göstərmək istəyir. Bunu "Ana və oğul", "Baba və oğul" kimi filmlərimdə görmüsünüz. Burada əsas olan insanın içindən gələn sevgini bir vasitəylə canlandırmaqdır. Əslində bu çox önəmli bir hadisədi. Mədəniyyətimizin bir parçasıdı. Fikir vermisinizsə, rus mədəniyyətində ana oğlunu çox böyük şəfqətlə bəsləyir, eyni şəkildə ata da qızına çox bağlı olur. Zaman keçdikcə uşaqlar üçün sevginin özü artıq bir təyziq formasını alır. Mən filmlərimdə məhz bu məsələnin bir hissəsini göstərməyə çalışmışam.
Çox vaxt qafqazlı dostlarla bir yerə yığışanda onlarda da eyni sözləri demişəm. Hamımız yaxşı bilirik ki, qafqazlılar cəsur insanlardılar. Döyüşürlər, canlarını fəda edərlər. Lakin bir yandan vacib olan bu insanların bir-birilərini necə sevmələridi. Bunu dəqiq bilsək, o zaman həmin insanları biz də sevə bilərik. Məsələnin əsas qayəsi budur ki, sevgini görmək sevmək üçün bir vasitədir. İnsanları sevməyin özü, insanın öz sevgisini görə bilməsidir. Yoxsa, çox yaxşı döyüşçünü böyük qəhrəman olduğu üçün, nə qədərsə adam öldürüb, kəsdiyi üçün sevmirik.
Bunun çox nümunəsi var. "Romeo və Culiyyeta" filmini seyr etdik və heyran olduq. Artıq italyanar nə edirlərsə, etsinlər vacib deyil, biz onları sevdik. Çünki oradakı sevgini gördük.
-Həm uzun, həm də qısa metrajlı sənədli filmlər çəkmiş rejissorsunuz. Filmlə, sənədli filmin fərqini və əhəmyyətini necə dəyərləndirərdiniz? Bir də filmlərinizdə daima fısıltılar, səssiz danışıqlar duyulur. Bunların filmlə əlaqəsi haqqında nə deyə bilərsiniz?
-Sənədli film də kinonun digər sahəsidi. Burada vacib olan bir həqiqətin ifadə gücünü ortaya qoymaq, insani simaları anlada bilmək, bunlarla bir bütövlük yaratmaqdır. Kinonun mütləq həqiqəti göstərmək kimi bir qayğısı olmaya da bilər. Kinonun əsas missiyası bu deyil.
Biz sənədli film çəkdiyimiz zaman çox sıx şəkildə musiqi istifadə edirik. Musiqi istədiklərimizi izah etmək üçün çox vacib bir vasitədi. Böyük ölçüdə işıq və optik qurğulardan istifadə edirik. Çünki vacib olan insanın coşqusunu və həyəcanını hərəkətə gətirməkdi. Bunları edə bilmək üçün də əsas vasitələrimiz səs və işıqdı. Bunları edərkən isə insanları istədiyimiz fikrə, qayəyə çatdırmaq, onları yola gətimək üçün əziyyət çəkməyimiz lazım gəlir.
Və bu nöqtəqə ədəbiyyatçının üstünlüyü ön plana çıxır. Yazıçı əlinə qələmi alır, fikirlərini, duyğularını izah edir, amma bəlli bir yerə gəlib çıxdığında, üç nöqtə qoya bilir. Ardını isə artıq oxucunun xəyal gücünə buraxır. Ancaq biz kameranı əlimizə alıb çəkməyə başladığımızda günəşin doğuşunu, batışını, insanların ağlamağını və gülüşünü göstəririk. Beyinlərdə yaranacaq olan hər şeyi sonuna qədər biz təlqin etməli oluruq. Berqmanın bir sözü var "Söylənən sözü tamamalaya bilməmək". Təbii ki, Berqman gözəl yazıçıdı və gözəl əsərləri var. Nəticə etibarı ilə bunu deyə bilərəm ki, ədəbiyyatsız heç nəyə nail olmaq mümkün deyil. Filmə gedən yol, mütləq şəkildə ədəbiyyatdan keçir.
-"Aleksandra" filmində Aleksandra obrazını rus operasının əfsanəvi sopranası Qalina Vişnevskaya canlandırdı. Bir opera sənətçisi necə oldu ki, öz rolunun öhdəsindən bu qədər təbii və qüsursuz formada gəldi?
-Bunun cavabı çox sadədi. Qalina Vişnevskaya əslində teatr aktrisasıdı. Uğurun səbəbi də burdan qaynaqlanır. Hər cür yükü çiyinlərinə ala biləcək vəziyyətdədir.
