adalet.az header logo
  • Bakı 20°C

Sayıqlamalar

21597 | 2012-03-31 08:20
1. Şiddətli tənhalıq sindromu
   
   
   
   ...Özümü hər kəsdən uzaqda və həyatdan qopmuş hiss edirəm. İçinə çəkildiyim kirayə mənzilimin divarlarına vurduğum rəsmlər mənə tənha olduğumu unutdurmağa çalışsa da, mən hamıdan və hər şeydən məhrum qalmış durumdayam. İnsanlarla görüşmək, danışmaq və dost məclisləri mənim üçün əsil əzaba çevrilib. Sadəcə qapı-pəncərəni bağlayıb sabaha qədər siqaret tüstülətmək istəyirəm. Bir də, imkan olsa bir içki şüşəsi ilə kədərimi dağıtmaq, göz yaşlarımın yanağımı islatmasından manyakcasına zövq almaq istəyirəm. Təklikdə ağlamaq məni hər zaman rahatladır. Bütün günahlarıma və məsumluğuma, qazandıqlarıma və itirdiklərimə ağlamaq...Yazdıqlarımı və yazmaq istədiklərimi düşünmək... və bütün kədərli mahnılara ağlamaq...
   
   Mənim tənhalığım bütün tənhalıqlardan (tənhalığın cəmi olurmu görəsən?) fərqlidir. Yüzlərlə tanıdığım və ünsiyyətdə olduğum insanlar varkən onlardan qaçmaq özümə də təəccüblü gəlir. Bütün gecəni içmək və ağlamaq, boşluğa gözlərimi dikib siqaret tüstülətməkdən başqa heç nə istəmirəm.
   
   Hərdən bir-neçə sətir yazı oxumaq, hüznlü mahnılar və qısa filmlər də köməyimə çatır. İçimdəki dünya boyda kədər, yeri dolmayacaq qədər sənsizlik və illərin gətirdiyi əzginlik və yorğunluq bu tənhalığı daha da şiddətləndirir. Özümü bütün insanlardan uzaq hiss edirəm. Bu tək qalmaq deyil. Bu mənim şüurlu surətdə seçdiyim tənhalıqdır. Bu bəzilərinin tək otağa çəkilib özünü tənha elan eləməsinə bənzəməz. Bu sırdan bir seçim deyil. Bu yaşam tərzidir. Tənhalıq artıq mənim yaşam tərzimə çevrilib. Tənhalığıma elə alışmışam ki, gecənin ən dözülməz vaxtında qapımı döyüb mənə qonaq gəlməyini də istəmərəm. Tənha gecələrdən çıxardığım çoxlu dərslər var. Tərk edilmiş, unudulmuş, bundan sonra heç kəsi maraqlandırmayan, uğursuz, yaşamağı bacarmayan birisiyəm. Ətrafımda həyatı sevən və dördəlli həyatdan yapışan insanların mənə necə ikrahla baxdığını görürəm. Həyat sevgisiylə dolu dostlarımdan uzaq durmaqla onları öz pis enerjimdən qoruyuram. Depressiyadan çıxma cəhdlərim alınmır və bəzən bu halımdan da manyakca zövq alıram.
   
   ...Bu gecə çox tənhayam...Nə içki, nə siqaret, nə də bir-iki sətir səndən bəhs edən şeirlər məni ovutmur...Elə tənhayam ki, pəncərədən üzü şəhərə yalquzaq kimi ulamaq istəyirəm...Öləcəm sanki...Ürəyim ağzıma gəlir bu tənhalıqdan...Və bütün gecəni öz düşdüyüm vəziyyətin adını tapmağa çalışıram. Axı bu sıradan bir tənhalıq deyil. Bu tənhalığın təsvir etmək, anlatmaq çox çətindir. Səhərəyaxın kəşf edirəm düşdüyüm vəziyyətin adını...Dan söklənə yaxın öz vəziyyətimə ad verdim: şiddətli tənhalıq sindromu....
   
   
   
   2.Yüksək
   
   dozalı kədər
   
   
   
   Başa düşürəm ki, nəyisə dəyişmək lazımdır-amma heç nə edə bilmirəm. Əslində nəyisə dəyişməyə gücüm və cəsarətim yoxdur. Qəribə və anlaşılmaz hisslər keçirirəm. Bu hisslərin içərisində yalnız bir hiss mənə çox doğmadır. Doğulandan bu günə qədər sadəcə bir hiss, kədər hissi mənə çox doğmadır. Uşaq vaxtı valideynlərimin yersiz mübahisələri, ayaqqabımın cırılması, elektrikin kəsilməsi, itimizin ölməsi, havanın yağışlı keçməsi kədərləndirərdi məni.
   
   Böyüdükcə kədərli hadisələrin sayı çoxaldı...
   
   Məktəb illərimin kədəri daha sarsıdıcı idi. Sevdiyim qızlar və onlara ürəyimi aça bilməməyim ən böyük kədərim idi.
   
   Böyüdükcə kədərləndiyim hadisələr də dəyişdi. Doqquzuncu sinifdə müəlliməmə aşiq oldum və həyatımın ilk böyük kədəri ondan ayrılmağım oldu.
   
   Sonra bir-birinin ardınca sevdiyim və unutduğum qızların həyatımı alt-üst etməsi kədərə çevrildi. Əsgərlikdə evdən uzaqlarda olmağın kədəri...
   
   Universitet illərində arzularımın daşa dəyməsi, erkən evlənmək və maddi sıxıntıların kədəri... Sonra ayrılıqlar...Oğlumdan ayrı qalmağım və tərk edilməyimin kədəri...Yaş artdıqca kədərimin dozası da artır deyəsən...Əvvəllər bir şüşə şərab və göz yaşı sakitləşdirirdi məni. İndi heç nə dözülməz kədər hissini qovmağıma kömək eləmir. İndi Fələstində öldürülən uşaqlar, Somalidə aclıq çəkənlər, xəyanət edən və unudan dostlar, evləri sökülən insanlar, günahsız məhbuslar məni kədərləndirir...
   
   Hər gecə yüksək dozalı kədər bürüyür canımı. Getdikcə bu kədər hissinin bütün bədənimi işğal elədiyini və məni haldan saldığını hiss edirəm. Yüksək dozalı kədərə təhəmmül edə bilmirəm. Çox gücdən düşmüşəm bu aralar...
   
   
   
   3.Mənasızlıq
   
   
   
   Hərdən hamıdan və hər şeydən bezirəm. Həyatın reallıqları ilə mənim xəyallarım heç vaxt üst-üstə düşmür və mən hər addımda həyata məğlub olduğumu dərk eliyirəm. Bezdiyim adamlardan qaçmaq, tənhalıq və kədər gətirir. Şiddətli tənhalıq və yüksək dozalı kədər isə darıxdırıcı və bezdiricidir. Əslində mənim üçün yaşamağın özü çox darıxdırıcıdır. Həyatıma heç vəchlə rəng qata bilmirəm. Günlərim eyni dərəcədə yeknəsək və darıxdırıcı keçir. Bu boyda şəhərin səs-küyündən qaçıb sığındığım kirayə mənzilimi bütün xırdalıqlarına qədər əzbərləmişəm. Məsələn, otaqda gözüyumulu istədiyim kitabı tapa bilirəm. Tənhalığa, kədərə və otağıma alışmışam. Bilirəm ki, bu şəhərdə heç vaxt mənim balaca bir daxmam da olmayacaq. Bunu arzulamıram və qətiyyən nəyə isə sahib olmaq üçün çalışmıram. Mən yuva quracaq qədər cəsarətli deyiləm. Mənim üçün yenidən ailə qurmaq, ev sahibi olmaq, çoxlu pul qazanmaq kimi fikirlər mənasızlaşıb artıq. 4-5 il əvvəl arzuladığım bütün şeyləri bir anda itirəndən sonra, yenidən heç nəyə başlamağa gücüm qalmayıb. Əslində bütün inamımı itirmişəm. Yaşadıqlarım o qədər sürətlə bir-birini əvəz edir ki, başımı itirirəm. Zərbəni zərbə dalınca alan bir insanın arzularının olmaması normaldır.
   
    Tərk edilmək, dost xəyanəti, maddi sıxıntılar, tənhalıq və içkiyə aludəçilik. Bütün xəyallarım məhv olandan sonra, xəyal qurmaq qabiliyyətimi itirmişəm. Arzularım ürəyimdə qaldıqca, arzusuz yaşamağa öyrəşmişəm. Tərk edildikcə tənhalığa alışmışam. Dünyada bu boyda tənhalığı dolduracaq qadın yoxdur. Bir insanın ancaq zəruri şeylər üçün işləməsi, yuxusuz qalması və əziyyət çəkməsi əslində mənasızlıqdır. Qəribədir ki, tənhalıqdan yalquzaq kimi ulamaq istədiyin gecələrdə kimsə şəhərin gecə klublarında dostların səs-küyündən bezir.
   
