adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2014 12:03
5133
GÜNDƏM
A- A+

Elton Məmmədov: “O insanlara ar olsun”

"Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də bütün dünyaya 155 kanalla canlı yayımlanan beynəlxalq miqyaslı kiq-boksinq üzrə turnirin qalibidir. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər”.

Adalet.az xəbər verir ki, bu fikirlər "Axar.az”a millət vəkili Elton Məmmədov deyib. Deputat oğlu Elnur Məmmədov barədə mətbuatda yazılanlara münasibət bildirərkən onu da vurğulayıb ki, bu hərəkət azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır: "Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib. Övladlarım Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə gözü götürməyənlər əl-ayağa düşüb. Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlar da kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allaha həvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Mən də yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şey yoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfi adamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünü Allah özü açıb göstərəcək. Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Mən düşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşı da mübarizə aparım?”