adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2014 00:06
14444
ƏDƏBİYYAT
A- A+

Yasəf Türksəs - 60

Bugünlərdə şair Yasəfin 60-cı baharı sakit bir şəkildə onun əlini sıxdı. Belə də olmalı idi. cəbrayıl həsrtəli, el-obasından didərgin şairin hay-küylü, təmtəraqlı yubiley keçirməsi nə imkanına, nə də yaşamına o qədər də uyğun olmadığından Yasəf elə sakitcə "60 yaşım mübarək!" dedi.
Biz də öz növbəmizdə şair Yasəf Türksəsi 60 yaşı münasibəti ilə təbrik edir və ona can sağlığı, uzun ömür, yaradıcılıq uğurları, xüsusilə Cəbrayıllı günlər arzu edirik.
60 yaşın mübarək, Yasəf!

ƏLİSƏMİD KÜRƏ

Əlisəmid Kür, ürəyinin çiçək yerindən mənə bir misra şeir ver, aparıb əkəcəyəm ürəklərin daşlığında.
Mənə bir misra şeir ver, söykənə bilim sürüşəndə ürəklərdən.
Mənə bir misra şeir ver, şam kimi əlimə götürüm, düşəndə ümidsizliyin qaranlığına.
Mənə bir misra şeir ver, kövrələndə üzümü çiyninə qoyub ağlayım, Əlisəmid Kür!
Bir parça mənə şeir ver, sözündən yıxılan şairlər bükməyə.
Bir bənd şeirinin götürmək istəyirəm mənasızlıq boşluğuna düşəndə əl uzatmağa...
Gözünün dibinə yığılan kədəri sıyır ver mənə, Əlisəmid Kür, mən dərd sevənəm!!!
Yumruğunu da götürmək istəyirəm hərdən özümlə, vura bilim, söz sürüşən sürtük sifətlərə,
Təpədən-dırnağa şair olmaz, qardaş!
Dönərsiz göz yaşına, qardaş, özünü gözlə.
Kövrəlmə tez-tez, dalğa kimi ürəyinlə çırpılma hər yetən dostlara, hər yetən dost səni duymaz, Əlisəmid Kür!
Bütün ömrü boyu şair olmaq olmaz, gəl hərdən doyunca içək, biz də qoşulaq bu ürəyi daş adamlara...
Şairlik yeyir ömrü su daşı yeyən kimi...
Sən elə şairsən ki, şairlik yeyir ömrünü daş daşı yeyən kimi!

QOCALA BİLMƏMİŞƏM

Özümə yaraşan günlərim az olub,
Kasıbçılıq dolu kimi döyüb taleyimi.
Haqsızlıqdan doğan bir kasıbçılıqla
Barışa bilməmişəm heç vaxt.
Həmişə özümdən zəiflər at oynadıb
Dörd yanımda.

Yaxşı oynamışam
Topum olmayıb,
Yaxşı qaçsam da
"ket"im olmayıb.
Yaxşı oxusam da
Qızara-qızara almışam "beş"lərimi...
Köhnə paltarımdan utanıb
Əzbər bildiyim dərsdən "iki" almışam.
Həmişə gecikdirərdim
sentyabrın 1-ni...

Uşaqlığımı
Təzədən yaşamaq istəmişəm həmişə.
Həmişə qanadsız quş kimi
çırpınmışam
Taleyimin əlində.
Haqsızlıq içində boğula-boğula,
Günlərimi poza-poza
Əlli yaşıma çatmışam.
Dərd loto daşları kimi doldurub
ömür kartlarımı.
Duyğularım əjdaha kimi atılıb üstümə
Qoymayıb məni qocalmağa.

Futbol oynayanda
"ket"im olmayıb uşaqlığımda.
İndi də şairəm -
Kitabım yoxdur.
Dirənmişəm həmişə bu taleyə
Duyğularımın inadıdır
Saçlarımın qaralığı.
Düyməçə arzulardan sinəmdə
bahardır -
Qocala bilməmişəm.

M.BƏYAZİDƏ


Bu kar, kor dünyanın
kirli ətəklərindən
Tutub nə istəyirdin, Mehdi Bəyazidi?
İstədin isti sözə bürüyəsən
Bu üşüyən dünyanı.
Dünya içindən üşüyür,
Mehdi Bəyazid, içindən.
Ümidlə açdığın qapılar
Üzünə bağlandı.
Söykəndiyin ürəklərdən yıxıla-yıxıla
Hara gedirdin, Mehdi Bəyazid?
Bir də söykənmə ürəklərə
İndii ürək əsmirdi, Mehdi Bəyazid?
Bu oxunmamış dualara
Sən də amin de.
Gücünü düzəlt -
İndi güc əsmirdi, Mehdi Bəyazid?
Sən çaldığın havaya
Təkcə mələklər oynayar!
Sən durduğun yerdə
adam həniri gəlməz,
küləklər oynayar diz verdiyin yerdə -
söz küləkləri Mehdi Bəyzadi!
At özünü zamanın
sınıq arabasından, qaç
Qaç bu dünyanın
Mehdi Bəyzadi adlı xarabasından.

HARDASAN, AY EV YİYƏSİ?


Ağas-ağacı saçlayıb
Yoncaların ağaclayıb
Darvaza
Qol qucaqlayıb
Hardasan, ay ev yiyəsi?
Güzgü sınıq,
Daraq ölü,
Məktub ölü,
Sağsağanda soraq ölü,
Hardasan, ay ev yiyəsi?
Quş cəftədə yuva qurub,
Hənir yoxdu zaman durub,
Başıma bəd hava vurub,
Hardasan, ay ev yiyəsi?
Quyu uçub,
Çarx sürüşüb,
Arxlara qarışqa düşüb.
Bayquş dinir
İt hürüşür,
Hardasan, ay ev yiyəsi?

HƏNDƏSƏ MÜƏLLİMİ MÜTƏLLİMƏ AÇIQ MƏKTUB


Sən yaxşı adam idin
Mütəllim müəllim.
Ancaq tövsiyələrin həyatda
Yaramadı mənə.
Zəhmət həmişə bəhər vermirmiş
Dostluq hardasa kəsişən
Paralellər kimidir.
Maddiymiş bütün sevgilərin mayası.
Sədaqət avamlıqla eyniləşir bəzən,
Cəsarət çox vaxt axmaqlığa
bərabər tutulur.
Düzlük bu ölkədə divanəlik kimidir.
Vətən dediyin
Kəsik müstəvi kimidir
indi mənim üçün.
Bu dünyada çox şey
Sən deyən kimi deyilmiş.
Bütün bitmiş fikirlər
Zamanla məhdudlaşır.
Heç üç bucağın bucaqlarının cəmi də
180 dərəcə deyilmiş.
Kütlənin də sabit olmadığı
bu dünyada
Nəyə söykənmək olarmış, müəllim.
Xoşbəxtlik ideyaların
və bayraqların altında olmur.
Uydurduğunuz nağıllar dağıldı tamam,
Deyərdin düz həmişə əyrini kəsər
əyri xəstə düz xətti.
Hər əyiləndə kəsə bilirmiş
Həndəsənin heç olmasa düz çıxan
Bir nəticəsini görə bilmədin.
Yazıqlar olsun sənə,
Mütəllim müəllim!