adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"insan mənzərələri" silsiləsindən

31278 | 2012-02-04 11:44
Al məni qoynuna, layla de, layla.
   
   Salam, əziz oxucu! Mən bu yazımda Azərbaycanımızda və bir az da onun hüdudlarindan xeyli kənarlarda,üzü Borçalı ellərindən ta Böyük Türk ellərinə qədər gedib çatan, hər kəsin könül yanğısı ilə dinlədiyi və dinlədikcə öz iç dünyasında korun-korun qovşurulan, qovşurulduqca yaralarına duz səpib göynədən,ən daş ürəkli insanı belə kövrəldib ağladan bir şeirin,bir havacatın izinə düşüb topladığım və öyrəndiyim, öz könül pıçıltılarım və kövrək hisslərimlə cilaladığım bəzi bilgiləri səninlə bölüşmək istəyirəm.
   
    Allahın izni ilə,qələmə alıb yazacağım yazıynan sənin qəlbində bu şeirin təsir gücü qədər hisslər yarada bilsəm, nə xoş deyərdim öz halıma...Bilənlər bilir,bilməyənlər üçün bir azca əvvəlindən başlmaq istərdim.Doğma Azərbaycanımızın qərbində,ən ucqar nöqtədə yerləşən,İncə dərəsi adlanan qədim-qayım bir eldə Xəlil müəllimin ailəsində bir oğlan uşağı dünyaya gəlir.Adını Oktay qoyurlar...
   
    Xəlil müəllim bütün övladlarını beşiyi başında saz çala-çala böyüdər,özü də xəlvəti şeirlər yazarmış.Şən,xoşbəxt,məsum həyat keçirən Xəlil müəllimin ikimərtəbəli evi daim aşıq məclisli,çal-çağırlı olarmış.Bu çal-çağırlı,bu xoşbəxt ailənin başına sonradan nələr gələcəkdi, heç kimin xəbəri yoxuydu.Necə deyərlər,sən saydığını say,gör fələk nə sayır...
   
    Haqqında söhbət açmaq istədiyim polkovnik-leytenant Seyidov Oktay Xəlil oğlu 1959-cu ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş,həmin kənddə orta məktəbi bitirmiş,dəqiq elmləri gözəl bildiyinə görə sənədlərini o zamankı AZNKİ-yə (indiki Neft Akademiyasına) vermiş və qəbul olunmuşdu.Akademiyanı bitirəndən sonra Oktay hərbiçi-mühəndis olmağa qərar verir.
   
    1982-ci ildən hərbi xidmətə başlayan Oktay Seyidov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında,Azərbaycanın ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlarda öz vəzifəsini uğurla yerinə yetirir və polkovnik-leytenant rütbəsinə qədər yüksəlir. Gəncə, Goranboy, Tovuz,Daşkəsən, Culfa, Babək rayon və şəhərlərində hərbi komissar kimi şərəfli vəzifədə çalışır...
   
