adalet.az header logo
  • Bakı 17°C

Televiziya aparıcılarının yarıtmazlığı

19965 | 2012-04-06 07:57
Televiziya kəşf olunandan bu günə qədər keçdiyi inkişaf yoluna nəzər salsaq görərik ki, dünya ölkələrində bu sahə sürətlə və peşəkarcasına inkişaf edib. Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Sovet dövründə qurulan milli televiziyamız uzun və şərəfli yol keçsə də bizim televiziyanın gözəl günləri çox təəssüf ki, elə sovet dövründə də qalıb.
   
   Bu gün, özəl telekanalların sayı artsa da, sovet dövrü ilə müqayisədə xeyli yaradıcı azadlıq olsa da, TV-lərin vəziyyəti acınacaqlıdır. Xüsusilə televiziya aparıcılarının savadsızlığı və qeyri-peşəkarlığı seyirçi marağının azalmasına səbəb olur. Televiziyalar Azərbaycanın bütün təbəqələrinə xitab etmək qabiliyyətində deyillər. Bu isə qeyri-peşəkarlığın əsas göstəricisi hesab olunmalıdır. Televiziyalarımız şou-biznesin, yüngül düşüncə məhsulu olan proqramların, acı bağırsaq kimi uzanan serialların əsirinə çevrilib, savadsız, dünyagörüşsüz aparıcıların əlində oyuncağa çevrilib. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan serialların Azərbaycan televiziyalarının efirlərini işğal etməsi cəmiyyətin ən böyük problemlərindən biridir. Üstəlik maarifləndirici proqramların olmaması, bu tip proqramlara sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Maarifləndirici proqramlar adı ilə seyrçiyə sıranan proqramlar isə, orta məktəb viktorinalarını xatırladır. XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəssisi demək olar ki, düşündürmür. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar da illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideynlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkirlər.
   
   Son illər internet televiziyaların da sayı sürətlə artır. Regionlarda fəaliyyət göstərən televiziya şirkətləri də eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallar.
   
   Azərbaycan seyrçisi isə sanki milli televiziyalardan küsüb. Televiziyaların verdiyi xəbərlər, siyasi və analitik proqramlar digər proqramlara nisbətən peşəkarlığa hesablansa da, seyrçi bu proqramları da izləmir. Azərbaycan seyrçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Mənə elə gəlir ki, telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmirlər. Telekanallar bunu bacarsaydı, Azərbaycan insanı xarici telekanallara meyillənməzdi. Müşahidə eləmişəm ki, şou-proqramlarının aparıcıları özlərini həddindən artıq müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu sərbəstliyi və müasirlik görüntüsü yaratması cəhdləri çox zaman uğursuz olur və seyrçilər tərəfindən bayağılıq kimi qəbul edilir. Eyni zamanda aparıcıların bayağılığı və sərbəst davranışları pis nümunə kimi, gəncliyin formalaşmasına mənfi təsir göstərir. Telekanallarda sərbəst fikirli, savadlı, dünyagörüşlü jurnalistlər, mütəxəssislər çalışmalıdı. Belə olmasa az-çox intellekti olan tamaşaçı heç vaxt razı qalmayacaq. Telekanal yaradıcı insanların bərabər çalışdığı yerdir.Bu insanların intellekti, fantaziyası tamaşaçını qane edəcək nəyisə ortaya qoymalıdı. Bəli, ən böyük problem peşekarlığın lazımi səviyyədə olmamasındadır. Azərbaycan efirlərində ən böyük biabırçılıq və qeyri-peşəkarlıq aparıcılar arasında yayılıb. Mətni üzündən yaxşı oxumağı bacaran, səlis danışa bilən bütün yarıçılpaq qızları, rəngbərəng gədələri efirə doldururlar və buna seçim adı verirlər. Əslində rəvan danışan qızları yox, məntiqli və məzmunlu danışa bilən peşəkarları efirə çıxarmaq düzgündür. Rəvan və səlis danışsa da, danışığını bilməyən, tez-tez haqqında danışdığı mövzunu unudan bu cür qeyri-peşəkarların efirə çıxarılması, məncə, telekanallarımızın da nüfuzuna kölgə salır.
   
