adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2014 00:25
13438
LAYİHƏ
A- A+

UĞURLARA İMZA ATAN İMİŞLİ

Bu gün regionların ümumi mənzərəsini göz önünə gətirərək birmənalı şəkildə etiraf etmək lazımdı ki, Azərbaycanın elə bir bölgəsi yoxdu ki, orada həyat qaynamasın, tikinti-quruculuq işləri aparılmasın. Təbii ki, respublikanın bütün rayonlarında eyni vaxtda start verilmiş bu inkişaf strategiyası yerli idarəçilərin, məmurların, iş adamlarının, xüsusilə rayon icra başçılarının peşəkarlığından bir növ asılıdır. Yəni bacarıqlı rəhbər işi elə nizamlayır, işi elə proqramlaşdırır ki, rayonun bütün sahələrində inkişaf özünü göstərir, rayonun ümumi mənzərəsi güzgü kimi göz önünə gəlir. Məhz bu da həm idarəetmək məharətini, həm də torpağa, millətə sevgini və nəhayət respublika prezidentinin etimadına cavabın göstəricisi kimi qiymətləndirilir. Axı hər rayon özünəməxsus coğrafiyaya, həmçinin sosial və iqtisadi bazaya malikdir. Həmin dəyərlərdən çıxış edərək rayonu inkişaf etdirmək, ön cərgəyə çıxarmaq dediyim şərtlərin əsas tələblərindəndi.
Bir qəribə gün idi. Həmin gün yəqin ki, respublika ictimaiyyətinin, xüsusilə seysmoloqların yaxşı yadında qalıb. Məhz o gün mərkəzi İmişli rayonu ərazisinə düşən zəlzələ baş verdi. Həmin zəlzələ günü İmişli rayonunun fəalları, eləcə də dövlət struktur nümayəndələri rayonun mədəniyyət evində icra hakimiyyətinin hesabatını dinləməyə toplaşmışdılar. İlk təkanda hər kəs vahimələndi. Demək olar ki. bir anda iclas zalı boşaldı. O isə öz yerində - rəyasət heyətində oturmuşdu. Sakitcə toplantı iştirakçılarının zala dönüşünü gözləyirdi. Belə də oldu və hər kəs yenidən öz yerini tutdu. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışını qaldığı yerdən davam etdi. Onun məruzəsində göstərilən faktlar, vurğulanan məqamlar təbii ki, rayon ictimaiyyətinin nümayəndələri üçün müəyyən qədər bəlli olsa da, amma necə deyərlər, təkrar biliyi bir az möhkəmləndirir.
Rayon icra hakimiyyətinin başçısı vurğuladı ki, bu gün İmişli sözün həqiq mənasında tikinti-quruculuq meydanıdı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli, 54 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Eyni zamanda, bu qəbildən olan ikinci bir 6 mərtəbəli, 54 mənzilli ictimai yaşayış binasının da tikinti-smeta sənədləri hazırlanmaqdadı. Ancaq biz rayonun ümumi mənzərəsini əgər sahələr üzrə qruplaşdırsaq, onda tikinti-abadlığın ön cərgəyə keçməsinin heç də təsadüfi olmadığını görərsiniz. Yəni ötən illərə qədər İmişlinin ümumi mənzərəsi daha çox unudulmuş bir məkanı xatırladırdı. Bu gün isə rayonda "Araz" ticarət, Uşaq Əyləncə Mərkəzi, Regional Ədliyyə Şöbəsinin 4 mərtəbəli inzibati binası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli Ərazi Sınaq və Sertfikatlaşdırma binalarının istifadəyə verilməsi rayonun ümumi mənzərəsini daha da canlandırıb. Eyni zamanda, şəhər mərkəzində aparılan təmir-bərpa işləri, köhnə binaların fasdlarının yenilənməsi, səkilərin, yolların, yol nişanlarının, eləcə də park və xiyabanların abadlaşdırılması İmişli sakinləri üçün əsl töhfədi.
Əgər rayon icra hakimiyyəti başçısının hesabat məruzəsindəki faktlara diqqət yetirsək, onda məlum olar ki, 2013-cü ildə rayonun maliyyə mənbələri hesabına iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 112693,8 min manat vəsait yönəldilmişdi. Bunun da 92,1 faizi tikinti-abadlış işlərinə sərf olunmuşdu. Bu da 2012-ci illə müqayisədə tikinti-abadlıq işlərinin görülməsinə sərf olunan vəsaitin 11.6 faiz artması deməkdi.
Məlumdu ki, İmişli daha çox kənd təsərrüfatı, yəni aqrar rayondu. Burada torpağın hər qarışı qiymətlidi. Sovet dönəmində daha çox pambıqçılıq və heyvandarlıqla məşğul olan İmişli sakinləri bu gün öz təsərrüfat yönümlərini xeyli dəyişiblər. İndi burada şəkər çuğunduru, bostan-tərəvəz məhsulları, eləcə də quşçuluq, heyvandarlıq və təbii ki, müəyyən qədər də pambıqçılıq sahəsi inkişaf etdirilir. Yəni insanlar onlar üçün səmərəli, faydalı olan, gəlir gətirən, tələbatlarını ödəyən sahələrin inkişafına xüsusi önəm verirlər. Təbii ki, torpaqların özəlləşdirilməsi, hər kəsin öz pay torpağına sahib olması bu məsələdə əsas söz sahibi olubdu. Ona görə də bu gün İmşlidə buğda, arpa, kartof, dənlik qarğıdalı, şəkər çuğunduru daha çox əkilib becərilir. Əgər rəqəmlərlə ifadə etsək, ötən ildən fərqli olaraq bu il İmişlidə 11971 hektar sahədə buğda, 5405 hektar sahədə isə arpa əkilmişdi. Bu da artıq aparılan becərmələrin suvarmaların nəticəsində yüksək məhsulun əldə olunacağına indidən ümid verir.
İmişlidə həmçinin istixanaların tikilməsi də son illərin ən yaxşı göstəricilərindəndi. Məhz həmin istixanaların hesabına rayonda yeni iş yerlərinin yaradılması, tərəvəz məhsulları ilə il boyu təminatı qaydalaşdırılmış və nəticədə məhsul istehsalına da öz təsirini göstərmişdi.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə