adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 00:40
7738
İDMAN
A- A+

Rusların göz dikdiyi "bizim Kramarenko" haqda bilmədikləriniz

"Ədalət" qəzeti tanınmış futbolçularımızla bağlı yazılarını davam etdirir. Bu dəfə haqqında danışacağımız idmançı Azərbaycan futbolunun ən məşhur simalarından olan qapıçı Dmitri Kramarenkodur.
Dmitri Kramarenko 1974-cü ilin sentyabr ayının 12-də Bakıda anadan olub. Futbolçunun həyatı haqda danışmazdan öncə qeyd edək ki, Dimanın futbolu və məhz qapıçılığı seçməsi təsadüfi deyil. Çoxlarınızın da bildiyi kimi onun atası Sergey Kramarenko uzun illər "Neftçi"nin şərəfini qoruyub və sovet futbolunun məşhur simalarından olub.
Amma atası ilə Dimanı birləşdirən yeganə amil bəlkə də məhz futbol idi. Çünki Sergey Kramarenkodan fərqli olaraq oğlu Dmitriy xaraktercə həddən artıq sakit təbiətli insandır. Hətta ata Kramarenko müsahibələrinin birində oğlunun bu cəhətini bəyənmədiyini bildirmişdi. Doğrudan da Dmitri göründüyündən çox təmkinli və sakitdir. Baxmayaraq ki, zahirən çox aqressiv təsir bağışlayır. Hər halda 186 santimetrlik boy və iri cüssə öz sözünü deyir.
Dimtri Kramarenko peşəkar futbolçu karyerasına 1991-ci ildə cəmi 17 yaşı olarkən başlayıb. Onun ilk komandası Bakı "Dinamo"su olur. Burda cəmi 3 oyunda meydana çıxan 17 yaşlı Dima 1992-ci ildən etibarən "Neftçi"nin heyətinə cəlb edilir. 1992-93-cü illər mövsümünü flaqmanın şərəfini qoruyan qolkiper 31 oyunda meydana çıxır və qapısından 16 top buraxır. 1992-ci ildə "Neftçi"nin heyətində Azərbaycan çempionu olur. 1993-2004-cü illərdə Rusiyada çıxış edir.
Daha doğrusu, "Neftçi"dəki etibarlı oyunu və Rusiyadakı əlaqələr çox keçmədən qolkiperi bu ölkənin "Dinamo" (Moskva) klubuna gətirib çıxarır. Amma onun Rusiyadakı karyerası başlanğıcda elə də uğurlu alınmır. Cəmi 4 oyunda baş məçqşinin etibarını qazanan Kramarenko hər oyunda bir qol buraxır. "Dinamo"dan ayrılan qapıçı bu ölkənin "Torpedo" klubuna üz tutur. Amma bu dəfə də seçim düzgün edilmir. Belə ki, mövsüm ərzində cəmi 4 dəfə forma şansı qazanır və iki dəfə topu tordan çıxarır.
Bundan sonra isə Kramarenkonun uğurlu Rusiya karyerasına start verilir. Həmin dövrlər Rusiya çempionatının favoritlərindən sayılan "Alaniya"ya transfer olunun Dima 1996-1997-ci illər mövsümündə komanda ilə gümüş medalları qazanır. Mövsüm ərzində 31 dəfə forma geyinən çərçivə qoruyucusu cəmi 27 qol buraxır.
1998-ci ildə "Dinamo" (Moskva) yenidən həmyerlimizə elçi düşür. Amma bu dəfə daha təcrübəli və güclü qapaıçı olan Dima komandanın heyətində möhkəmlənə bilir. 1998-2001-ci illərdə bu komandanın şərəfini qoruyan Dima 45 dəfə forma geyinir, 57 top buraxır.
2002-2003-cü illər mövsümü Kramarenkonun karyerasnın sınaq dövrü kimi yadda qalır. Əvvəlcə İspaniyanın "Atetiko"(Madrid) komandasında baxıda olan qolkiper ardınca Rusiya MOİK-i ilə müqaviləyə imza atır. Amma bu müqavilə də uğursuz olur. Belə ki, Dima hərbçilərin heyətində cəmi üç dəfə meydana çıxır.
Ardınca "Baltika" Kramarenkonu heyətinə cəlb edir. 2004-cü ildə bu komandaya transfer olunan həmyerlimiz 15 dəfə forma geyinir.
2005-2006-ci illər mövsümündə Azərbaycana qayıdan Kramarenko "Karvan"ın heyətinə cəlb olunur. Burda meydana çıxdığı 28 matçda cəmi 12 top buraxır. Mövsümün sonunda isə komanda çempionatı ikinci pillədə başa vurur. Mövsüm başa çatan kimi yenidən Rusiya çempionatına üz tutan qəhrəmanımız bu dəfə "Terek"lə müqavilə bağlayır. Terekin heyətində 16 oyun keçirən Kramarenko 21 dəfə məyus olur. Bundan sonra isə Kramarenko karyerasının sonuna kimi ölkəmizdə çıxış edir.
Əvvəlcə 2007-2010-cu illərdə "Xəzər Lənkəran"ın formasını geyinən qolkiper həm Kamran Ağayev üçün böyük məktəb olur, həm də 36 dəfə meydana çıxmaqla cənubluların çərçivəsini qoruyur. Lənkərandan ayrılandan sonra isə 2010-2011-ci illər mövsümündə " İnter"ə transfer olunur və on oyunda çərçivəni qoruyur. Kramarenkonun futbolçu karyerasında son komanda isə "Simurq" olur və o 2012-2013-cü illər mövsümündə keçirdiyi 16 oyunla karyerasını 39 yaşında bitirir.
Hazırda "Qəbələ" komandasında qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirən Dima 1992-2005-ci illərdə Futbol üzrə Milli Komandamızın da şərəfini qoruyub. Hətta belə demək mümkünsə, bir zamanlar komandanın əvəzolunmaz qolkiperinə çevrilib. 33 dəfə ölkənin əsas komandasına dəvət alan Kramarenko 20 yaşında ikən Rusia olimpiya millisinin heyətində də cəmi bir oyun keçirib. Görünür elə həmin dövrdən ruslar indi Emin Mahmudov, Aleksandr Səmədov kimi futbolçularımıza göz dikdikləri kimi Kramarenkonu da "özəlləşdirmək" istəyirmişlər. Dima isə bütün müsahibələrində Bakıda doğulduğunu və buranı öz vətəni hesab etdiyini bildirib. Amma futbolçunun soyadına nəzər salanda onun Ukrayna əsilli olduğu açıq-aşkar görünür

İntiqam Valehoğlu