adalet.az header logo
  • Bakı 12°C
19 Aprel 2014 18:51
6347
SİYASƏT
A- A+

Elmar Məmmədyarov ABŞ konqresmenləri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysu və onu müşayiət konqresmenləri qəbul edib.

XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüş əsnasında nazir Azərbaycanla ABŞ arasında əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının və ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Müxtəlif səviyyələrdə ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ölkəmiz haqqında ABŞ-da daha dolğun təsəvvürün yaranmasına xidmət etdiyini qeyd edən E.Məmmədyarov bu qəbildən olan səfərlərin intensivliyinin artırılmasının vacibliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında ABŞ nümayəndə heyətinə məlumat verən nazir münaqişənin həllinin regionun hərtərəfli inkişafına və regionda müəyyənliyin artmasına xidmət edəcəyini qeyd edib. E. Məmmədyarov Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu dövlətlərlə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladaraq, bildirib ki, Ermənistanla münasibətlərin qurulması üçün Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən əl çəkməli, öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.