    O,həm bir evin oğlu idi,həm bir elin.Həm hərbiçi idi,həm şair.Həm çiynində ulduzlar daşıyan,ucaboylu,şəxsiyyətli zabit,həm də sinəsinə qara sazı basıb,yana-yana çalıb-oxuyan aşıq, ozan. O, döyüşlərdə Qoç Koroğlu, aşıqlıqda Cunun idi.Sinəsi vətən eşqiylə döyünən Oktay Xalloğlu çox eşqili bir oğlan idi.Zahirən də gözəl olub,daxilən də.Oktayın saz çalmağı,şeir yazmağı ilə bərabər insanı riqqətə gətirə biləcək titrək səsi olub.İlk vaxtlar deyilənə görə,Oktay Xəliloğlu üçün hələ nə Məmməd İlqar olub,nə Məmməd Dəmirçioğlu,nə Aşıq Ədalət,nə Aşıq Cahangir,nə Aşıq Qərib...Şair yeri behiştlik Akif Səmədlə,el dilinnən desək,Oktayın anası Saba xalanın isti xamralı çörəyi və pendirini yeyə-yeyə həyətlərindəki cöyüz ağacının altında bir böyüyüblər,bir də məktəbə gediblər.Sonralar Oktay dünya dolu dostlarını qazanır.Köhnə aşıqlar sayağı oxuyan Aşıq Qəribi kəşf edir və rəhmətlik Akif Səmədə onu bərk-bərk tapşırır.Hər gün dostları ilə: Akif Səməd,Məmməd İlqar,Məmməd Dəmirçioğlu,Aşıq Qərib və digərlərilə zəngləşər,uzun müddət görüşməyəndə onları məzəmmət edərmiş, heç görüşün bircə anını belə boş keçirməzmiş.Dostlarının etirafına görə,Oktay onlarla görüşəndə sevincindən uşaq kimi ağlayarmış.İndi o dostların yaşayanları deyirlər ki,bizim heç birimiz Oktay ola bilmərik,onun yerini verə bilmərik.Şair Məmməd İlqarın xatirələrindən: "Ümidi üzülsün fələyin! Ağamalı adlı,Oktay adlı ümüdlərimi üzdü.Birindən söz sirri döşürürdüm,birindən eşq! Ömrümün 7-cə illik parçası oldu Oktaylı günlər.Elə bil onu uşaqlıq çağlarımdan tanıyırdım.
   
   
   
    Hayıf sənə, Oktay!
   
    Bizlərə hayıf, Oktay!
   
    Sənsiz qalan dağlara,
   
    Düzlərə hayıf, Oktay!
   
   
   
    Sənsiz əsən yellərə,
   
    Sənsiz acan güllərə,
   
    Güllərə hayif Oktay!
   
   
   
    Sən tək oğul itirən,
   
    Sən tək igid itirən
   
    Ellərə hayif, Oktay!
   
   
   
    Adın düşməz dilimdən,
   
    Toyda, şanda deyərəm
   
    Səndən sonra nə çəkdim-
   
    Görüşəndə deyərəm....
   
   
   
   Oktay gözəl saz çalıb, oxuması ilə bərabər qəribə kəşflər də edərmiş.Sazda Akif Səmədin "Amandı, ay gedən, əylən " şeirini özünəməxsus şirinliklə oxuyarmış və Akifə deyərmiş ":Bu havanı başqa aşıq belə çalıb oxusa,atamın goru haqqı, əlimə saz almaram.Bu qardaşının havasıdı, sənin sözünə qoşmuşam.Yadında qalsın: "Oktayı Dübeytidir ".
   
   Allah ömür versin aşıq Qərib İncəliyə.Oktay ilə çox yaxın dost olduğundan və daim bir yerdə saz çalıb-oxuduğundan,bu gün də Qərib İncəli həmin havanı eynən Oktay Xalloğlu kimi çalıb-oxuyur və mən bu oxumağı,bu şirinliyi heç bir aşıqda görə bilmirəm.İndi-indi duyuram ki,"Sarıtel" havasından Oktay neçə könüllərin, neçə ürəklərin sarı telini, neçə dərdlinin sarı simini tərpədərmiş.Aşıq Qəribin xatirələrindən":Başqalarını bilmirəm,mən əlimə saz alıb oxuyanda böyük məsuliyyət hiss edirəm, elə bilirəm oxuyub qurtaran kimi Oktay mənə nəsə bir göstəriş, nəsə bir nəsihət verəcək.Hər dəfə qara sazı götürəndə Oktayla görüşürəm.Oktayın "Layla de,layla" mahnısı ikimizin birgə şah əsərimizdir.Çox vaxt mənə Akif Səmədin "Amandi,ay gedən,əylən" mahnısını oxutdurardı.Bu mahnı üçün özünəməxsus havacat yaratmışdı.İncə dərəsində bu havaya "Oktayı Dübeyti"deyirlər.Bilmirəm onun təbiətindən irəli gəlirdi, yoxsa insan sevərliyindən idi ,adətən laylalı havalara çox üstünlük verərdi,qəhərlənərdi.
   
