adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BU DA BELƏ BiR DüNYADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34841 | 2012-04-06 13:20
Son vaxtlar heç belə sıxılmamışdım. Doğrudan-doğruya ürəyim elə sıxıldı ki, sanki çox böyük bir günah işlətmişdim. Əslində doğrudan da günah olmuşdu, amma bilməyərəkdən. Bilməməyimin də əsas səbəbi zamanın qayğıları, artıq yaşadığım mənzilin divarlarına gəlib çatan söküntü və bir də yazı-pozularg
   
   Bütün bunlar məni müəyyən məqamlarda çıxılmaz duruma salır. Sonra da qalıram çapalaya-çapalaya. Amma yaxşı ki, söhbətlərin birində yaxınlardan eşitdim ki, sən demə onun 55 yaşı tamam olub. Özüm də bilmədən dilimdən bir söz çıxdı:
   
   - Ey, gidi dünya
   
   Bəli, səssiz-səmirsiz gəlib çatıb 55, heç kimin xəbəri olmayıb. Əslində xəbəri olanların və yaxud da xəbəri olmalıların bu 55-ə heç dəxli də yoxdur. Çünki indi adamların böyük bir qismi şəraitə, vəzifəyə, mövqeyə uyğun yanaşır hər şeyə. Bu yerdə istər-istəməz böyük Səməd Vurğunun bir misrası yadıma düşür. Çox qəribə misradı:
   
   
   
   Dünən hökm sürən,
   
   Bu gün can verir...
   
   
   
   Hə, heç bilmirəm hardan-hara getdim və necə gəlib yadıma düşdü bu misra. Amma əslində elə bu misranın da yeridi, məqamıdı və mən də həmin o məqama üz söykəyib xəyala dalıram, yadıma tələbəlik illərim düşür. O məndən iki kurs öndə oxuyurdu və onun qrup yoldaşlarından biri, yəni Mehdi mənimlə səmimi münasibətlərdə idi. Tez-tez ədəbiyyatdan, həyatdan danışırdıq onunla. Günlərin birində Mehdi mənə dedi ki, xəbərin var, sənin həmyerlin çox gözəl şeirlər yazır... Doğrusu, həmin o sözə qədər mən onun şeir yazdığını bilmirdim. Hətta Mehdi onun bir neçə şeirini əzbər dedi. Misralar məni əməlli-başlı özünə çəkdi, özünə bağladı...
   
   Bu hadisədən sonra o, təhsilini davam etdirmək üçün Moskvaya gedi. Əlaqələrimiz müəyyən müddətdə qırıldı. Sonra onu Dövlət Televiziyasının verilişlərindən birində gördüm və beləcə yavaş-yavaş onun adını, imzasını verilişlərin titillərində oxumağa başladım. Bunun ardınca həmin televiziyanın "Gənclik" baş redaksiyasında dəfələrlə görüşdük. Həyatımda özünəməxsus izlər buraxdı. Özü də təmannasız, minnətsiz...
   
   Bütün bunlar keçmiş xatirələrin bir yarpağıdır. Ona görə keçmiş deyirəm ki, o illər mənim üçün şirin bir xatirə kimi gəlib keçib. O illərdə mən sözün bütün mənalarında ürək dostları, könül sirdaşları qazanmışam. Təəssüf ki, Əzrayıl bizdən də yan ötməyib, bizim də sıramıza əl gəzdirib. Buna baxmayaraq, biz o bağlılığı, o səmimiyyəti qoruyub saxlaya bilmişik. Yenə də təmənnasız, yenə də minnətsiz...
   
   
   
   Səndən sonra yağan qar
   
   yağar bu şəhərin küçələrinə.
   
   Yağar bu şəhərin-
   
   ayı qaçırılmış,
   
   ulduzu doğranmış gecələrinə.
   
   
   
   Tənha küçələrdə qarılar gəzər,
   
   Yeriyər ağappaq qayğıları da.
   
