adalet.az header logo
  • Bakı 20°C
23 Aprel 2014 17:31
6664
SİYASƏT
A- A+

Ərdoğan ermənilərə başsağlığı verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib.

Adalet.az  haberler.com-a istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, Osmanlı İmperiyasının son illəri türk, kürd, ərəb, erməni və başqa millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olub: "Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi, ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək. Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib”.

Ərdoğan ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.