   Bəllidir ki, Azərbaycanda müəyyən ziyalı kəsim demək olar ki, Azərbaycan telekanallarını izləmir. Ziyalıların və qələm adamlarının televiziyalardan narazı qalmağının müxtəlif səbəbləri var. Məncə ən əsas səbəblərdən biri intellektual proqramların olmaması və qeyri-peşəkar aparıcıların "meydan sulaması" ziyalılarımızda inciklik yaradır. Televiziyaların vəziyyəti və aparıcıların səviyyəsi ilə bağlı bəzi qələm adamlarımızın fikirlərini öyrənməyə qərar verdim.
   
    Azərbaycan Radiosunun sabiq əməkdaşı, yazar Elnaz Eyvazlı bu sahədə olan təcrübəsinə söykənərək bizimlə fikirlərini bölüşür: "Bu gün Azərbaycan telekanallarının ciddi problemlərindən biri də aparıcı məsələsidir. Bu məsələyə bir neçə prizmadan yanaşmaq olar. Birincisi, dil məsələsidir ki, elə ən mühüm olanı da budur. Biz bilirik ki, radio, televiziya dili publisistik üslubun şifahi formasına daxildir. Bu üslubun da özünəməxsus qayda-qanunları mövcuddur. Bu qaydalarla səthi də olsa tanış olan tamaşaçı, aparıcının dilindəki qüsurları görməyə bilməz. Bizim əksər teleaparıcılar efiri çayxana iləmi, toyxana iləmi dəyişik salırlar. Onları izləyən xalqdır, bəli. Dil də mümkün qədər xalq dilinə yaxın, obrazlı olmalıdır, təbii. Ancaq bu, o demək deyil ki, loru sözləri, şit-şuluq zarafatları efirə gətirmək zorundadırlar. Axı onlara yalnız bir təbəqənin nümayəndələri baxmır. Hətta diqqət etsəniz, görərsiniz ki, Azərbaycan televiziyasının efirində bəzi teleaparıcılar veriliş boyu nə qədər varvarizmlərdən (alınma sözlərdən yox, məhz varvarizmlərdən) istifadə edirlər. Ancaq televiziya və radionun, ümumiyyətlə, mətbuatın vəzifəsi, borcu dilə xidmət etməkdir. Həm də mətbuat dilində gedən prosseslər ümumxalq dilinə təsir edir. Bu prosseslər qarşılıqlıdır. Bir dəfə maraq üçün verilişlərindən birində aparıcının dilindən on dəqiqə ərzində on altı rus sözü "tutdum". Prosta, uje, voobşe və s. bu kimi varvarizmlərin efirdən səslənməsi həm də dil haqqında qanunun pozulmasıdır. Hansı ki, Azərbaycan Respublikasının dövlət dili haqqında qanunun II fəslində (Maddə 6) göstərilir ki, "mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dovlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar". Və ya: "Hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına əməl etməlidirlər (Maddə 13 )". Əks təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Diqqət etsək, nəinki fonetik, bütün normaların ciddi şəkildə pozulduğunu görə bilərik. Bilirsiniz, bu dil məsələsi o qədər ciddi bir məsələdir ki, bundan ötrü narahat olmamaq qeyri-mümkündür. Bizim azyaşlı uşaqlar, gənclər, məktəblilər izləyir bu verilişləri. Hamı da eyni ağıl, məntiq və savada malik deyil ki, özlüyündə saf-çürük edib nəyin yanlış olduğunu anlasın. Axı mətbuat təbliğ edib yayan bir vasitədir. Dərsdə fonetik normanın xırdalıqlarını izah etdikdən sonra şagirdlərimdən biri dedi ki, ay müəllimə, belə çıxır ki, bizim televiziya aparıcılarının çoxunun bu normalardan xəbəri yoxdur ki...
   
