adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Aprel 2014 11:55
5167
HADİSƏ
A- A+

AXCP-nin təşkilat sədri yol qəzasında öldü

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yol qəzası bu gün səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb. 1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi "Mercedes” markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Fizuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Zaqatala MRX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olanlardan Ramin Həsənov və Fizuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub. Dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.