adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Əmir Dinamit və Maskalı Miza

18060 | 2012-04-04 05:05
"Ərəbistanlı Laurens"
   
   
   
   Əmir Dinamit
   
   
   
   Polkovnik Tomas Edvard Laurens 15 avqust 1888-ci ildə Böyük Britaniyada doğulub. Məşhur casus eyni zamanda arxeoloq, hərbi strateq və yazar kimi məşhurlaşıb. Peşəkar fəaliyyəti müddətində T.E Laurens və ya T.E.Şau adlarından istifadə edib. 1916-1918-ci illərdə Osmanlı İmperiyasına qarşı baş verən ərəb üsyanlarında Birləşmiş Krallığın əlaqələndirmə zabiti olaraq çalışıb. Məhz bu dönəmlərdə "Ərəbistanlı Laurens" kimi tanınıb. Xidməti müqabilində ona verilən "Cəngavərlik" nişanını rədd edən Laorens "Üstün Xidmət Medalı" və "Fransız Şərəf Legionu Medalı" ilə mükafatlandırılıb.
   
   Ərəblərin bir çoxu Osmanlı və Avropa dövlətlərinin işğalına qarşı mücadilələrində iştirak etməsindən dolayı Laurensi Ərəb Xalq Hərəkatının lideri və xalq qəhrəmanı kimi qəbul edirlər. Laurens şəxsiyyətinə heyranlıqlarını gizlətməyən bədəvi ərəblər ona Əmir Dinamit (İng: Amr Dynamite) ləqəbi vermişdilər. Ərəb üsyanlarını düzgün istiqamətləndirdiyi və Britaniya krallığının hədəflərini gerçəkləşdirdiyi üçün Britaniyalılar da onu ən böyük savaş qəhrəmanı kimi qəbul edirdilər.
   
   
   
   Ərəb Üsyanı
   
   
   
   Laurensin ilk təyinat yeri Qahirədə Hərbi Kəşfiyyat Servisi olub. Ərəblərlə qurduğu isti münasibətlər onun əlaqələndirici kimi vacib vəzifəyə təyin olunmasına səbəb olur. 1916-cı ildə ərəb xalqlarının fəaliyyətini araşdırmaq üçün səhraya, bədəvi ərəblər arasına göndərilir. Ərəblər arasındakı nüfuzu ona vəzifəsini asanlıqla icra etməyə köməklik edir. Əsas vəzifəsi üsyançılarla Britaniya Krallığı arasında əlaqə yaratmaq olan Laurens Məkkənin rəisi Hüseyn bin Əlinin oğlu Əmir Faysalın komandanlığı altında, pərakəndə şəkildə Osmanlı qoşunlarına qarşı partizan mübarizəsində iştirak edir. Ərəblərin etimadını qazanmış Laurens onları Osmanlı qoşunlarının Mədinədən çıxarılmaması məsələsində razı sala bildi. Bunun sayəsində ərəblər Hicaz dəmiryoluna güclü hücumlar təşkil etməyə nail oldular. Osmanlı qoşunlarının isə iki cəbhə- həm Hicaz dəmiryolunu, həm də şəhəri müdafiə etməyə məcbur olduqları üçün xeyli qüvvə itirirdilər. Laurens həm bu əməliyyatda, həm də Əkabə və Şam şəhərlərinin işğalında çox böyük rol oynamışdır. Ərəblərin içində yaşadığı vaxt ərzində onların adət-ənənələrini çox yaxşı mənimsəyən Laurens Şahzadə Faysalın ona hədiyyə etdiyi dəvədə gəzir, ərəblərlə eyni geyimi geyinirdi.
   
   I Dünya Müharibəsinin sonlarında İngilis hökumətini ərəblərin müstəqilliyinin ingilislərin xeyrinə olmasına inandıra bildi.
   
   
   
   Laurens haqqında
   
   əfsanənin yaranması
   
   
   
   Laurens 1918-ci ildə savaş müxbiri Louell Tomasın sənədli film və fotoqraf çəkməsinə böyük köməklik göstərir. Müharibədən sonra çox ciddi sənədlərdən belə daha qiymətli olan fotolar və filimlərlə dünya səyahətinə çıxan Louell Tomas yaxşı məbləğdə qazanc əldə edir. Louellin Laurensi böyük bir qəhrəman kimi təqdim etməsi, Lourensin özünün də özünü şişirdərək bölgədəki bütün ingilis casuslarının fəaliyyətini öz adına çıxması ona haqqı olmayan böyük şöhrəti qazandırır.
   
