adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dərdi sındıran adam

19772 | 2012-04-05 08:05
Vaxtı qaçırmaqdan qorxuram. Həqiqətən, birdən vaxt gələr və sənin haqqında düşündüklərimi yazmağa vaxtım, zamanım olmaz. Bilirəm ki, zaman çox sürətlə, özü də izahedilməz sürətlə keçir. Mənə elə gəlir ki, biz hələ bir həftə öncə tanış olmuşuq. Sən qarşındakı pivə bakalında bir udum alıb, təbəssümlə üzümə baxırsan. Sakit-sakit sarıqlı qollarıma baxıb, Elçin Şıxlının sənə danışdığı, İsmayıl Şıxlı ilə Zəlimxan Yaqub arasındakı dialoqu mənə danışıb sonra da fikrini qüvvətləndirirsən: "Sən nəyin dərdini çəkirsən ki? Sən, İlqar Rəsulla oturmusan!". Əvvəlcə bu fikirlər məni o qədər də təsirləndirmədi, adi bir fikir kimi yaddaşımın alt qatına ötürüldü. Çünki bütün fikrim, düşüncəm uğursuzluqlarımın yanında idi. Sonuncu pivəni içəndə bədənimə bir istilik yayıldı və daxilən bir neçə il qocaldığımı hiss elədim. O gün, ilk dəfə üz-üzə oturub dərdləşdiyimiz gecə, başa düşdüm ki, səninlə rastlaşmağım təsadüfi deyil. Ümumiyyətlə təsadüflərə birmənalı olaraq inanmıram. Hər şeydə ciddi bir hikmət var, düşüncəsindəyəm. Hə, o gecə...O gecə etiraf edim ki, çox şey dəyişdi həyatımda və ilk dəfə kiməsə lazım olduğumu anladım. (Əvvəl elə bilirdim ki, bütün doğmalarım mənə lazım olduğu üçün var.) O gecə 2-3 saatlıq görüşümüzdən sonra evə gedəndə hiss elədim ki, qolumdakı yara yerlərindən daha çox boğazım ağrıyır. Dişimi-dişimə sıxıb ağlamamağa çalışdıqca qəhərdən boğazım tutulmuşdu. O gecə, balkona çıxıb üzü küləyə doyunca hönkürmüşdüm. İlk və son dəfə sənin yanında ağlamamaq üçün özümü sıxdım. O görüşdən sonra qərar vermişdim ki, vaxtı qaçırmaq yox, dəyərləndirmək lazımdır. Bütün gücümlə vaxtın əlimdən sivişib qaçmasına əngəl olmağa çalışırdım. Anlamışdım vaxtın və insanın dəyərli olduğunu.
   
   
   
   "Qanınızı çox qaraltmayın, o onsuz da ağ deyil"
   
   
   
   Çox nadir hallarda üzüm gülərdi. Əslində gülməyi də, insanlarla normal ünsiyyət qurmağı da yadırğamışdım. Dörd divar və darısqal kirayə mənzildən kənara çıxmaq istəmirdim. İnsanlardan qaçırdım. Özümə qapılıb ancaq düşünməklə məşğul idim. Qəfildən görüşdük. İlk dəfə tanış olmağımız da təsadüfi olmuşdu. İndiki kimi yadımdadır, sənin apardığın radioproqramın qonağı idim. Sonra daha bir proqram və biz görüşdük... İlk görüşdən sənin xarizman və ünsiyyətcilliyin məni xilas elədi. Və o gündən biz dostlaşdıq. Mən sənin simanda dəyərli bir dost qazandım. Bütün günü qanıqara, özümə qapanıq olsam da, həyatımda qəfil bir ümid işığı parıldadı. Qanıqara gəzməyin son çıxış yolu olmadğını da anladım. Daha sıx görüşməyə və münasibətlərimizi dərinləşdirməyə başladıq. Bir gün dərk elədim ki, səninlə görüşmək artıq daxili bir ehtiyacdır. Səni öz doğmalarımdan biri kimi sevməyə, görməyəndə darıxmağa başladım. Səndən öyrənməyə başladım. Həyatı, insanları, yaşamağı səndən öyrəndim. Səndəki işıqdan, səndəki insan sevgisindən və bütöv xarakterdən güc aldım. Həm özümü və insanları, həm də özümdə və insanlarda kəşf edə bilmədiyim xüsusiyyətləri kəşf elədim. Sən məni dəyişdirməyi bacarmasan da, öz halımda formalaşmağıma kömək elədim. Məndə insanlara heç zaman itməyəcək inam formalaşdırdın.
   
