adalet.az header logo
  • Bakı 18°C
21 Aprel 2014 10:52
27326
MÜSAHİBƏ
A- A+

“Beynəlxalq hüququn gücü yox, gücün hüququ işləyir”

Siyasi elmlər doktoru, professor, politoloq Elman Nəsirovun Adalet.az-a müsahibəsi 

- Elman müəllim, Ukrayna hadisələri bütün dünyanın diqqət mərkəzindədir. Sizcə prosesin məntiqi sonluğu necə olacaq? Kim qalib gələcək: Rusiya, yoxsa Ukrayna?

- ABŞ başda olmaqla Qərb və Rusiya arasında "soyuq müharibə” olmasa da, Ukrayna böhranı "soyuq sülhmühitini formalaşdırıb. Aprelin 17-də Cenevrədə " 3+1 " (ABŞ,Rusiya, Avropa İttifaqı+ Ukrayna) formatında problemin həlli ilə bağlı aparılan 7 saatlıq danışıqlar əslində gözləntiləri doğrultma. Danışıqlarda Ukraynanın hər hansı hərbi blokun üzvü olmamasında təkid edən Rusiya Qərbin əks mövqeyi ilə üzləşdi. Rusiya Ukraynanı neytral dövlət kimi görmək istədiyi bir vaxtda, Qərb bu dövlətə potensial NATO ölkəsi kimi baxır. Cenevrə danışıqlarının sonunda qəbul edilmiş yekun bəyanatda geniş milli dialoqa çağırış səslənsə də, indiki halda onun reallaşması kifayət qədər müşkül görünür. Cenevrə danışıqlarından keçən qısa müddət ərzində Ukraynada vəziyyət daha da dramatikləşib. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Cənub-Şərq hissələrini " Novorusiya” adlandırması və bu ərazilərin çarizm dövründə Ukraynanaın deyil, Rusiyanın tərkibində olduğunu bəyan etməsi rəsmi Moskvanın planlarının uzağagedən olmasından xəbər verir. İstənilən bəhanə altında Rusiya silahlı qüvvələrinin Ukraynanın cənub və şərq ərazilərində "Krım ssenarisi”ni reallaşdırması mümkünsüz görünmür. Qərbin Ukrayna böhranı kontekstində "dişsiz” davranışı hələ ki, ən azı taktiki baxımdan Rusiyanı qalib statusuna yüksəldib. 1979-cu ildə SSRİ də Əfqanıstana müdaxilə edəndə eyforik vəziyyətdə idi. 10 il sonra məğlub statusunda qoşunlarını çıxartmaq məcburiyyətində qaldı. Bundan 2 il sonra-1991-ci ildə dağıldı. 

- Bütün dünyanın təpkilərinə baxmayaraq, Rusiya işğal siyasətindən əl çəkmir. 3-cü d
ünya müharibəsi ola bilərmi?

- Qərb indiki halda Rusiyaya münasibətdə "Anakonda modeli”nə üstünlük verir.
Yəni iqtisadi və maliyyə sanksiyalarının tədricən sərtləşdirilməsi və Rusiyanı "ağ bayraq” qaldırmağa məcbur etmək bu siyasətin əsasını təşkil edir. Rusiya enerji baxımından regional fövqəldövlətdir. Nüvə potensialı baxımından isə qlobal fövqəldövlətdir. Bu amilləri nəzərə aldıqda Qərbin Rusiya ilə hərbi qarşıdurmaya gedəcəyi mümkünsüz görünür. ABŞ prezidenti Barak Obama da dəfələrlə bəyan edibdir ki, Rusiya ilə hərbi toqquşmaya getmək niyyətləri yoxdur. Deməli, 3-cü dünya müharibəsi ilə bağlı fikirlər real zəminə deyil, populist yanaşmalara söykənir. 

- Baş verən proseslərin Azərbaycana təsir gücünü necə dəyərləndirirsiniz?

 - Heç şübhəsiz, Azərbaycan dövləti və rəhbərliyi məlum prosesləri diqqətlə izləməkdə və adekvat addımlar atmaqdadır. Azərbaycanın atdığı bütün addımlar milli maraqlardan qaynaqlanır və onun müdafiəsinə xidmət edir. Prezident İlham Əliyevin Nazi
rlər Kabinetinin ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan dövləti açıq, prinsipial, ədalətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Azərbayacan istənilən beynəlxalq məsələdə prinsipial mövqe nümayiş etdirir. Bu yerdə xatırlatmağa dəyər ki, 2008-ci il fevralın 17-də Kosovo dövləti elan edilərkən Azərbaycan yenə də milli dövlətçilik maraqlarından çıxış edərək nəinki bu yeni dövlətin müstəqilliyini tanımadı, hətta bir qədər də irəli gedərək Kosovadakı sülhməramlı qüvvələrimi geri çağırdı. Hər kəsə bəlli idi ki, Kosovanı yaradanlar ABŞ və NATO idi. Deməli, Azərbaycan rəhbərliyi bu reallığa rəğmən, ölkəmizin milli maraqlarını hər şeydən üstün tutaraq məlum addımı atmışdır. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü müdafiə ilə bağlı mövqeyini həzm edə bilməyən bir sıra "Jirinovski tipli siyasətçilər” ölkəmizin haqqında bəhs etdiyimiz 2008-ci ildəki davranışını unutmamalıdırlar. 

- İndiki halda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımlar atmalıdır?

- Bilirsiniz, bu gün beynəlxalq hüququn gücü yox, gücün hüququ işləyir.
Albert Eynşteynin təbirincə desək, beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur. Düşünürəm ki, bu sualın ən optimal və düzgün cavabını Prezident İlham Əliyev sözügüdən tədbirdəki çıxışında vermişdir. Cənab prezident vurğulamışdır ki, müasir dünyada güc faktoru xüsusi rola malikdir. Bu reallığı nəzrə alaraq Azərbaycan dövləti hərbi baxımdan da güclənməkdədir. Ən müasir silahlara malikdir. Cənubi Qafqazda ən güclü ordu Azərbaycan ordusudur. Bu reallıq münaqişənin həlli imkanlarını artırır. Şahmat dili ilə desək, Azərbaycan bu halda ağ fiqurlarla oynamış olur.

 Ədil Ədilzadə