   
   
    Sənsiz qüssə,kədərim
   
    Çağlar,a tərlan balam.
   
    Ürəyim qəmdən yarlar,
   
    Bağlar, a tərlan balam.
   
   
   
   Sarıyanız,alagözlü ,ucaboylu, çox çevik,dözümlü,lakin qəlbən çox kövrək olan Oktay Xalloğlu nağılları,dastanları çox gözəl bilirdi və sevirdi.Bəlkə elə ona görə də onun özü də,həyatı da,sevgisi də,evliliyi də elə bil ki, bir nağıl, bir dastandı.Elə haqqında danışmaq istədiyim şeirin özü də,ömür boyu dost-tanışla yeyib -içən, gözləri həyat eşqiylə qaynayan,ürəyi eşq-məhəbbətlə döyünən,sazda dərdlərini ,dərdlərində könlünü yaşadan Oktayın həyat nağılının bir parçasıdır.
   
    ....İncə dərəsi adlanan oba Qazağın üç kəndinin -Aslanbəyli,Qaymaqlı və Kəmərlinin birliyidir.Ayrı-ayrı kəndlər olmasına baxmayaraq ,dərdi-səri,xeyr-şəri bir,bir-birinə qaynayıb- qarışan sanki bütöv bir kənddir.Oktay Aslanbəyli kəndində doğulub,amma onun sevdiyi gözəl Vəzzuhə xanim isə Kəmərlidə doğulub, böyüyüb.Oktayın Vəzzuhəni çox sevdiyinə baxmayaraq ,qızın ata- anası elçilərə razılıq vermirlər.Oktay o vaxt qızın evinə ov tüfəngi ilə basqın edir və sevgilisini qaçırır.Öz sevgilisinə qovuşan,lakin sonrakı taleyindən bixəbər olan Oktay özünü dünyanın bəxtəvəri sanır.Onların 2 övladı olur: oğlu Xəlil, qızı Ayşə.Bu xoşbəxt ailənin xoşbəxt günlərinin birində Oktaya qayınanasıgildən zəng gəlir; yaydı, uşaqları kəndə gətirsin.Oktay o zaman Goranboy Hərbi Komissarlığında çalışırdı.Qayınanasının sözünü yerə salmıyıb həyat yoldaşını və uşaqlarını kəndə gətirir...
   
    Evliliyinin və xoşbəxtliyinin ömrü bu qədər çəkən Oktayın başı bəlalı sevgilisinin bəlalı günləri də bax o gündən başlayır ....
   
    Sevgilisi həyətlərindəki gilas ağacından yıxılır,onurğa sümüyü qırılır . Bakı-Tiflis-Moskva- Oktayın aparmadığı yer, həkim qalmır.Sevgilisinə hec yerdə əlac tapa bilməyən Oktay sonuncu dəfə onu yenə Moskva şəhərinə aparır və orada həkimlər sümüyün zədələndiyini və əlacı olmadığını deyirlər.(əlləri dünyadan üzülən Oktay öz sevgilisinin çarpayısı başında, o anlarda görəsən hansı hissləri yaşayıb, ilahi? )...
   
    .... Bütün bu çarəsizlikəri görən Oktay özünün ağır üzüntüləri ilə obasına, elinə dönmək qərarına gəlir.
   