-Xüsusilə ailə məsələsində nə qədər həssas, sevgi dolu olduğunuz bir az əvvəl qeyd etdiniz. Bəzi tənqidçilər "Ata və oğul" filmində ata ilə oğul arasındakı inanılmaz gözəllikdə olan səmimiyyətin və sevginin homoerotik olduğunu dedilər. Bunları eşitdiyinizdə nələr hiss etdiniz, reaksiyanız necə oldu?
-Əslində bu tənqidlər "Ana və oğul" filmi üçün də edildi. Ana və oğul arasında insest əlaqəni xatırladır kimi fikirlər də səsləndi. Ancaq burda əsas olan şey insanların nəzakəti, şəfqəti hiss edə bilməsidir. Açar söz "şəfqət"di. Türkcə də bu söz çox gözəl səslənir. Biz insanları sevirik, ancaq onları itirdiyimizdə nə qədər böyük itkiyə məruz qaldığımız anlayırırq. O zaman içimizdə nə qədər böyük şəfqət bəslədiyimizin fərqinə varırıq. Burada isə önəmli olan şəfqətin ifadə edilib, edilməməsidi.
-Sovetlər Birliyi zamanında bir çox sahədə senzura tətbiq olunduğunu bilirik. Ancaq hal-hazırda da demokratik təşkilatların olmadığı Rusiyada rəsmi olmasa da sənət əsərlərinə bir müdaxilə olduğu deyilir. Bu barədə nə isə söyləmək istəyərsiniz?
-Kommunist rejim yıxıldıqdan sonra, hər hansı bir əsərim, hər hansı bir surətlə senzuraya uğramadı. Ən azı bu sahədə mənim bildiyim, eşitdiyim bir senzura tətbiqi yoxdur. Lakin təəssüf ki, müasir Rusiyada kütləvi informasiya vasitələri üzərindəki nəzarət mexanizmi varlığını davam etdirir. Məhz bu istiqamətdə də ölkəmin gələcəyi mövzusunda son dərəcə qayğılıyam.
-Ədəbiyyat sahəsində üzərində işlədiyiniz bir əsər varmı? Varsa, nə haqdadır?
-Təəssüf ki, yoxdur. Kaş ki, olsa mən də ədəbiyyatla əlaqəli bir işlər görə bilsəm deyə fikirləşirəm. Amma ədəbiyyat sahəsində görə biləcəyim tək iş kinonun bir sahəsi olan ssenarimin, sənədli filmlərimin bəlli bölümlərinin qələmə alınmasıdı. Ancaq bilmək olmaz bir də görərsiniz ki, məni Rusiyadan qovdular gəlib Türkiyədə yaşadım. Əminəm ki, burda çox gözəl romanlar yazaram.
-Bayaqları girişdə sənətin insanın özündəki pisliyi təskin edəcək missiyası olduğu haqqında bəzi fikirlər səsləndirdiniz... Sonra isə sevgi və başqalarına anlayış göstərmək kimi fikirlərlə söhbəti davam etdirdiniz. Bu məsələyə nələrsə əlavə etmək istərdiniz?
-Daha az film izləyib, daha çox kitab oxuyun deyirəm.
-Dostoyevskinin bir əsərində belə bir fikir var: "Bizim rus ziyalısının səhvi xalqa çox şey öyrətməyə çalışmaq istəməsidir. Ancaq bir məsələ var ki, ziyalının xalqdan öyrənəcəyi çox şeylər var". Bu fikirlə razısınızmı?
-Bu bir sənətkarın çox dəqiq olaraq təyin edib ortaya qoyduğu mövzudu. Buna qarşı söyləyəcək çox sözümüz yoxdur. Burada əsl olan həqiqətdir.
Gerçək isə şəxslə, adamla əlaqədardır və bəzən fərdlərin fikirləri, qənaətləri çox böyük kütlələrin qənaətindən fərqli ola bilər. Rusiya tarixində, eləcə də Türkiyənin tarixində də bunu görərsiniz, Avropada da çox nümunələri var. Bəzi insanlar bir şeylər söyləmişdir, amma geniş kütlələr buna qarşı çıxmışdır, insanlar yandırılmışdır. Rusiya nümunəsində fərqli söz söyləyənlər həbsə atılmışdır. Amma gerçək təkdir və gerçək çox vaxt fərdi insanlarda yaşayır. Dostoyevski əsərlərində, mütləq həqiqətin qaynağı olaraq həmişə xalqı göstərməyə çalışmışdır, amma özü hər zaman bunun əksinə hərəkət etmişdir. Hər şeydən əvvəl, öz fərdi fikirlərini ön plana çıxarmışdır və öz xalqını xarakterizə edərkən də "geri dönülməz", "qorxunc böyüklükdə" kimi ağır sifətlər istifadə etmişdir. Bu vaxt özü böyük bir yazar olmuşdur, rus xalqı isə yenə yaşadığı çuxurda yaşamağa davam etmişdir.

Tərcümə: Samirə Əşrəf