adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

HARAMIDAN MƏTBUAT PROSPEKTiNƏ

VAHİD ƏLİFOĞLU
71074 | 2006-08-30 22:00
...Nə vaxtsa oxumuşam ki, özünə könüllü olaraq əzab-əziyyət verib ağrılarından, iztirablarından ləzzət alan xəstələr var. Hər gecə saat ikidə həyətdə əyləşib bir siqaret tüstülətməyə vərdiş eləmişəm. Və siqareti çəkə-çəkə açılacaq sabah üçün təzə planlar, yaxşı yaşamaq üçün müxtəlif yollar uydurub rahatlanıram. Elə bilirəm ki, səhər açılan kimi hər şey mənim istədiyim kimi olacaq...Mən özümü aldada-aldada kef eləyirəm. Mən özümü dolaya-dolaya "kayf" tuturam... Yazıçılar Birliyində, redaksiyalarda təqdim olunan mükafatlara, fəxri adlara görə deyəcəyim minnətdarlıq nitqinin bəlkə yüz variantı var başımda... Amma səhər açılır elə dünənki, sırağagünkü səhər kimi... Qarşıdan gələn gecənin saat ikisi üçün daha fantastik, daha cəlbedici istəklər uydururam...
   
   
   
   ...Heç kəsdən borc istəmədim,
   
   Çox adama borcum var.
   
   Qumar pulları kimi
   
   Əzik-üzük günlərin içində,
   
   Sabahkı oyunu
   
   mütləq udacağıma inana-inana,
   
   Ömrümü, günümü qoydum qumara,
   
   93-ün avqustundan üzü bəri...
   
   
   
   "Belə-belə işlər"... Bəlkə də elə-belə işlər... Əlli dördəcən belə yaşadım. Daha nə qədər yaşayacağam elə-belə olacaq.
   
   ...Ömrüm keçdi, gün keçdi...
   
   ...Mən tay çadırda yaşamıram. "Çadırdan çadıra gəlin köçən qız"ın indi Sulutəpədə hasarlı, darvazalı evi var... "Çadır arasında dilənən uşağ"ın Təzə bazarda "polkası", altında "Mersedes" var... Sağlıqlarına qismət...
   
   ...İki körpə uşaq, mən, bir də arvad. On il bir otaqlı çadıra sığışdıq. Uşaqların böyüdüyünü nəzərə alıb bizim mənzil şəraitimizi yaxşılaşdırdılar. İndi Haramıda ikiotaqlı daş evimiz var... Kiçik qızım Elgün 93-cü ildə bələkdə girmişdi çadıra, 2003-də çadırdan çıxanda mənim əlimdən tutub çıxartdı çölə...
   
   ...Tay evimin qapısı da var, pəncərələri də... Pəncərələrin ikisi açılır günçıxana, Bakı yoluna. Hər gün baxıram yola, görüm Əbülfət gəlmir ki?...
   
   O biri iki pəncərə baxır günbatana, Qarabağa... İki qat pərdəsi var... Gəl, qardaş, gəl. Döyməyə qapım, həyətdə də ki, xoruzu-fərəsi bilinən beçələr... Daşburun dörd yolunda da "girdimə" araq nə qədər desən... Üstü "Putinka"dı, içi Əmirzeyitli...
   
   ...Sənin məktubunu aldığım gün toydaydım. Qaynım qızın köçürürdü. Əyləşmişdim 93-ə qədər Seyidəhmədli olub, hal-hazırda Əhmədlidə yaşayan mamaoğlu Misirlə üzbəüz. Kabablar növbənöv..."Vururduq" yavaş-yavaş... Cibimdə 105 min. Evdən çıxanda fikrimdə tutmuşdum ki, qaynım qızının toyudu də 100 min yazdıraram. 5 min də siqaret pulu. Mağara girəndə tamadaya tapşırmışdım ki, mənə söz verməsin...
   