   Ən maraqlısı odur ki, özü haqqında əfsanələr yaradan Laurensi bəzi yazarlar həddindən artıq şişirdərək partizan müharibəsinin mücahidi, lideri adlandırır. 1962-ci ildə çəkilən "Ərəbistanlı Laurens" filmi əfsanəni həqiqətə çevirməyə xidmət edən ən böyük hadisə sayılır.
   
   Kifayət qədər ciddi xidmətləri olsa da Laurens özünü şişirtməklə əfsanəvi qəhrəmana çevrilir. Layiq olmadığı şöhrət zirvəsinə yüksəlir.
   
   
   
   "Müdrikliyin
   
   Yeddi sütunu"
   
   
   
   Ərəb üsyanlarının baş verdiyi dönəm və ərəb Xalq Hərəkatındakı fəaliyyəti ilə bağlı Polkovnik Laurens 1926-cı ildə "Müdrikliyin yeddi sütunu" adlı avtobioqrafik kitab nəşr etdirir. Kitab həm Birləşmiş krallıqda, həm də ərəb xalqları arasında maraqla qarşılanır.
   
   "Müdrikliyin Yeddi sütunu" Laurensin şah əsəri sayılır. Bundan əlavə onun bir neçə tərcümə kitabı da vardır. Kitabda Laurensin döyüş xatirələri ilə yanaşı, hərbi strategiya, ərəb mədəniyyəti və coğrafiya ilə bağlı araşdırmalar da yer alır. Kitab çox qəliz dildə yazılsa da hərdən komik hadisələr və maraqlı əhvalatlara da yer verilib. Ümumilikdə kitabı casusluq tarixinin ən önəmli kitabı hesab etmək olar.
   
   Maraqlıdır ki, Laurens əlyazmalarını itirdiyi üçün kitabı üç dəfə yenidən yazmağa məcbur olub. Hekayətlərin təhkiyəsindən həqiqətlə əfsanəni ayırmaq çox çətindir. Müəllifin həqiqətlə əfsanəni qarışdırmaqdan zövq alması açıq-aşkar hiss olunur. Müəllif öz fəaliyyətini şişirtməklə ərəb üsyanlarında rolunu xeyli "böyüdür". Əsər həm tarixi, həm də psixoloji baxımdan qiymətli əsər hesab olunsa da təhriflərdən də xali deyil.
   
   Laurensin hər şeyi təhrif etmək alışqanlığı onun bioqrafiyasını yazan bütün yazarları çətin vəziyyətdə qoymuşdur. Kitabında qələmə aldığı hadisələrin bir çoxusunun sonradan əksi isbat olunub və səhvlər üzə çıxarılıb. Məsələn, kitabda ən böyük yalanlardan biri Laurensin dəfələrlə yaralanması və Sina səhrasını iki günə keçməsidir. Həqiqətdə isə onun bir neçə döyüş yarası var və səhranı isə yalnız üç günə keçə bilib.
   
   Ərəb üsyanlarına qatılması həqiqət olsa da üsyanın əsas lideri olması və ərəbləri üsyana qaldıran əsas şəxs olması səhv məlumatdır. Almanların ərəb üsyanı haqqında hazırladığı 12 səhifəlik raportda Laurensin adına rast gəlinməsə də onun üsyandakı rolunu inkar etmək də olmaz.
   
   Laurenslə aralarında soyuq münasibət olan Corc Bernad Şou Laorensin kitabının hazırlanmasında və redaktəsində iştirak etmiş, onun bəzi qrammatik xətalarını düzəltmişdir. Laurens kitabının ön sözündə həyat yoldaşına və Şou-ya istəməsə də təşəkkür etməyə məcbur olmuşdur.
   
