adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Aprel 2014 15:33
23072
MÜSAHİBƏ
A- A+

"Jurnalistlərdən istədiyimizi ala bilmirik" - Vüqar Səfərli

"Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır". 

Adalet.az xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Sabunçu Rayon İcra Hakimiyyətində "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, müsabiqəyə təqdim olunmuş məqalələrin əksəriyyəti çox zəif təsir bağışlayıb. Jurnalistləri ciddi tənqid edən Vüqar Səfərli onların daha çox araşdırma aparmalı olduğunu deyib: "Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır. Əsasən statistik göstəricilərə yer verilib, Rayon İcra Hakimiyyətinin hesabat və statistik göstəricilərindən istifadə edilib. Araşdırmalar çox azdır. Yazılarda çatışmazlıqlar demək olar ki, göstərilməyib. Ona görə də yazıların əksəriyyəti aşağı bal toplayıb".

KİVDF-nin bu vaxta qədər jurnalistlər arasında keçirdiyi müsabiqələr zamanı onlara 500 min manatdan artıq pul mükafatı təqdim olunduğunu deyən V.Səfərlinin sözlərinə görə, verilən mükafatın müqabilində media mənsublarından gözlədiklərini görə bilmirlər: "Burada elə mükafatlar veririk ki, bəzi jurnalistlər heç öz redaksiyalarında o qədər maaş ala bilmirlər. Amma bunun qarşılığında biz istədiyimizi ala bilmirik".

Ona görə də Fondun icraçı direktoru jurnalistləri daha fəal olmağa, müsabiqələrin elan edildiyi 1 ay ərzində tənbəllik etməyib heç olmasa, bir neçə gün mövzu üzrə geniş araşdırma aparmağa çağırıb.