   
   
   4. Hər şeyə alışmaq
   
   
   
   İnsanların qəribəliklərinə çoxdan alışmışam. İlk dəfə nə vaxt sarsıldığımı, heyrət elədiyimi çoxdan unutmuşam. Məni dəlicəsinə sevən qadının məni tərk etməsini o qədər asan qarşılamışdım ki...
   
   İnanıram ki:
   
   ...Bütün ayrılıqlar təbiidir.
   
   ...Bütün xəyanətlərin bəraəti var.
   
   ... Bütün dostların xəyanət etmək potensialı var.
   
   Hər şeyi səbrlə qarşılayacaq qədər daşlaşmışam. Təəssüf ki, alışdığın və sevdiyin insanlardan ayrılmaq çox ağrıdır adamı. Sevgi izaholunmaz bir hissdir. Bəzən səni sevənə və sayana deyil, tamam başqa bir adama yönəlir. Sonra o adamın yanlışları yandırır səni.
   
   
   
   5. Mən sizi sevirəm, insanlar!
   
   
   
   Hər kəsə hayqırıb demək istədiyim bir hiss var içimdə. Bunu nə vaxtsa deməyə gücüm çatacaqmı?
   
   ...Bilmirəm...
   
   Yox, bəzən insanın həqiqəti deməyə gücü çatmır...Qorxursan yanlış anlaşılacağından. Hamıya demək istədiyim, dilimin ucunu göynədən bir söz var. İçimdəki hisslər burulğana çevrilib bütün daxili aləmimi sarsıdır. Necə deyəcəyimi, necə ifadə edəcəyimi bilmirəm. Gecə pəncərəmdə can verir. Sabah isə pəncərədən içəri soxulmağa, otaqdakı əşyaları işıqlandırmağa can atır. Mən isə sonsuz əzab içindəyəm və dilimin ucunu demək istədiyim bir söz yandırır. Desəmmi, əcəba? Bəlkə bu gecə yox? Bəlkə başqa bir gecə haykırım içimi qovuran cümlələri?
   
   ...yox..
   
   İndi, bu gecə, bu an içimdə qəribə hissləri çölə püskürməyin vaxtıdır.
   
   ...İnsanlar, siz çox qəddarsınız...
   
   ...İnsanlar, siz çox duyğusuzsunuz..
   
   ...İnsanlar, siz çox zalımsınız..
   
   Yox, bütün bunları zatən bilirsiniz. Siz kim olduğunuzu məndən daha yaxşı bilirsiniz. Siz öz kimliyinizi məndən daha yaxşı bilirsiniz. Mənim isə sizə demək istədiyim bu deyil axı...
   
   Mən...mən...mən sizi çox sevirəm insanlar! Nə olur olsun çox sevirəm...
   
   
   
   6. Günəşi gözləmək
   
   
   
   ...Və bir gün mən günəşin işıqlandırdığı dünyanı görə bilməyəcəm.
   
   Əslində elə bu dəqiqə gözlərimi əbədi olaraq yummağa, boşluğa, qaranlığa, sonsuzluğa yuvarlanmağa əlimdə yüzlərlə səbəb var. Amma bu sabah dəlicəsinə günəşi görməyi arzulayıram. Heyf...çox heyf ki, bu şəhərdə pəncərədən boylananda günəş görünmür. Günəşin qarşısınını kəsən hündür binalar onu görməyimə mane olsa da, onun işıqlandırdığı şəhəri görməklə günəşin varlığına inanıram. Bütün gecə, günəşi gözləmişəm. Bir gün onun işıqlandırdığı hər şeydən məhrum olacağımı bilsəm də... Ümidlərimi qıran insanlar da günəş kimidir. Əslində onların da işığı və hərarəti var. Təəssüf ki, bu şəhərin hündür mərtəbəli binaları onları gizlədir...
   
   Heyif, çox heyf ki, insanların işığı və hərarəti əbədi deyil...
   
   Mənim gözlədiyim günəş də...

TƏQVİM / ARXİV