   Elə ordaca özünün sağalmaz olduğunu hiss edən Vəzzuhə xanım son dəfə olaraq Oktayla vidalaşmaq istəyir və ona başqa bir xanımla ailə qurmasını məsləhət görür.Vəzzuhə xanım Oktayın tək,köməksiz qalmaması üçün və ondan yadigar qalan 2 övladını böyütmək üçün Oktaya bu təklifi edir.Dərdi üstündən dərd ələnən Oktay halsız, arxası üstə lal-dinməz,çarəsiz yataq xəstəsi olan sevgilisindən də betər olur.Ürəyi param-parça olur, sümüyündən iliyinəcən necə göynəyirsə qanlı göz yaşları içinə axa-axa sevgilisinin çarpayısı başında bax bu şeiri deyir.O gün Oktayın ürəkləri titrədən, tükürpədici yanığı ilə caldığı layla özünü necə göynətmişdisə,yarandığı gündən hər kəsi də eləcə göynədir, eləcə sızıldadır:
   
   
   
   Ötüb ömrüm, köçə çata bilmirəm,
   
   Al məni qoynuna,layla de, layla.
   
    Özgə laylasına yata bilmirəm,
   
    Al məni qoynuna, layla de, layla.
   
   
   
    Bir layla de,yuxum ərşə calansın ,
   
    Bir layla de,yolnan gedən dayansın.
   
    Bir layla de, küskün könlüm oyansın,
   
    Al məni qoynuna, layla de, layla.
   
   
   
    Xəliloğlu dayanıb yolların üstə,
   
    Belə şirin qeylü -qalların üstə.
   
    Qapansın gözlərim qolların üstə,
   
    Al məni qoynuna, layla de, layla.
   
   
   
   (Ömrü-günü param-parça olan Oktay! Bu dəm ürəyimdən keçdi ki,sevdiyin gözələ çaldığın laylanı elə sənin özünə çalım və səni sən ağlayan kimi hönkür-hönkür ağlayım! Heyf səndən, Oktay...)
   
   Oktay dərd əlindən sınmadı,əyilmədi,məğrur dayandı.Sevdiyi gözəlin başı üstündən ayrılmadı,onun istədiklərinin hamısını yerinə yetirdi,dediyi kimi başqa bir xanımla-Nafilə adlı qadınla ailə həyatı qurdu,övladlarını böyütdü,oxutdu.İndi Oktayın hər iki övladı ali təhsilli və ailəlidir.Onun ikinci dəfə evləndiyi Nafilə xanımsa Oktayın son gününə qədər onun və övladlarının bütün qayğılarını cəfakeşliklə çəkir,övladlarına əsl ana qayğısı göstərərək böyüdür və evləndirir.Hal-hazırda həmin xanım doğma oğuldan artıq sevdiyi Oktayın oğul yadigarı Xəlillə birlikdə Gəncə şəhərində yaşayırlar.Şükürlər buna.Amma Oktay özü yoxdu həyatda... Arxası üstə ömürlük çarpayı xəstəsi Vəzzuhə xanımsa günü bu günə qədər gözləri qapıda Oktayı gözləməkdədir....
   
   Oktay 26.03.2003-cü ildə Daşkəsən rayon hərbi Komissarlığında çalışarkən xidməti vəzifəsini yerinə yetirəndə avtomobil qəzasında həlak oldu.
   
   Oktay Xalloğlu yatqda ölə bilməzdi.O, vətən yolunda,el yolunda döyüşlərdə ölməyə hazır igid idi.Bu ölüm yerin-göyün sahibinin onun bəxtinə yazdığı alın yazısı idi.
   
   Kim qaça bilib bu qəza-qədərdən,Oktay da qaca?
   
