adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Aprel 2014 10:01
6519
ƏDƏBİYYAT
A- A+

Markes bir roman kimi bitdi

"Mən Allaha inanmıram, amma ondan qorxuram”, bu etiraf Markesə məxsusdur. Bu bir ateizm deyil və mən bu ifadə ilə tanış olandan sonra Allaha inanmaq və inanmamaq ifadələrinə xüsusi fikir verməyə başlamışam. Allaha inanmamaqla Allahın varlığına inanmamaq fərqli anlayışlardır. Məsələn, mən kiməsə inanmıramsa, bu hələ o kimsənin yoxluğu deyil. Markesin də inanmamağı belə idi. O, bir yazıçı kimi insanların düşüncəsini dəyişdirməyi bacarırdı. Məsələn, Mirzə İbrahimovu yazıçı hesab edənlər Markeslə tanışlıqdan sonra fikirlərini dəyişirdilər. Onun qəhrəmanı ağacdan yıxılıb öləndə də, mələfəyə bürünüb qeybə çəkiləndə də, divara söykənib bir güllələnmə anında 100 ili xatırlayanda da Markesin özü idi. Ədəbiyyatı bir kəndə sığışdırıb onu böyük bir "Makondo” planetinə çevirən və sonra da milyardlarla insanı bu yaşayış məntəqəsinə yerləşdirən böyük yazıçının yerliləri azərbaycanlılar olsaydı, heç şübhəsiz ki, adət- ənənəyə uyğun olaraq Kolumbiyanın adını dəyişib Markesiyyə qoymaq təşəbbüsü ilə çıxış edərdilər. Amma orda azərbaycanlılar yaşamır və onlar dərdi başqa cür çəkirlər. Məsələn, Kolumbiyada yazıçının xatirəsinə 3 gün matəm olacaq, bayraqlar endiriləcək, Markes bir roman kimi bitdi.

Ömrünün son beş ilini huşsuzluqdan və beyin problemlərindən əziyyət çəkirdi. Qardaşı hətta bir dəfə demişdi ki, Markesin başına hava gəlib. "100 il tənhalıqda" əsərindən tanış mənzərədir. Hamının yaddaşı pozulur. Keçən dəfə mən təsadüfən bu hadisəni xatırlamışdım. Amma bu gün artıq təsadüf deyil. Qabriel Qarsiya Markes öz romanının bir parçası ilə xəstələndi. Başqa bir parçası ilə də öldü. "Dünyanın ən gözəl ölüsü"nün müəllifi vəfat etdi və öz böyük ölümü ilə dünyanın nə qədər balaca olduğunu bir daha xatırlatdı. Dünya doğrudan da hiss etdi ki, ondan kimsə getdi, böyük kimsə getdi. Markes yazıçılıqdan əlavə bir meyara çevrilmişdir.

Elə bizim Azərbaycanda da Markesin adını çəkmək ona işarə edirdi ki, baxın a, mən elə belə adam deyləm. Markes dünyanın şübhəsiz ki, ən böüyk yazıçılarından biri idi və onu oxumaq bir prestij işi sayılırdı. Hətta Markezi Azərbaycana mən gətirmişəm deyən ədəbiyyat balacaları da bu gün yəqin ona görə belə yanlış fikrə düşürlər ki, o zamanın havasından başlarında nəsə qalıb. Ağlıma gəlmişkən bir sual da verim. Görəsən Azərbaycanda hansı yazıçının ölümünə 3 gün matəm elan etmək olar?!

Markes özündən sonra böyük bir yol qoydu. Amma bu yol onda bitir. Onun yolu ilə gedən yazıçılar ən yaxşı halda ona çatacaqlar. Ümumiyyətlə hər bir kəsin açdığı yol onun ölümü ilə elə onun özündə bitir. Ona görə də mən filankəsin yolu ilə gedirəm deyən, amma guya ayrı bir yerə çatacağına inananlar yanılırlar. Bu trolleybusluq kimi bir şeydir. Səni yuxarı bağlayan xəttən ayrıla bilməzsən.

Mir Şahin