   Bir gün bu şəhərin qarı ərisə,
   
   Əriyər ağappaq qarıları da.
   
   
   
   Hə, bu şeirin adı "Səndən sonra yağan qar" olsa da, əslində bu qar deyəsən elə sən olanda da yağır. Bilmirəm, zamanındandı, yoxsa təbiətdə baş verən son fəsadlardan. Hər nədisə, yağır ömrümüzə. Təəssüf ki, bu yağan qar elə sənin dediyin kimi: "Bu qar quşlara da çörək olmadı"!!!
   
   Allah sənə kömək olsun, bu zamanında yağmayan qar kimə kömək oldu ki, quşlara da çörək olsun. Amma yenə deyirəm, bu yağan qarı vecinə almayanlar da kifayət qədərdi. Bir dəfə məclislərin birində dostların israrından sonra bir şeir oxudum. Çox qəribə şeir idi. Bütün zamanlara, bütün məclislərə aid olan şeir.
   
   
   
   ...Fələk, bu qarnı tox, qalın
   
   Adamlar,
   
   Başdan ayağacan qarın
   
   adamlar
   
   Qoymur bu dünyada yolumu
   
   gedim
   
   Qoymur söz söyləyim, ümid
   
   eləyim...
   
   
   
   Qırıb budağını göy çinarların
   
   qarınlı adamlar gələr üstümə,
   
   Kabab döşəyərlər quzu
   
   ətindən,
   
   Qaçıb sığınaram göy
   
   tüstüsünə...
   
   Görən nə istəyir dəli adamlar,
   
   Bu sümük adamlar, dəri
   
   adamlar...
   
   
   
   Bilmirəm, dediklərim yerinə düşdü, yoxsa yox, amma həqiqətən biz yaman yaddaşsız oluruq son zamanlar. Unuduruq bizlə bir sırada duranı, bizə çiyin söykəyəni, biz güvəndiklərimizi... Elə bil dünən əlimizdən tutan, bizlə bir səngərdə dayanan və yaxud bizimlə fikir bölüşən kimsə olmayıb, elə tək olmuşuq, təkbaşına yol getmişik, yaşamışıq, vuruşmuşuq. Lakin bilməmişik ki, kimsə yanımızdadı! Görəsən niyə beləyik axı? Bəlkə bizdə nə isə çatmır? Nəyəsə ehtiyacımız var? Nədənsə müalicə olunmalıyıq?
   
   Eh, yenə suallar uzandı, calandı bir-birinə. Sonra da başlayacam öz-özümü qınamağa ki, niyə dünəni alt-üst elədim, xatirələrə əl uzatdım. Onları da pərən saldım, ürəyimi də...Və sənin bu yerdə misraların çatır köməyimə və alır məni sualların əlindən.
   
   Mən
   
   sakit baxa bilmirəm
   
   insanlar,
   
   dünyanın bu gedişinə-
   
   üzümüzə gələn gələcəyinə,
   
   üstümüzdən keçən keçmişinə.
   
   Bu
   
   səbri kasaların işidir,
   
   Bu
   
   səbrindən asılanların işidir.
   
   Mənimsə indidən əllərim əsir
   
   ömrümün bu çağında.
   
   Bir balaca ürəyim var-
   
   döyə-döyə öldürəcəm
   
   gözlərinizin qabağında.
   
   
   
   Ürəyimizi onsuz da paran-parça eləyiblər...dağlayıblar... yurdumuzu-yuvamızı viran qoyublar... bizə öz torpağımızda ad da tapıblar... ad da qoyublar. Və biz də bu yaralı ürəyimizi üstəlik özümüz sıxırıq, özümüz döyəşdəyirik, özümüz ağrıdırıq, özü də bilə-bilə... Bu da bizim çıxış yolumuzdu deyəsən. Amma qardaşım, biz heç, bəs bizdən sonra gələnlər, bizim böyütdüklərimiz? Onlar necə, onlar da bu ağrını yaşasın? Doğrudu, sən deyirsən ki:
   
   
   
   Bu uşaqlar
   
   heç nə bilmək istəmirlər-
   
   buludların yaxasını istəyirlər
   
   ulduzların ən uzağını
   
   sevincin
   
   ürəyin dözməyənini
   
   istəyirlər
   
   həsrətin ən qorxağını...
   