   Ölən gününə qədər nə dostlarından aralandı, nə övladlarından,nə yataq xəstəsi həyat yoldaşindan,nə də qara sazından.Ölüncəyə qədər çaldı, oxudu,yanıqlı bülbül kimi ötdü sevgilisiin başı üstə.Sevdiyi aşiq Qərib də yanında-qoşa çaldıar,qoşa oxudular Vəzzuhə xanımın başı üstə. İlk dəfə "Layla de, layla "nı Oktay Xalloğlu özü oxumuş,sonra aşıq Qərib ilə birgə "İbrahimi"havasi ustundə deyişmişlər.Qəribin yanıqlı oxusundan sonra bu şeir və havacat daha da dillərə düşdü.Sonra Oktay özü Aşıq Qəriblə birgə bu havanı Aytəkin və Gültəkin bacılarına verirlər.Daha sonra digər aşıqlarımız -Aşıq İlham,Aşıq Zülfiyyə,Aşıq Cahangir,Aşıq Şaiq,Aşıq Avdı və digərləri bu şeiri müxtəlif havalar üstə,ən cox isə "Aran gözəlləməsi" üstə sevə-sevə oxuyurlar.
   
   Bu havanın yanğılı sədaları gəlib Türk ellərinə də çatır......
   
   Çağdaş Türk aşığı Maksud Feryadi "Köhnə Naxçıvani" üstə bu mahnını özünəməxsus yanğı və göz yaşları ilə Türküyə salonlarının birində konsert zamanı necə oxuyursa bütün salondakılar ağlayır... Bax, Oktay Xalloğlu laylasi bütün Türk ellərinə beləcə yayılır.
   
   Oktay Xalloğlu öldü, desək səhv etmiş olarıq. O, bir dünyadan başqa dünyaya bir qımqımı oxumağa,bir layla çalmağa getdi.İncəli qələm sahiblərinin, şairlərinin özlərinə mürşüd saydığı Ağamalı Sadiq Əfəndi kimi yeni bir ömür yaşamağa getdi.Oktayın olümündən qisa bir zaman keçəndən sonra könül dostu,uşaqlıq yoldaşı Akif Səməd dünyasını dəyişdi.
   
   
   
    Nə qədər dostlarım qabağa düşdü,
   
    Gecikir ölümüm,yaman gecikir.
   
    Səmti, yönü yaman uzağa düşdü,
   
    Kəsibdi yolumu duman, gecikir.
   
   
   
   deyən Akif Səməd sanki qoca bir palıd ömrü yaşamışdı. Elə tələsirdi ölməyə.Ağamalıdan,Oktaydan sonra özünə 45 yaşı çox görən Akif Səməd sanki dünyanı tutub durmuşdu.Yolun alt yanında uyuyan Oktaya qovuşmaq üçünmü,yolun üst yanındakı yamacda göynəyən,gözləyən məzar yeri üçünmü bu qədər darıxırdı Akif?Allah, görəsən neçə əsr imiş bu 45 yaşlı qocanın yaşı?!
   
   
   
    Qara Məlik köç edəndə
   
    Cavan oğlandım,
   
    Ağrı dağın yamacında
   
    mavi dumandım,
   
    Qəm-kədərlə qamçılandım,
   
    Dərdlə budandım,
   
    Qoca baba,çox qocayam,
   
    Yaşıma baxma...
   
   Bu qədər tezliklə,bu qədər tələsik tapdığınız yeriniz,məkanınız mübarək,45 yaşlı qoca dərvişlər.Sizdən sonra bizlər nə çəkdik,Məmməd İlqar demiş,görüşəndə bilərsiniz...İncə torpağı Ağamalı Sadiq,Akif Səməd,Oktay Xalloğlu kimi neçə şair-aşıq,ozan oğlunu 50 yaşı haqlamamış uddu. Uddu,yoxsa uduzdu?Nə bilim, təkcə onu bilirəm ki:
   
   
   
   Bundan anrı ucalım yox,
   
   Dayanmağa macalım yox,
   
   Yüz dəfə öldüm dirildim,
   
   Mən insanam,acalım yox.
   
   Əyil səndən keçim,dünya...
   
   
   
   -deyən Ağamalı Sadiq Əfəndi də,
   
   
   
   Fələyə kələk deyirdim,
   
   Coşqun idi qanım mənim...
   
