adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Aprel 2014 15:10
5497
HADİSƏ
A- A+

Məscidi yandırdılar

Qonağın toyda düşən davadan qaçıb, məsciddə gizlənməsi bir nəfərin bıçaqlanmasına, sonra da məscidin yandırılmasına səbəb oldu

Gürcüstanda məscidə od vurulub. Bu dəfə hadisə siyasi səbəblərdən baş verməyib, məscidin yandırılması bir qətllə bağlı olub. ANS PRESS-in Gürcüstan müxbirinə istinadən verdiyi məlumata görə, Qardabaninin Muğanlı kəndində qətlə yetirilən şəxsin yaxınları buna əl atıblar.

Təxminən 35 yaşı olan Nüsrəddin Xıdırov həmyerlisi 40 yaşlı Oruc Əmiraslanovu bıçaqla öldürüb. Hadisə şahidlərinin sözlərinə görə Muğanlı kəndindəki evlərdən birində keçirilən toyda iştirak edən mərhum Oruc Əmiraslanov mahnı seçiminə görə toya gələn qonaqlardan biri ilə mübahisə edib. Vəziyyətin gərgin olduğunu görən qonaq, çıxış yolunu toy evinə yaxın ərazidə yerləşən ibadət evinə qaçaraq gizlənməkdə görüb. Bundan xəbər tutan Oruc Əmiraslanov öz dostlarını da yığaraq məscidin qarşısına gəlib və mübahisəni burada davam etdirməyə cəhd göstərib. Elə hər şey də bundan sonra baş verib.

Kəndin axundu Hümbət Əliyev hadisəni belə şərh edir: "Gördüm ki, bunlar daha da aqressivləşirlər, hamını yığdım içəri, qapını bağladım ki, bəlkə ara sakitləşə. Üstündən bir az keçdi, eşitdim ki, bəs Nurəddin qardaşı kəllə ilə vurublar, özündən gedib. Mən də su verdim ki, üzünə töksünlər, ayılsın. Çox az vaxt keçmişdi ki, gördüm ki, Nurəddini gətirirlər. Dedilər ki, o tərəfdən bir adamı vurub."

Adıçəkilən Nüsrəddin Xıdırov da digər ibadət edən dindarlar kimi sadəcə kütlənin ibadət etdikləri yerə daxil olmasının qarşısını almağa və mübahisədən qaçıb canını qurtarmış şəxsi qorumağa çalışıb. Lakin qəfil hücuma məruz qalması sonradan onu qatilə çevirib.

Hadisə şahidlərinin sözlərinə görə, özünə gəldikdən sonra Nüsrəddin cib bıçağını çıxararaq dəmir barmaqlıqlar arasından Oruc Əmiraslanova xəsarət yetirib. Bıçaq zərbəsindən sonra dünyasını dəyişən Oruc Əmiraslanovun yaxınları isə onu torpağa tapşırdıqdan sonra ibadət evinə gələrək tikiliyə od vurublar.

Hadisənin digər təfərrüatlarını öyrənmək istəsək də, qətlə yetirilən Oruc Əmiraslanovun ailə üzvləri və yaxınları bu barədə danışmaqdan imtina etdilər. Onu da qeyd edək ki, hadisəni törətməkdə adı hallanan Nüsrəddin Xıdırov həbs olunmayıb və o, yaşadığı yeri tərk edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.