   ... İsmayıl müəllim bir xeyli danışdı. Arada qeyd etdi ki,mən Kürdlər kəndindən ola-ola Vahid Əlifoğlunun beş-on şerini əzbər bilirəm,amma seyidəhmədlilər onu düz-əməlli tanımırlar.. Vallah düz sözə nə deyəsən... İsmayıl müəllimin bəndənizin yaradıcılığından əzbər dediyi şeri Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun qulağından uzaq"::
   
   
   
   ...Dünyadı də, bitiribdi qanqalı,
   
   Zərif, lətif çiçəklərin yanında.
   
   Hardadı ki, çirkinlərin o halı,
   
   Ömür sürə göyçəklərin yanında...
   
   
   
   Neçələri tapdalanıb yol kimi,
   
   Çəpər üstə didiklənib kol kimi.
   
   Yekə-yekə adamlar var pul kimi,
   
   Xırdalanar kiçiklərin yanında.
   
   
   
   Bu dünyanı haqqın əli yırğalar,
   
   Halal düzü qulaqlarda sırğalar.
   
   At öləndə uçub gələr qarğalar,
   
   Qarıldaşar sümüklərin yanında...
   
   
   
   Hər çaqqalın ucalmağı olmaya,
   
   Meydan açıb, sulamağı olmaya.
   
   İtin quyruq bulamağı olmaya,
   
   Yalı yağlı küçüklərin yanında...
   
   
   
   ...İsmayıl müəllim şeri deyib qayıtdı ki, Vahid müəllim gəlsin meydana. Tamada yazıq-yazıq baxdı üzümə... Mikrofonu alanda təzə bir manatlığı ovcumdan sürüşdürdüm tamadanın cibinə. Deyəsən görən olmadı. Məndən qabaq danışanlar "əlli minlik" verirdilər. Bəylə gəlinə xoşbəxtlik, gələcək övladlarının kiçik toyunun Qarabağda olmasını arzulayıb (Tay bizdə ət qalmadı, Ay Allah! - V.Ə) bir-təhər İsmayıl müəllimin kəlbətin əllərindən qopdum... Bir belə yazıb-pozan nə sağlıq deyə bilər, nə də oynamaq...Bu sətirləri oxuyub deyəcəksən ki, nə demək istəyir ey, bu Vahid?
   
   Heç nə qardaş. Necə ki, mən səndən soruşmuram, heç sən də məndən soruşma... Onsuzda cavab verməyəcəyəm. Elə dinməz-söyləməz gəl. Mən də hərdən o "zəhrimarı" normadan keçəndə üzümü Kirsə, Ərgünəşə tərəf tutub qışqırıram"::
   
   -Ay filankəs hey, ay filankəs heyyy!...
   
   Çəkdiyim adların içində diri adamlar olmur heç vaxt... Əslində görəsən biz diriyik, yoxsa...
   
   ...Mən Kəlbəcərin işğal günü anadan olmuşam. Kəlbəcər aprelin 2-ni aldı mənim əlimdən. Elə həmin gündən də "xalq şairi" olmaq arzum gözümdən düşdü. Heç vaxt mənim ad günümü qeyd edən olmayacaq...
   
   ...Səhər yenə açılacaq... (Bu cümlə əslində Aqil Abbasındı - V.Ə) Yenə mənim axşam saat 2-də cızdığım planlar həyata keçməyəcək. Gecələrin ümidi, səhərlərin insafsızlıqları çürüdə-çürüdə çıxacaq axırımıza... Olsun də... Kimdən artıqıq ki... Heç kimdən... Tay nə yazım? Bütün "Ədalət"çilərə bürkülü Haramı salamı!
   
   ...Əllərini cibindən çıxart. Açmaq istədiyin qapı mənim qapımdı...
   
   Qora bişirən avqust ayı da belə getdi. Avqustun 23- həm də Füzulinin işğal günüdü... Avqustun 23-də anadan olmamısan ki?...

TƏQVİM / ARXİV