   
   
   Hə, deyəsən sağa-sola çox getdim. Amma məni qınama, bu var-gəl etməyim də elə-belə deyil. Çünki səninlə bölüşəndə, səninlə bir-birimizin iç dünyasından xəbər tutanda həm o yerlərə qayıdıram, həm də yüngülləşirəm. Mənə elə gəlir ki, hər şey keçəcək. Sular yenə öz səmtinə axacaq, zirvələrin qarı, dağların dumanı seyrələ bilər, pərən düşə bilməz. Bu mənim daxili əminliyimdi. Sadəcə, gözləmək, bir az səbrli olmaq qalır bizə, sənin dediyin kimi.
   
   
   
   Gözləyirəm nə vaxt keçər
   
   bir də burdan qatar yolu.
   
   Gözləməkdən çiçək açdı
   
   gözlərimdə bahar yolu.
   
   
   
   Qurtarmayan məhəbbətdir,
   
   Tükənməyən səxavətdir,
   
   Ömür ki, var - əmanətdir
   
   Gedər özü, qalar yolu.
   
   
   
   Tanrım, dağda güllər soldu,
   
   Külək vurdu, dən sovruldu,
   
   Hər şeyin ki, sonu yoldu-
   
   Apar ömrü, qaytar yolu.
   
   
   
   Bura qədər özümü birtəhər saxladım, hətta çox dəyərli bilgiyazarımız Gülər xanımın israrına baxmayaraq, kimdən yazdığımı, şeirin kimə aid olduğunu gizlətməyə çalışdım. Amma indi məqamı çatıb. Necə deyərlər, oxucuları intizarda qoymaq olmaz. Ona görə də üzümü sənə tuturam:
   
   - Qardaşım Bəxtiyar Qaraca! Mən sənin barəndə saatlarla danışa, saatlarla bilgisayar arxasında oturub yaza bilərəm. Amma sənin öz şəxsiyyətin, sənin öz dəsti xəttin məni bir az diqqətli olmağa məcbur edir. Bilirəm ki, qeyri-səmimiliyi, həddən ziyadə və bəzən də yersiz tərifləri heç xoşlamırsan. Bir şirin "salam!" sənin üçün saatlarla deyiləcək tərifdən irəlidi. Ona görə də mən heç bir əlavəsiz sənin 55 yaşını təbrik edirəm. Bağışla ki, əvvəldə dediyim kimi, qayğılardan gec ayıldım. Amma bilirəm ki, dost-qardaş təbriki gecikəndə də ləzzətini itirmir. Çünki ürəkdə olanın yeri təkcə doğum günü ilə bəlli deyil ki, onunla qiymətləndirilmir ki. Hər həlda biz bir-birimizi anlayırıq. Və...
   
   Bütün yazı boyu səninlə üz-üzə dayanmış kimi içimdən keçənlərin bir hissəsini bzümün sözümlə, sənin isə şeirlərinlə elə sənin özünə ünvanladım. Amma sonda bilmirəm nədənsə içimdən bir vaxtlar yazdığım şeirlərdən birinin sonluğu gəlib keçdi. Bu bənd əslində bir növü ad gününə hədiyyə edirəm.
   
   
   
   yoldaşlıq elə, yol gedək
   
   düşək bir sevgi izinə...
   
   ömrü bənövşə tək səpək
   
   dünyanın kömür üzünə...

TƏQVİM / ARXİV