adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2014 13:14
5467
SİYASƏT
A- A+

AŞPA-nın çağırışına Azərbaycandan narazılıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti An Brasser assambleyanın son sessiyasında AŞPA-nın Ermənistan və Azərbaycandakı nümayəndə heyəti üzvlərinə görüşmək barədə çağırış edib. Təbii ki, həmin çağırış Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında bimənalı qarşılanmayıb.

Adalet.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Modern.az-a məsələni geniş şərh edib. Onun sdözlərinə görə, Azərbaycan parlament diplomatiyasından Dağlıq Qarabağ məsələsində aktiv istifadə edir: "Parlament diplomatiyası nümayəndə heyətinin hər bir üzvünün işidir. AŞPA-nın hər sessiyasında bu mövzuda çıxışlar olur. Digər tərəfdən, məhz son çıxışımla bir daha beynəlxalq aləmə Dağlıq Qarabağ Azərbaycan icmasının mövqeyini tanıtmağa çalışmışdım. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü mütləq həll olunacaq. Buna tamamilə əminəm. Eyn zamanda Minsk Qrupunda erməni tərəfinin qeyri-konstruktiv mövqedən çıxışı məni narahat edir. Bu o deməkdir ki, Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsipini irəli sürür və bunu danışıqlar predmetinə çevirir. Amma 1990-cı ildə BMT-nin xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı qərarı var. Biz inanırıq ki, dünyadakı böyük aparıcı dövlətlər Ermənistanı konsrtuktiv mövqedən çıxış etməməyə məcbur edəcək. Dağlıq Qarabağın Azərbaycan icması bölgənin erməni icması ilə dialoqun tərəfdarıdır. Biz bununla itirilmiş münasibətləri bərpa edə bilərik”.

Deputatın fikrincə, xalq diplomatiyası ilə parlament diplomatiyası arasında heç bir fərq yoxdur: "Parlamentin üzvləri də xalqın nümayəndələridir. Milli Məclisin deputatları vaxtaşırı Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırır. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bölgənin erməni icması ilə dialoqa başlamaq istəyir. Bu da xalq diplomatiyasıdır”.

O, AŞPA-da səslənən Ermənistan-Azərbaycan əlaqələrinə də münasibət bildirib: "AŞPA-nın hər 3 aydan bir toplantısı keçirilir. Bu barədə danışırq, məktublar yazırıq. Çıxışlar, məktublar nəzarətsiz qalmır. Əlaqəyə gəlincə, bu barədə söhbət belə gedə bilməz. Ermənistan-Azərbaycan arasında qətiyyən əlaqə ola bilməz. Sadəcə, onun tərəfdarıyıq ki, Dağlıq Qarabağ məsələsinə masa arxasında əyləşib töhfələrimizi verək. Nə qədər ki torpaqlar işğal altındadır, nə qədər ki, ermənilər azərbaycanlılara qarşı soyqırım törədib, etnik təmizləməyə yol veriblər, əlaqədən danışmaq olmaz. Bu, mənim mövqeyimdir. Bəlkə başqaları başqa cür düşünür, onu deyə bilmərəm”.