   Kitabın 1926-cı ildə çap olunan nüsxəsi çox baha qiymətə satılırdı və kitabı əldə etmək üçün xüsusi sifariş lazım idi. Xalq arasında yüksək qazanc əldə etmək istəyi başa düşülməsin deyə Laurens sonradan kitabını özünün üsyan xatirələri adlandırdı və kitabın qazancından heç nə gözləmədiyinə and içdi. Bununla kifayətlənməyən Laurens sonradan kitabın qiymətini çap məsrəfinin üçdə ikisinə endirdi. Həqiqətən də sonralar Laurens kitabın satışından pul qazanmadı və güc-bəla ilə borclarını ödədi.
   
   
   
   Ölümü
   
   
   
   Laurens 19 may 1935-ci ildə Klods-Dorsetdə (İngiltərə) motosiklet qəzasında 46 yaşında dünyadan köçdü.
   
   Maskalı Mişa
   
   
   
   "Üzü bilinməz adam-Mişa"
   
   
   
   "Soyuq müharibə" illərində 34 il Qərbi Almaniyanın Təhlükəsizlik Nazirliyinin (MFS) Xarici Kəşfiyyat İdarəsinə rəhbərlik edən Markus Volf sosialist ölkələrində, xüsusilə Sovetlər ittifaqında "Mişa" ləqəbi ilə tanınırdı. "Mişa"-Markus Volf Qərbi Almaniyanın Təhlükəsizlik Nazirliyinin ikinci adamı sayılırdı.
   
   19 yanvar 1903-cü ildə Almaniyanın Hohenzollern əyalətində (indiki Baden-Vürttemberg) əyalətinin Hexingen şəhərində doğulan Markus Volf yazıçı və həkim Fredrix Volfun oğlu, rejissor Konrad Volfun qardaşı idi. Markus Volfun atası Almaniya Kommunist Partiyasının üzvü olduğu üçün ailə bu ideologiyaya sayğıyla yanaşırdı. Volf ailəsi Adolf Hitlerin Almaniyada rəhbərliyə gəlməsindən sonra kommunist olduqları və yəhudi soyundan gəldikləri üçün İsveçrə yolu ilə əvvəlcə Fransaya ordan da Moskvaya köçür.
   
   Sürgün illərində ilk olaraq Alman Karl Libknext Məktəbinə yazılan Markus Volf bir müddət sonra rus məktəbinə yazılır. Moskva Aviasiya İnstitutunun təyyarə mühəndisliyi fakültəsinə daxil olan gənc Volf Almaniyanın Sovet sərhədlərini keçməsindən sonra xüsusi tapşırıqla Alma-Ataya köçürüldü. Almaniyada doğulan Volf haqqında ilk şaiyələr də bu vaxt yaranmağa başladı. Onu tanıyan hər kəs Volfun Komminternə qatılması barədə danışırdı.
   
   
   
   Mişa Berlində
   
   
   
   Müharibə qurtardıqdan sonra Volfu Sovetlərin işğalı altında olan Almaniyada radiostansiya qurmaq üçün Valter Ulbrixtlə birlikdə Berlinə göndərdilər. Volf bu səfərdə jurnalit kimliyi altında gizlənirdi. Əsas faşist liderlərinə qarşı aparılan Nürnberg məhkəməsini müşahidə edən jurnalistlər arasında Markus Volf da var idi.
   
   1953-cü ildə, 30 yaşı olarkən Şərqi Almaniyanın Təhlükəsizlik Nazirliyinə tabe olan Xarici Kəşfiyyat Servisini quranlar arasındaydı. Volf Kəşfiyyat rəhbəri olaraq Qərbi Almaniyanı həm siyasi, həm iqtisadi blokadaya alaraq hökumətə daxil olmaq kimi böyük bir nəaliyyət qazandı. Onun ən böyük nəaliyyəti Şərqi Almaniya siyasi liderlərindən Villi Brandtın hakimiyyətdən uzaqlaşmasını təşkil etmək istəyən Günter Guillaumenin ələ keçirilməsi sayılır. Ələkeçməz kimi "Üzü olmayan adam" şöhrəti qazanan Volfun Günter Guillaumenin deşifrə etməyi və zərərsizləşdirməyi bacarır. 1978-ci ilə qədər Volfun necə bir simaya sahib olması bilinmirdi. 1978-ci ildə Qərbi Almaniyanın kəşfiyyatçıları nəhayət ki, "Üzü olmayan adamın" şəklini çəkməyə nail oldular. İsveçrədə qatıldığı bir tədbirdə Volf özü istəmədən fotokameraların obyektivinə tuş gəldi. Əldə edilən fotolar Qərb əkskəşfiyyatı tərəfindən incələnməyə başladı. Çəkilən fotolar Şərqi Almaniyadan qaçıb Qərbi Almaniyada sığınacaq alan əks-kəşfiyyatçı Verner Stiller tərəfindən tanındı. Qərbi Almaniya əks-kəşfiyyatı nəhayət ki, Volfu tanıdı. Volf haqqında geniş araşdırma aparan əkskəşfiyyatda bu məlumatlarla yanaşı Amerika kəşfiyyat servisi olan CİA-nın qruplarının əldə etdiyi Nürnbergdə çəkilən fotolar da var idi. "Üzü olmayan adam", "Mişa" ləqəbi ilə tanınan məşhur casus Markus Volf beləcə deşifrə olundu.
   
   1986-cı ildə təqaüdə çıxdıqdan sonra Markus Volf qardaşı Konradla birlikdə Moskvaya köçməkləri ilə bağlı bir əsər yazdı. Əsər şərqi və qərbi Almaniyada eyni gündə çap olundu. Volf Şərqi Almaniyadakı insanlar üçün davam edən dəyişikliklərin simvolu sayılırdı. Çünki Volf Mixail Qorbaçovun Glasnost və Prestroyka siyasətini dəstəkləyirdi. Volf təqaüdə çıxdıqdan sonra Kəşfiyyat şefi Verner Grossmann təyin edildi.
   
   
   
   Vətən xaini
   
   
   
   Sovetlərin dağılması, Qorbaçovun uğursuz siyasəti Volf kimi minlərlə casusun həyatında ciddi dəyişiklik oldu. Belə ki, Volf Almaniya birləşməmişdən öncə ölkədən qaçdı. Rusiyadan və Avstriyadan sığınacaq istədi. Uzun müddət Şərqi Avropa ölkələrində gizlənməyə nail olsa da nəhayət Almaniyaya qayıtmağa məcbur oldu. Almaniyaya qayıdan kimi alman polisi tərəfindən həbs edilsə ona qarşı qaldırılan bütün ittihamları rədd elədi. Müxtəlif avantaj qazanmaq cəhdləri, xüsusilə ABŞ-a köçmək təklifini rədd etməsi Volfa kömək eləmədi. Alman polisinin fikrini yayındırmaq cəhdləri fiaskoya uğradı. 1993-cü ildə Düsseldorf Yüksək Ədalət Məhkəməsi tərəfindən "vətən xainliyi"ndə günahkar bilindi və 6 il həbs cəzası aldı. Üstündəki cəza sonralar Federal Günahkarlar Məhkəməsi tərəfindən ləğv edildi. Çünki Volf Almaniya Demokratik Respublikasının müstəqil bölgəsində savaşmışdı. Tarixə görə, cavabdehlik daşımamaq, rejimin qurbanı olması bu məsələdə Volfun işinə yaradı. 1997-ci ildə insanları qanunsuz həbs etməkdə, zorlamada, fiziki işgəncə verməkdə günahkar bilinərək iki il həbsə məhkum edildi. Paul Gerhard Flemingə qarşı şahidlik etməyi rədd etdiyi üçün əlavə üç günlük həbs cəzası da cəzasının çəkilməyən hissəsinə əlavə edildi.
   
   
   
   Casusluqda cinsəllik
   
   
   
   1950-80-ci illərdə Qərb ölkələrinə 4000-ə yaxın agent yerləşdirən Markus Volf, agentləri xüsusi olaraq yaraşıqlı kişilər arasından seçməklə onları dövlət ofislərindəki katibələri yoldan çıxarmaq və onlardan yararlanmaq üçün istifadə edirdi. Bu agentlərə "Romeo agentləri" də deyilirdi. Markus xatirələrində yazır ki, "Əgər casusluq tarixində qalacaq olsam, buna əsas səbəb casusluqda cinsəlliyin istifadəsini mükəmməlləşdirməyim kömək ola bilər."
   
   Markus Volf 9 noyabr 2006-cı ildə Berlindəki evində, 83 yaşında, yuxuda ikən dünyasını dəyişmişdir.

TƏQVİM / ARXİV