adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2014 00:41
9338
LAYİHƏ
A- A+

Neftçala - sabaha boy göstərən məkan

Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni park və meydanların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması bu qəbildəndir. Heydər Əliyev Mərkəzinin inzibati binasının, "Bayraq" Meydanının, "Şəhidlər Kompleksi"nin, Kür çayı sahilindəki "Bulvar"ın tikintisi, müasir saat qülləsinin inşası, uzunluğu 3,7 kilometr olan "Axmaz Göl"ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirinin həyata keçirilməsi, Bankə qəsəbəsi ərazisində mini futbol meydançasının tikintisi uğurla davam etdirilir. İndi rayonun "Şorsulu-Xolqarabucaq-Xəzərkənd" avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır. Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 90 mənzilli binanın inşası və "İdman Kompleksi"nin tikintisi ilə əlaqədar ərazilər ayrılmış, kompleksin tikintisi ilə bağlı işlərə başlanılmışdır. Hazırda Neftçala şəhəri Ağaşirin Cəfərov küçəsinin 3A binasının, Heydər Əliyev prospekti 33 ünvanda Mərkəzləşdirilmiş Kitabxana Sistemi binasının, "Gündoğar" qəzeti redaksiyasının, Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının fasad hissəsinin polietilen üzlük məmulatlarla üzlənməsi işləri aparılır. Heydər Əliyev prospektində, 20 Yanvar, Ağaşirin Cəfərov, Məhəmməd Əsədov küçələrində yerləşən binaların dam örtüklərinin dəyişdirilməsi həyata keçirilir. 39 saylı Yol İstismar İdarəsi ötən il yol təmiri işləri və yolların saxlanılmasına 666 min manat vəsait xərcləmişdir. Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2013-cü ildə 275303 manatlıq, o cümlədən sanitar təmizliyə 184876 manatlıq, yaşıllaşdırma işlərinə 90427 manat vəsait sərf etmişdir.
Güləhməd müəllim söhbətini belə yekunlaşdırdı ki, Neftçala rayonunda aparılan tikinti, abadlıq, quruculuq işləri son vaxtlar daha da sürətləndirilmişdir. Bu işlər Heydər Əliyev prospektində daha böyük vüsət almışdır. Burda yerləşən Neftçala rayon İcra Hakimiyyətinin, Maliyyə İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binalarının, Heydər Əliyev Mərkəzinin və Muzeyinin, Mərkəzi Kitabxananın, müasir görkəmə salınmış yaşayış binalarının yerləşdiyi bu ərazi Neftçala şəhərinə başqa bir gözəllik verəcək.

Yaxşı şərait
yaxşı təhsil deməkdir

Respublikanın bütün ərazisində son vaxtlar təhsilə göstərilən qayğı Neftçala rayonundan da yan keçməmişdir. Rayon Təhsil Şöbəsi və təhsil müəssisələri tərəfindən aparılan ardıcıl işlər nəticəsində məktəblərdə təhsilin keyfiyyəti xeyli yaxşılaşmışdır. Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanları nəticəsində 733 nəfər XI sinif şagirdi attestat, 1007 nəfər IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Ali məktəblərə tələbə qəbulunda uğurlar özünü daha çox göstərir. Ötən il ali məktəblərə 384 nəfər məzun müraciət etmişdir ki, onlardan da 204 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 33 nəfəri 500-600 bal arasında, 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Ali məktəblərə tələbə qəbulu göstəricilərinə görə ən yaxşı göstərici Neftçala şəhər 1 və 4 saylı, Ərəbqardaşbəyli, Mürsəqulu, Xıllı qəsəbə 1 saylı və Qədimkənd tam orta məktəblərinin payına düşür. Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bu uğurların daha davamlı olacağını əminliklə söylədi. Rayon təhsilinin inkişafında xüsusi əməyi olan Əjdər müəllim bildirdi ki, son vaxtlar rayondakı bütün nailiyyətlərin əsas səbəbkarı olan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayondakı məktəb binalarının tikintilərinə xüsusi önəm verir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı"na uyğun olaraq 2013-cü il ərzində bu yöndə kifayət qədər iş görmüşük. Rayonda 260 yerlik Xəzər kənd tam orta məktəbi üçün yeni məktəb binası tikib istifadəyə vermişik. Hazırda 2 məktəbin - 200 yerlik Kürkənd kənd ümumi orta və 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta məktəblərinin tikintisi, Aşağı Surra kənd tam orta məktəbinin isə əsaslı təmiri və 10 əlavə sinif otağının tikintisi davam etdirilir. Bütün bunlarla bərabər hələ təmir olunacaq məktəblərimiz qalmaqdadır. Onların maddi texniki bazasının möhkəmləndirilməsi də gündəmdə duran məsələlərdəndir. Ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunması, onların geniş tətbiq edilməsi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı"na uyğun olaraq aparılmışdır.
Rayon Təhsil Şöbəsi və 11 məktəb sürətli internetə qoşulmuş, daha 14 məktəbin isə sürətli internetə qoşulması üçün lazımi işlər görülmüşdür.
Beləcə, Neftçala rayonunda iqtisadi, sosial, ictimai sahədə könülaçan işlər görülməkdə, tədbirlər həyata keçirilməkdədir. Çox yaxın vaxtlarda Neftçala rayonu, eləcə də rayon mərkəzi öz simasını tamamilə dəyişəcək.

Səxavət Məmmədli

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə