adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Aprel 2014 14:32
9883
SİYASƏT
A- A+

“Bizim heç kəslə körpümüz yanmayıb”

Ümid Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Nəsimi Məmmədlinin Adalet.az-a müsahibəsi 


- Nəsimi müəllim qarşıdan bələdiyyə seçkiləri gəlir. Bir sıra partiyalarda artıq seçkilərlə bağlı konkret qərar olsa da Ümid Partiyasının bu yöndə qərarına rast gəlinmir. Seçkidə iştirak edəcəksinizmi?

- Ümid Partiyası bələdiyyə seçkilərinə hazırlıqla bağlı Prezident seçkilərindən dərhal sonra qərar verib və yəqin ki, iştirak edəcəyik. İlin əvvəlindən etibarən həm regionlarda, həm də paytaxtda bu istiqamət də bir sıra ciddi tədbirlərimiz olub. Hər həftə regionlara səfərlər təşkil edirik və namizədliyə namizədlərin müəyyən edilməsi prosesi aparılır. Qarşıdakı Bələdiyyə seçkilərinə ciddi önəm veririk. Həm partiyanın, həm də cəmiyyətin maraqlarına uyğun fəaliyyət ortaya qoyacağıq. Seçkinin verdiyi imkanlardan istifadə etməklə cəmiyyətin maariflənməsi və demokratikləşməsinə yardımçı olmağa çalışacağıq. Biz, partiya olaraq Bələdiyyə seçkilərinə rəsmi start verilənədək bir neçə zəruri məsələləri həll etməyi qarşıya məqsəd qoymuşuq. Burada əksər bələdiyyə subyektlərindən namizəd irəli sürmək imkanlarımızın öyrənilməsi, şəhər bələdiyyələrinə namizəd olacaq şəxslərin vahid seçki strategiyasının hazırlanması, bələdiyyələrin statusu ilə bağlı geniş siyasi-hüquqi kompaniyanın aparılması daxildir.

 - Seçkilərdəki uğursuzluqlar partiyada müzakirə olunurmu? Çatışmamazlıqlar nədən ibarətdir?

 - Seçki prosesində nə etmək mümkün olaubsa, biz də partiya olaraq onu etmişik. Nəticələri və çatışmazlıqları da müzakirə edib, ona uyğun qərarları həyata keçiririk. - Nədənsə biz hər zaman günahı onda-bunda axtarırıq. 

- Sizcə indiki halda Ümid Partiyasının seçkidə nəaliyyət qazanmasına nə maneə olur? 

- Vətəndaşların partiyalara könüllü, iddialı və məqsədli daxil olması çox zəifdir. Təbii ki, bu amillərə görə də partiyaların fəaliyyətində olan çatışmazlıqları aradan qaldırmaq çətindir. Ümid partiyası hər seçkidə yeni innovasiyalar tətbiq etməklə seçici qarşısına çıxır və ardıcıl təşkilatlanma həyata keçirir.

 - Müxalifətdə olan partiyalarla əməkdaşlıq məsələsi 20 ildən artıq bir zamanda müzakirə olunmasına baxmayaraq heç bir əməkdaşlıq baş tutmur. Baş tutan əməkdaşlıqlar isə qısa ömürlü olur. Sizcə bunun səbəbi nədir?

- Müxalifətin zaman-zaman müəyyən sosial-milli məqsədlərlə bağlı birlikləri olub və heç də uğursuz olmayıb. Hər bir partiyanın bir başa siyasi marağı olan məsələlərdə birləşməyin obyektiv çətinlikləri var. Ölkədə hakimiyyət uğrunda mübarizə ilə, siyasi azadlıqlar uğrunda mübarizənin sərhədlərini müəyyən etmək xeyli çətinləşib. Siyasi azadlıqlar uğrunda birgə fəaliyyət və demokratik qanunvericilik bazasının yaradılması istiqaməti bütün demokratik ictimai-siyasi qurumları və fərdləri birləşdirə bilən bir müstəvidir. Təəssüf ki, bəzən siyasi azadlıqlar uğrunda birgə fəaliyyəti nəzərdə tutan birliklərin sonu seçki birliklərinə çevrilir və dağılır. Ona görə də əməkdaşlığın elə bir forması seçilməlidir ki, burada cəmiyyətin geniş təmsilçiliyinə şərait olsun və heç bir təşkilatın siyasi marağının təminatçısına çevrilməsin. Müxalifət partiyaları hakimiyyət uğrunda seçki blokları yaratmaqla, digər istiqaməti ayırmağa nail olmalıdır. Hələlik, bu istiqamətdə uğurlu bir nəticə ortaya qoyulmayıb. 

- Qeyd etdiniz ki, müxalifətin zaman-zaman müəyyən sosial-milli məqsədlərlə bağlı birlikləri olub və heç də uğursuz olmayıb. Milli Şuranı müxalifətin uğurlu formatı kimi qəbul edirsiniz?

 - Milli Şura sosial-milli məqsədlərlə yaranmış birlik deyil. Mən siyasi birliklərin nəzərə çarpacaq uğurlar əldə etdiyini vurğulamamışam və bu məsələlərdə mübahisələr mövcuddur. MŞ konkret olaraq siyasi məqsədləri və namizədi ilə seçkiyə qatıldığı üçün bizim siyasi maraqlarla onların maraqları fərqli olub. O qurum müxalifətin əksər hissəsini birləşdirsə də, hamısını birləşdirən birlik olmadı. 

- ADP sədri Sərdar Cəlaloğlu deyir ki, Müsavat Ümid Partiyasına görə, Qarabağ Blokunun təkliflərini nəzərə almır. Hansı təkliflərdən söhbət gedir?

- Biz, "Qarabağ” Bloku olaraq ümummilli məsələlərdə hər kəslə əməkdaşlığa açıq olduğumuzu dəfələrlə bəyan etmişik. Sərdar bəy blokun həmsədri kimi bu istiqamətdə digər partiyalarla danışıqlar aparıb. Amma, hansısa partiyaya konkret məsələlərlə bağlı rəsmi təkliflər göndərməmişik. "Qarabağ” Bloku bələdiyyələrin səlahiyyətlərinin artırılması, Seçki Məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi, seçkilərdə iştirakla bağlı müxalifətin pərakəndə fəaliyyətini zərərli hesab edir. Bu istiqamətdə əməkdaşlığın cəmiyyətə faydalı olacağı qənaətindəyik. 

- Müsavat və Ümid arasında yanan körpülərin bərpa olunması üçün nə kimi addımlar atılmalıdır. Ümid Partiyası olaraq hər hansı əməkdaşlığın qurulması üçün təkliflərləriniz olubmu? 

- Bizim heç kəslə körpümüz yanmayıb. Ümid Partiyası hər bir təşkilatın apardığı siyasətə uğurlar diləyir və hər hansı təkliflərimiz olmayıb. 

- Deyirsiniz, Müsavatla heç bir körpümüz yanmayıb bəs onda niyə Müsavatla əməkdaşlıq etmirsiniz? 

- Əməkdaşlıq etməmək təkcə körpülərin yanması ilə bağlı deyil. Siyasi maraqlarla bağlıdır. Ümidlə Müsavatın və digər müxalifətin əməkdaşlıq edəcəyi müstəvi ola bilər. Amma, siyasi bir birlik istiqamətində təmaslarımız yoxdur. 

   Ədil Ədilzadə