Fərhad Vahabov: “Erməni diasporuna qarşı mübarizəni dayandırmaq olmaz”
"Milli
Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində
Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər
təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət göstərir”. Bunu Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri Fərhad Vahabov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş
"Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda
keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq erməni diasporu o qədər
güclüdür ki, 200 ildir təşkilatlanmış şəkildə dünyada mübarizə aparır:
"Biz də bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var.
2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb.
2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildə
bu rəqəm 35%-in 65%-ə nisbətində olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu,
bizim Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədar
təşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çap
olunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdə
Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə
bunu dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraq
mübarizəni genişləndirməliyik".