   - deyən Oktay Xalloğlu da özlərini fani dünyanın ayağına yıxmadılar,onun verdiyi dərdlərə nəşəylə,toy-bayramla sinə gərib,dərələrə sinmədən,zirvələrdə yaşadılar,zirvələrə qalxdılar.Və birdə onu bilirəm ki":Mənim dərdim özgə dildə oxunmaz; Oxu aşıq,oxu mənim dərdimi"-deyib alin yazılarını oxuyan,
   
   
   
   Öpüb oxşadıqmı, de bir daşları,
   
   Yeyib tükədibdi səbir daşları,
   
   Bizi cağırmırmı qəbir daşları,
   
   Ağlamalı Sadiq,İlqarlı Məmməd...
   
   
   
   deyib haqqa qovuşmağa tələsən bu haqq aşıqlarının" məzarları dağlar başında,daşları yollar ayrıcında"qaldı.Bu məzarların başını,ayağını öpüb gedən İncə çayı isə günü bu günəcən bu oğullarını,Anam öz oğulunu ağlayan kimi ağlayır.Ağlama,Anam,ağlama!Ağlama,Anam İncə,ağlama!Öləni ağlayarlar.Onlar ölməyiblər.Saz dili,qopuz dili,quş dili,ot dili, gül dili,su dili,daş dili,ağac dili bilən haqq aşıqları ölmürlər- deyirlər.Onlar ölməyib.Onlar bayatı cağırmağa,qımqımı oxumağa,layla çalmağa gediblər.Gediblər,tələsik gediblər.Gediblər geri donmək eşqinə gediblər.Gediblər ki,yeni bir ölümsüz ömür başlamağa qayıtsınlar.Gələn gəlişiniz,möhtəşəm qayıdışınız mübarək,Ölümsüzlər!
   
   
   
   Akif Səməd
   
   Bilmədim
   
   Evdən yox,eldən getmiş hərbiçi qardaşım
   
   Oktay Seyidova
   
   
   
   Bu il bahar gəlmədi,
   
   Yay gəldi,bitdi-bimədim.
   
   Dostun məzarı yolunda
   
   Ot-əncər bitdi bilmədim.
   
   
   
   Bilmədim kimdi sarvanım,
   
   Karvanda kimdən arlanım,
   
   Naqafil köçüm- karvanım
   
   Mənzilə yetdi bilmədim.
   
   
   
   Dünya naqandı,ox -yaydı,
   
   Ölüm zülümə "oxqay"dı.
   
   Köçən qardaşım Oktaydı,
   
   Akif Səməddi bilmədim!
   
   
   
   Rəfail İncəyurd
   
   Xalloğlu
   
   
   
   Bu dünyadan alar oldu
   
   Vaxtı o dünya, Xalloğlu.
   
   Açarmola burda yatan
   
   Baxtı o dünya, Xalloğlu?
   
   
   
   Pəl qatdılar huşumuza,
   
   Şeytan gəldi xoşumuza.
   
   Bu günahı başımıza
   
   Qaxdı o dünya,Xalloğlu
   
   
   
   İncəyurdam,mən də bildim
   
   Hörülmədin bəndə, bildim,
   
   Köç etdiyin gündə bildim,
   
   Haxdı o dunya,Xalloğlu
   
   
   
   Məmməd Dəmirçioğlu
   
   Dərdin alım
   
   
   
   Zimistanda gül gəzirsən,
   
   Yazındımı,dərdin alım?
   
   Könlümə dağlar çəkirsən
   
   Sazındımı dərdin alım?
   
   
   
   Dərvişmisən,ozanmısan?
   
   Yazanmısan,pozanmısan?
   
   Bir belə dərd qazanmısan
   
   Azındımı, dərdin alım?
   
   
   
   Sənsiz qalan dünya yalan,
   
   Dəmirçioğlu oldu talan.
   
   Köçüb getdin,bizə qalan
   
   Nazındımı,dərdin alım?
   
   
   
   Hazırladı:Çiçək Mahmudqızı

TƏQVİM / ARXİV