   O ki qaldı qalan məsələlərə, efir mədəniyyəti, etik qaydalara riayət etmək və s. bunlar da hamısı göz qabağındadır. Biz hər şeyi qamarlayıb götürməyə, özümüzü başqalarına oxşatmağa nədənsə çox meyilliyik, ancaq gəlin görək hər şey orijinalda necədir? Türkiyə kanallarında da yemək, evlənmək verilişləri, müəyyən yarışmalar var. O verilişlərlə müqayisə etdikdə fərqi görməmək mümkün deyil. Ona görə o verilişlərlə deyirəm ki, verilişlərimizin çoxunun ideyası həmin kanallardan götürülür.
   
   Bəzi qadın aparıcıların geyim məsələsi. Hətta Avropa seriallarına baxsaq, görərik ki, elitar təbəqədən olan adamlar yarıçılpaq qızlara, qadınlara "küçə qadını" - deyə tənə edir. Mən müasirliyin, inkişafın qətiyyən əleyhinə deyiləm, ancaq soyunmağa da müasirliyin göstəricisi kimi baxmıram, xüsusən də, efirdə. Geyim mədəniyyəti deyilən bir mədəniyyət də var axı...
   
   Təbii ki, yaxşı aparıcılar da var. Ancaq, düzünü desəm, sözün həqiqi mənasında əsəblərimə toxunan verilişlər və aparıcılar var deyə, son vaxtlar, mümkün qədər televiziyanı izləmirəm."
   
   Şair Rəfael Tağızadə də televiziyaların vəziyyətindən və aparıcılardan narazıdır: "Başqa ölkələrin aparıcılarına baxanda düşünürsən ki, görəsən bizim aparıcılar özlərindən başqa kiməsə baxırmı, qulaq asırmı?! Özlərini hamıdan savadlı hiss edirlər. Özlərindən çox razıdırlar. Dəvət etdikləri qonaqlara şou müğənniləri kimi yanaşırlar. Hamının sözünü istədiyi vaxt kəsirlər, heç kimi axıradək dinləmək istəmirlər. Kiminlə söhbət apardıqlarının fərqinə varmırlar. Hazırlıqlı deyillər. Tamaşaçını və dinləyicini də, onların içərisində daha savadlı və peşəkar insanların olduğunu düşünmürlər. Ona görə də bizim televiziyalara baxanların sayı get-gedə azalır. Əksəriyyət verilişlərə dəvətdən qaçırlar. Mərdi qova-qova namərd çıxartdıqlarından. Dəvətlilərin uyğunsuzluğundan. Bunları kimin seçməsi də vacib şərtlərdən biridir. Məsələlər burdan başlayır. İçərilərində savadlı, öz işinin professionalı olanlar da var. Amma çox az sayda. Adamın içindən öz dilində gözəl verilişlərə baxmaq keçir..."
   
   Gənc yazar Alpay Azəri qane edən aparıcılar var və o nikbindir: Təbii ki, Azərbaycanın efir məkanında bəyəndiyim aparıcılar var. Birmənalı olaraq hamını pisləyə bilmərəm. Teleaparıcılardan Emin Musəvi məni qane edir. Sualları adekvatdı, intervü aparmaq mədəniyyəti yetərincədir. Bu siyahıya Mir Şahini (əvvəl apardığı tok-şou verilişləri nəzərdə tutulur), Xoşqədəm Hidayətqızını da əlavə etmək olar. Kimlərisə unuda da bilərəm. Amma əminəm ki, bizdə yaxşı teleaparıcılar var."
   
   Gənc şair Seyid Ramin aparıcıların böyük əksəriyyətindən narazıdır: "Aparıcıların əksəriyyəti demək olar ki, qane etmir. Məncə, intellektual səviyyəsi aşağı olan aparıcıların peşəkarlığından söhbət belə gedə bilməz. Mənim ən bəyəndiyim aparıcılar ANS tv-nin jurnalistləri Orxan Fikrətoğlu, Sevinc Osmanqızı və Mir Şahindir. Amma hal-hazırda televiziyada çalışmayan bəzi jurnalistlər də var ki, onların televiziyadan kənar qalması məndə çox təssüf doğurur. Bunlar Həmid Herisçi və İlhamiyə Rzadır."

TƏQVİM / ARXİV