   Tanışlığımızın ömrü bəlkə də çox qısadır. 30, 40, 50 ilin dostları var. Amma illər yox, insandakı işığı dərk edə bilmək önəmli imiş. Soruşan olsa, deyərəm ki, İlqar Rəsulu yüz ildi tanıyıram. Qısa müddətli, amma güclü dostluğumuz yarandı. Bu müddətdə iki dəfə ürəklə, canla-başla çalışdığım, sevdiyim işdən ayrıldım. İkisində də sənin sayəndə anladım ki, qanımı qaraltmağa dəyməz. Zatən qanımın ağ olmadığını bilirdim. Ancaq bilmirdim ki, yaşamaq üçün stimul alacaq çox şey var. Bütün görüşlərimizi yazmağa imkanım olsa böyük bir didaktik kitab olar. Bizim görüşlərimizdə sənin dediyin fikirlər, xarakter və düşüncələrin məni rəsmən ovsunladı. Başa düşdüm ki, sənin kimi dostu olan qanını qaraltmamalıdır. Sən gözümün qarşısında nəhəng dərdləri sındırırdın.
   
   
   
   "Həyatda hər şeylə barışmaq, həyatda hər şeydən küsmək deməkdir..."
   
   
   
   İlk dəfə oturub dərdləşəndə qardaşını necə itirdiyini, bu vaxtsız itkiyə necə qatlandığını danışmışdın. Gözlərində izaholunmaz, təsvirəgəlməz kədər vardı. Bütün dostlara pozitiv enerji ötürsən də, sonradan da gözlərindəki o ağır kədər yükünü çox müşahidə eləmişəm. Hamını depressiyadan çıxarıb, özün bir dünya kədərlə yollanmısan evə. Hamıya ürək-dirək verib, bəlkə də bir kəlmə təsəlli eşitmək ümidini itirmiş halda tərk eləmisən məclisi. Dostlar övladından uzaqda qalanda sən körpə övladını, dostlar anasını az-az görməkdən şikayətlənəndə sən ananı dəfn eləmisən. Xanımın üçün etdiyin fədakarlıqlar, gecə-gendüz çırpınmağın hələ də yadımdan çıxmayıb. O ağır günlərdə sənə nə isə olacağından qorxurdum. Görüşəndə sənin daha çox dərd çəkməyin məni də üzür, əziyyət verirdi. Sən zəif cüssənlə, nələrə qatlanmadın? Əvvəl övladını, sonra çox yaxın dostunu(əslində dostumuzu), sonra ananı itirdin. Amma sevdiyin işini bir gün də olsun axsatmadın. Əzimkarlığın mənə böyük dərslər verdi. Etiraf edim ki, sənin bir ildə sinə gərdiyin acılar və acılara meydan oxumağın mənə ağlamamağı öyrətdi.
   
   Həyat sınağa çəkdikcə sən əzmlə dayandın. Susmadığın tək bir şey gördüm:haqsızlıq! Sözün bütün mənasıyla haqsızlıqla savaşdın. Sən hər zaman qəlbimdə gəzdirdiyim adam idin. Xəyalını qurduğum həqiqi, bəzək-düzəksiz, bütün saxtalıqlardan uzaq insan tipi. Və bir gün qabağıma çıxıb haralarda olduğumu soruşdun, o gündən üzüm gülməyə başladı. Necə də gözəl demisən: "Səni daim qəlbində gəzdirdiyini düşündüyün adam, bir gün rastına çıxıb haralarda olduğunu soruşsa..."
   
   Bu cümləni oxuyandan bütün qəlbimdə gəzdirdiyim adamları axtarmağa, tapdıqca dəyərini verməyə, qədrini bilməyə başladım...
   
   
   
   "Kitabınızı atılmaq üçün deyil, satılmaq üçün nəşr etdirin..."
   
   
   
   Sənin yaradıcılığından danışmadan keçə bilmərəm. Hər şeydən əvvəl sən iddiasız, amma böyük istedadlı, ustad nasirsən. Hekayələrin və kiçik həcmli janrsız yazıların belə insanın diqqətini cəlb eliyir. "Xərçəng və qırmızı tramvay", "Dünənə zəng", "İnsan", "Antraktida", "İkiallahlılıq" və indi adını xatırlamadığım digər hekayələrin oxucunu silkələyir. Qısa yazılara bu qıədər diqqət çəkmək də elə-belə, asan başa gəlməmişdi. Hərdən nə üçün hekayələri qısa yazmağını maraqlananlara, "qısa yazmaqla nəyə nail olmaq istəyirsən?" deyə soruşanlara verdiyin cavab da orjinaldır: "Hekayələrin həcmini bir cümləyə endirib, sonra dayanacam".
   
   Sənin hekayələrindəki insan mənzərələri və həyat detalları çoxusunun görüb, amma yanından düz keçdiyi detallardır Sən isə hamının gördüyünü, bəzənsə görməzdən gəldiyini ustalıqla nəsrə gətirirsən. Əslində, sevdiyim bir dostumun yaradıcılığı haqqında danışmaq çətindir. Çünki hardasa yanlışa yol verməkdən, səhv anlaşılmaqdan qorxuram.
   
   Müharibə haqqında yazdığın qısa hekayələr olduqca maraqlı və orjinaldır. Məsələn, "Boğanaq" hekayəsindəki cəmi bir cümlə I Qarabağ müharibəsinin mahiyyətini olduğu kimi açır.
   
   "Sahə müvəkkili dinmirdi. Deyəsən məni küçədən tutub zorla cəbhəyə göndərdiyinə görə canına qorxu düşmüşdü." Şəhid əsgərin monoloqu əslində yüzlərlə günahsız müharibə qurbanının ah-naləsi şəklində, ağır bir enerji axını şəklində üstümüzə qayıdır. Əslində sənin qaldırdığın problem təkcə I Qarabağ müharibəsi deyil, sən insanı və insan yaşantılarını, insan düşüncələrini yazırsan. Bütün işin gücün, qaldırdığın problem də, həll etməyə çalışdığın problem də insan problemidir.
   
   Mənə elə gəlir ki, Allahla insan arasındakı ən sərt, ən ağır dialoqu "İkiallahlılıq" hekayəndə yazmısan.
   
   "Bir gün Anamı öldürdüm. Dəfnə Allah gəldi:
   
   - Başın sağ olsun!
   
   - Səndən narazıyam!
   
   - Sənin bilmədiyin məsələlər var.
   
   - Mənim bildiklərin narazı qalmaq üçün kifayət edir.
   
   - O dünyası yaxşı olacaq.
   
   - O tərəfdə yaxşı olacaq deyə İnsana bu tərəfdə bir belə zülm eləməzlər.
   
   - Belə olmalıdır.
   
   - Mən belə Allahlığı qəbul etmirəm.
   
   - Başın sağ olsun."
   
   Qəfildən bu sərt dialoqu xatırladığım üçün, ilk olaraq onu sitat gətirdim. Amma həmin hekayədə az qala hər fikir, hər cümlə bir aforizmdir.
   
   "...Nə yazıqlar ki, Ayağının altında Cənnət olan Analar çox vaxt çiynilərində Cəhənnəm yükü daşıyırlar. Daşıya -daşıya da uşaqları böyütməyə çalışırlar. Amma əslində uşaqlar Analar öləndən sonra böyüyürlər..."
   
   Sənin qısa və maraqlı yazılarının daimi oxucusu kimi, sənin nə vaxtsa çıxacaq kitabının yolunu səbrsizliklə gözləyirəm. Bir gün ortalığa çıxacaq yolunu gözlədiyimiz o kitab mütləq oxunacaq və seviləcək bir kitab olacaq.
   
   
   
   "Yaman basırıqdır,dur gedək bu dünyadan..."
   
   
   
   Bu yazıya başlayanda bilirdim ki, sən bir yazıya sığacaq insan deyilsən. Yazımın əvvəlində dediyim kimi, görüşlərimizi və hər görüşdə danışdıqlarımızı yazsam qalın, irihəcimli bir kitab olar. Amma buna imkanım yoxdur. Nə yaxşı ki, bu dünyada sənin kimi əvəzsiz, dəyişilməz dostlar var. Bu qısa vaxtda birlikdə çox maraqlı xatirələrimiz olub. Neçə-neçə insan qazanıb, neçə-neçə insan itirmişəm. Qısa ömrümdə bir müdrik qocanın ömrünü yaşamışam sanki, yorulduğum, özümdən bezdiyim vaxtlar da olub. Kiminsə nadürüstlüyünü özümə dərd eləyib ağlamışam da. Səmanın altında nə varsa, hamısının müvəqqəti olduğunu anlayana qədər çox çırpınmışam.
   
   Hərdən içkidən gözlərim xumarlana-xumarlana qarşında oturub demişəm ki, "Heç nə yaxşı olmayacaq abi!" Amma sonradan anlamışam ki, yaxşı da, pis də, ideal hesab elədiyimiz vəziyyət də əbədi deyil. Hərdən isə istəmişəm sənə bir mesaj yazam, istəmişəm yazam ki, "Yaman basırıqdır, dur gedək bu dünyadan..." Amma nədənsə yazmamışam. Onsuzda bir gün hamımız, gedəcəyik. Hələ ki, qalmalıyıq. Sonsuz səmanın altında, bu basa-basda bizim də lazım olduğumuz adamlar var.
   
   Hə, bir də səndən öyrəndiyim ən önəmli məsələni də yazmasam olmaz. "Ölkəm və oğlum" adlı yazında belə bir cümlə var: "Bir az da ağla. Qorxma ayıb olmaz...."
   
   Oğluna, gələcəyin kişisinə ünvanlamısan bu fikri. Deməli, kişi ya da qadın olmasından asılı olmayaraq, ağlamaq heç də həmişə zəiflik deyil. Bəzən güclülər də, ağlayır. İndi mən bu yazını yazarkən məni bürümüş kədərə bir az güləcəm. Amma, "Bir az da ağlayacam. Bilirəm, ayıb olmaz..."

TƏQVİM / ARXİV