adalet.az header logo
  • Bakı 20°C
22 Aprel 2014 08:34
30453
MARAQLI
A- A+

Bu taksilər Xəzərdə üzəcək - İlk dəfə

Yaxın aylarda Bakıda dəniz taksisi fəaliyyətə başlaya bilər. 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Oyunları ərəfəsində istifadəyə veriləcək dəniz taksisi üçün ayrıca vağzalın tikintisi də nəzərdə tutulub. Ancaq taksilər üçün vağzal tikilənə kimi bulvarda kiçik dəniz taksiləri fəaliyyətə başlaya bilər.

Adalet.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək. Artıq buxtaya 34 gəzinti kateri gətirilib.

Digər katerlər isə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun sifarişi ilə Türkiyədə istehsal olunur.

Qüdrət Qurbanov mətbuata açıqlamasında deyib ki, dəniz taksisi ancaq paytaxt daxilində fəaliyyət göstərəcək. Taksilər 5 istiqamət üzrə hərəkət edəcək.
Məlumat üçün bildirək ki, 1970-cI ildən fəaliyyət göstərən Bakı Dəniz vağzalından Qazaxıstan, Türkmənistan, Rusiyaya və İrana gəmi-bərələr işləyir. Xəzər dənizində Ənzəli-Bakı, Bakı-Ənzəli sərnişin reysi həftədə iki dəfə həyata keçirilir. Gəmilərin hər biri 150 sərnişin üçün nəzərdə tutulub. Bakı Dəniz Vağzalından iki gəmi isə hər gün Neft Daşlarına reyslər həyata keçirir.

Mövzu ilə bağlı qəzetimizə şərh verən nəqliyyat sahəsi üzrə ekspert Nemət Ağalarovun sözlərinə görə, Bakıda dəniz taksilərinin fəaliyyətə başlaması sərnişindaşımada dönüş yarada bilər: "Sovet dövründə Xəzər dənizində sərnişin daşıyan kiçik bərələr fəaliyyət göstərib. Ola bilər ki, dəniz vasitəsilə səfər etmək vaxt baxımından sərfəli olmasın. Ancaq bunu da qiymət vasitəsilə tənzimləmək mümkündür. Biz hansısa bir alternativ sərnişindaşımanı inkişaf etdirmək istəyiriksə mütləq vətəndaşların maraqlarını təmin etməliyik. Onlar üçün rahat və sərfəli təklif irəli sürməliyik”.

Hazırda Bakının böyük nəqliyyat problemi ilə üzləşdiyini söyləyən ekspertin sözlərinə görə, yolların genişləndirilməsi, körpü və tunellərin tikilməsi bu problemi həll etməyib: "Bu qədər körpü və tunel tikildi, yollar genişləndirildi. Dəyişən bir şey yoxdur. Bu gün sutkanın pik saatlarında Bakının iri küçə və prospektlərində saatlarla tıxac yaranır. Tıxac yaradan amillər isə saymaqla bitməz. Azərbaycanda alternativ nəqliyyat növləri fəaliyyət başlamadıqca və normal yol infrastrukturu işlənib hazırlanmayınca bu kimi problemlərlə biz növbəti illərdə də rastlaşacağıq”.

Qeyd edək ki, 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya oyunlarına kimi, paytaxtda nəqliyyat sahəsində ciddi addımlar atılıb. Metro keçidlərində ticarət köşkləri yığışdırılıb və orada rəsmən ticarətə qadağa qoyulub. Eyni zamanda paytaxtda fəaliyyət göstərən marşrut avtobusları Nəqliyyat Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib.