adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TALELƏRİ ƏBƏDİLƏŞDİRƏN ADAM...

BABƏK YUSİFOĞLU
1138231 | 2014-04-22 00:46
Məndən yaşca xeyli böyük olan dostlarımdan biri vaxtıyla belə bir söz söyləmişdi: arzusunda olduğun nəyəsə çatmaq istəyirsənsə, durmadan halallıqla çalış, Allah mütləq sənin üçün həmin yoldakı qapıları açacaq. Özü də mütləq açacaq. Yetər ki, sən çalış, sən cəhd elə...
Əslində bu bir elmi tezis, aksiom və ya fəlsəfi kəlam olmasa da həyatım boyu söylənənlərin doğruluğunu gördüm. Və bunu təsdiqləyən nümunələri sadalamaqla mümkün deyil.
gO da arzuladıqlarının, yaşamaq istədiklərinin ardınca getdi... Bəlkə özünün də xəbəri yoxdu, amma Tanrı həmin yolda önünü işıqlandırdı... Əgər belə olmasaydı dünya onu tanıya bilməzdi... Əgər belə olmasaydı milyonların sevgisini qazanmazdı...

(Əvvəli qəzetin 15 aprel sayında)

XƏSTƏLƏNMƏSİ...

Saatlarla tənhalığa çəkilən, mehmanxanadakı otağından çıxmayan, kimsəylə bir kəlmə kəsmək istəməyən Fellininin psixoloji durumu heç də normal görünmürdü. Onda yuxusuzluq sindromu da başlamışdı. Amma problemlər heç də bununla bitmirdi. Belə ki, son günlər səbəbsiz yerə dərin əndişəyə qapılır, hətta bəzi hallarda onu naməlum bir qorxu bürüyürdü. Ruhu sanki özü öz içərisindən qurtulmaq üçün çırpınırdı.
Lakin heç də demək olmazdı ki, Federiko ətrafındakıların fərqində deyil, baş verənləri anlamırdı. Xeyr, şüuru, ağlı yerindəydi. Vəziyyətini özü də anlayırdı. Çünki belə olmasaydı o, ciddi-cəhdlə durumunu hər kəsdən, hətta arvadı Cülyettadan belə gizlətməyə çalışmazdı. Lakin onsuz da ərinin halından xəbərdar olan, baş verənləri həyəcanla izləyən Cülyetta nəhayət həkimə müraciət etmək məcburiyyətində qaldı və sonucda onu müalicəyə göndərdi.
Və bu addım ailənin ümidlərini boşa çıxarmadı. Müalicə müsbət nəticə verdiyindən bir müddət sonra Federiko özünün adi həyatına döndü. Əlbəttə, o, kinosuz, amalına çevrilən məşğuliyyətsiz yaşaya bilməzdi. Ona görə də vaxt itirmədən işinə başladı. Federiko Fellininin həm çoxlu işi, həm də sənətinə aid saysız-hesabsız ideyaları yarımçıq qalmışdı...

SEÇDİYİ YOLUN PARILTILARI VƏ...

Elə ilk filmləri sırasında olan "Ağ şeyx"(1952), "Ana uşaqları" (1953), "Yol" (1954) filmləri ona böyük şöhrət qazandırdı. Artıq insanlar sorğulamadan, tərəddüd etmədən Fellininin filmlərinə tamaşa etməyə can atırdılar. Çünki hər kəs inanmağa başlamışdı ki, müəllifi Federiko Fellini olan istənilən film onların zövqünə oxşayacaq.
Əslində onlar haqlı idilər. Çünki bir sıra sənət adamının onun haqqında dediyi kimi, Fellini gəldiyi həyatın gerçək üzünü, yaşamaq uğrunda çarpışanların, yaxud zövq alanların psixologiyasını yaxşı bilir və onları eyni uğurla ekranda canlandırmağı bacarırdı. Tamaşaçılarsa filmdə olduqları dünyanın gerçək simasını, öz sıralarındakı insanların taleyini görürürlər.
Bunlarla yanaşı onun filmlərini diqqətlə izləyən tamaşaçı istedadın ekranda müxtəlif çalarlarını da görməmiş deyildi. Çünki Fellininin yaradıcılığında realizmin, romantikanın, irrasionallığın, dini, eləcə də satrik motivlərin, həyatın kəskin emosional... çalarlarını açıq şəkildə seyr edə bilirdi. Bir sıra kino tənqidçiləri Federiko Felininin filmlərində ideoloji istiqamətin də olduğunu bildirirdilər. Əslində bütün sadalanan və sadalanmayanlar bir sənətkarın həmişə axtarışda olduğu, tamaşaçıyla "dil tapmağa" çalışdığı, özünü daim sınadığı anlamına gəlir ki, bunlar da belələrini zirvələrə daşımağa bəs edir. Necə ki, Fellinini daşıdı...
Bütün işlər əla gedirdi. Ailə maddi cəhətdən də özünü düzəltmiş, yaşam üçün özlərinə yaxşı şərait yarada bilmişdi. Hətta Cülyettanın da ulduzu parlamaqda, artıq bir sıra uğurar əldə etməkdəydi. Lakin növbəti filmi Felliniləri bir qədər silkələdi. Belə ki, rejissorun 1955-ci ildə tamamladığı növbəti lenti - "Dələduzluq" uğursuzluqla qarşılaşdı. Əlbəttə, bu qədər görkəmli işin içərisində bəzi boşluqların görünməsi əslində böyük fəlakət demək deyildi. Hətta bu təbii idi. Lakin həmin dövrdə bu tip uğursuzluğun təkrarlanması hər hansı rejissorun, prodüserin parlaq imicinə təhlükə yaşada bilərdi.

"OSKAR"LAR

Amma Fellini istedadı hər şeyi yoluna qoydu. 1957-ci ildə pərəstişkarları "Kabiriyanın gecələri" filmində əsl şedevrlə tanış oldular. Tamaşaçılar ekranda o zamanlar üçün tipik olan italyan həyatının gerçəklərini görmüşdülər. Mövcud olmaq üçün bədənini satan bir pozğun qadın heç də yaşayışından razı deyil. O, nəyin bahasına olursa-olsun həyatını dəyişməyə çalışır. Lakin hər dəfə xəyalları suya düşsə də Kabiriya ümidini itirmək istəmir və xoşbəxtliyinin ardınca gedir.
Əlbəttə, burada baş qəhrəman - Kabiriyanın obrazını canlandıran Cülyetta Mazinanın da ustalığını qeyd etməmək günah olar. Çox qısa ifadə etsək belə deyə bilərik: aktrisa filmdə gerçək bir Kabiriya olmuşdu. Bəli, təkcə bu cütlüyün filmdəki uğurları danılmazdır. Lakin onu da qeyd etmək lazımdı ki, Fellini xristian düşüncəsindəki Xeyirlə Şərin əbədi mübarizə ideyasını bu filmdə ustalıqla vermişdi.
Bu böyük kino adamının yaradıcılıq illərinə nəzər salanda onun enerjisinə qibtə edirsən. İstər-istəməz təəccüblənirsən ki, bunların öhdəsindən necə gəlmək mümkündü ki? Fasiləsiz çalışmaq, yazmaq, çəkiliş meydançalarında tər tökmək, yeni ideyalar tapmaq,,, Amma Felliniyə görə bütün bunlara dəyərdi. Və əlbəttə, bütün bunlar bəhrəsini də verməkdəydi.
Bir neçə il əvvəl lentə aldığı "Yol" filminə görə Fellini ilk "Oskar"ını aldı. Lakin "iş" bunla bitmədi: bircə il sonra "Kabiriyanın gecələri" filmi həmin mükafatı ikinci dəfə onun əllərinə gətirdi. Maraqlıdı, o, artıq qısa zaman içərisində dünya arenasına çıxmağı da bacarmışdı. Federikonun siyahısı elə də uzun olmayan filmləri müxtəlif ölkələrin ekranlarını bəzəməkdəydi. Və buna görə dünya kino aləminə yeni bir möhtəşəm imzanın gəldiyini demək mümkün idi.

NƏHƏNGLƏRİN DUETİ

Belə demək mümkünsə, gənc Fellini artıq italiya kinosonun fəxrinə çevrilməyə başlamışdı. 1960-cı ilə təsadüf edən növbəti filmi sanki onun adına aid olan müvəffəqiyyətlərin təsdiqinə çevrildi. Bəzi məşhur kino xadimləri hətta bu lenti - "Ləzətli həyat" filmini o ilərə qədərki Fellini yaradıcılığının şedevri adlandırırlar. Bu əsərində müəllif yaşamın gözəlliklərini önə çəkərək əslində həyatın bəzi sehirli anlardan ibarət olduğunu və bu şirinliyin hər kəs üçün əlçatan yerdə durduğunu deməyə çalışmışdı. Felliniyə görə, bunları sadəcə bilmək, duymaq lazımdı.
Maraqlıdı, "Ləzətli həyat"ın ortaya qoyduğu ideyaları ideoloji mərtəbəyə qoymağa çalışanlar da var idi. Belələrinə görə, əsər cəmiyyətə bir çağırış idi. Hər yanda kasıblığın hökm sürdüyü bir şəraitdə təsvir edilən hadisələrin ideoloji yükü bəlkə də elə bunu deməkdəydi. Bioqraflar bildirirlər ki, bəzi dairələr filmə qısqanclıqla yanaşırdılar. Hətta Vatikan da bu ekran əsərinə çox neqativ tərzdə yanaşmaqdaydı.
Mühafizəkar qismin iddialarından çıxış edən bir sıra yazarlar film haqqında ard-arda kəskin məqalələr yazır, ümumiyyətlə onun qadağan olunmasını istəyirdilər. Amma boşuna. Çünki film təkcə İtaliyada deyil, bir çox ölkələrdə böyük maraqla qarşılanırdı. Hətta deyərdim ki, bu lent dünya kinematoqrafçıların da işinə inanılmaz təsir göstərdi.
Bütün bunlarla yanaşı məşhur italyan aktyoru Marçello Mastroyanninin də filmdəki gözəl aktyor oyununu nəzərdən qaçırmaq olmaz. Məhz birgə səylərin nəticəsiydi ki, "Ləzzətli həyat"ın Kann festivalında "Qızıl palma budağı" qazanması kimsəni təəccübləndirmədi. Və bir qədər sonra film həm də Nyu-York Film Tənqidçilərin mükafatına da layiq görüldü.

SİRR NƏDƏYDİ?..

Bundan sonra iki məşhur, iki fitri istedadın birgə fəaliyyəti daha da sıxlaşdı. Həmin ərəfələrdə bu əməkdaşlıq haqqında soruşanlara Fellini qısa və konkret belə cavab vermişdi: "Marçello və mən - bu, bir bütündür". Rejissorun sonrakı işi "Səkkiz yarım" (1963) lentidir. Filmə baxanlar onun avtobioqrafik məzmuna malik olduğunu vurğulayırlar. Əlbəttə, baş qəhrəman kinorejissor Qvido Anselminin daxili dünyası, xatirələri, xəyalları belə deməyə əsas verir. Obrazın həyəcanlarını, dərdlərini, şübhələrini, daim həqiqət axtarışları və buradakı təəssüflərini Mastroyanni inanılmaz məharətlə ifa etmişdi. Burada da Fellini-Mastroyanni yaradıcılığı uğura öz möhürünü qabaqcadan vurmuşdu.
Çünki elə həmin ildə Moskvada keçirilən beynəlxalq festivalda baş mükafatı qazanan "Səkkiz yarım" bir il sonra ikinci bir təlfifə də layiq görüldü. Belə ki, əcnəbi dildə ən yaxşı film nominasiyasının qalibi adını qazanan lent "Oskar" mükafatını aldı. Onu da qeyd edim ki, məşhur kinorejissor və onun ömür-gün yoldaşı Cülyetta Mazina 1963-cü ildə birinci və sonuncu dəfə Sovet İttifaqının qonağı olmuşdular. Xatırladım ki, bir kiçik lentini nəzərə almasaq, sonrakı 2-3 ili onun yaradıcılığında kiçicik fasilə adlandırmaq olar.
Əlbəttə, bu fitri istedad sahibini ayrı-ayrı əsərlərinə görə deyil, ümumilikdə yaradıcılığının uğurları üzərindən qiymətləndirmək lazım gələrsə, Fellini nadir kino xadimlərindən biridir ki, onun bütövlükdə rejissorluğuna "Oskar" verilə bilər. Çünki dünya kinosunu, onun tarixini, keçmişini bu qeyri-adi sənətkarsız təsəvvür etmək mümkün deyil. Fellininin ekrana gətirdiyi ideyalar, mövzular ümumbəşəri xarakter daşıdığından onun əsərləri yalnız italyanların həyat tərzini, problemlərini özündə əks etdirmir. Filmlərdə önə çəkilən problemlərin, ictimai bəlaların, həyatın çətinliklərinin, adamların çəkdiyi əzabların, eləcə də həyatın digər üzündəki parlaqlıqların düşündürücü təsviri insanlıq adına ümumiləşdirilir. Bəlkə də bir rejissor kimi qazandığı bu qədər mükafatların, birinciliklərin, uğurların sirri də elə buradaydı...

(Ardı qəzetin 29 aprel sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV