adalet.az header logo
  • Bakı 20°C

Əsgərlik Gündəliyim

İNTİQAM VALEHOĞLU
29305 | 2012-02-04 06:19
(üçüncü hissə)
   
   
   
   Ayın 25-i sıradan gün kimi keçdi. 26, 27-də isə Kursant Şəkərovla Əliyev Elvinin mübahisəsi yaddaqalan oldu. Hətta bu mübahisə bölüyü iki yerə ayırdı da. Gələn ay olacaq andiçmə mərasiminə görə yığılan çevik qrupuna yazılmışam. Burda xüsusi hərəkətlər hazırlayırıq. Həmçinin ikimanat maaş almışıq. Maaşımın böyük qisminə əsgər ləvazimatı almışam.
   
   
   
   "Bas bayıra"
   
   
   
   İyul ayının 28-dir. Günün rejim qaydalarına riayət etdikdən sonra "çevik"də məşqə qoşuluram. Kiçik çavuş Novruz Novruzovun rəhbərlik etdiyi qrupda fiziki hazırlıqlı uşaqlar toplanıb. Deməli, burda özümü göstərmək elə də asan olmayacaq. Sıradan məndən sonra dayanan Daşdəmirov Orxan Bakıxan oğlu çevikə gələndə onun nə üçün bu addımı atdığını başa düşə bilmirdim. Sən demə...Orxan xeyli müddət cüdo və digər idman növləriylə məşğul olub. Hətta hərəkətlərin qurulmasında Novruzova ağıllı məsləhətlər də verir. ...
   
   Hərbi hissə komandirinin bölüyümüzə baxış keçirməsindən sonra kiçik çavuş Əhmədovla aramızda yenidən mübahisə düşür. Əhmədov əslində pis uşaq deyil. Hiss olunur ki, mütaliəsi var, ev uşağıdır,tərbiyəlidir. Amma onun indi yadımda olmayan səbəbə görə mənə "bas bayıra" deməsi soyuq duş effekti verir. Nə edəcəyimi düşünürəm. Vurummu? Yox. Çünki artıq 11 ayım qalır. Olmaz. Bəs nə edim? Yaxşısı bu mübahisəni söhbətlə yekunlaşdırmaqdır. Və belə də olur. Gözləmədiyim halda..
   
   Şam yeməyindən sonra təlim-tədris zastavasının rəisi mayor Ağayev əsgərlərlə televizora-o zamanlar teleməkanda ilk dəfə nümayiş olunan, baş rolda tanınmış türk müğənnisi Mahsun Kırmızıgülün çəkildiyi "Aşka sürgün" serialına baxır. Mənim əvvəldən türk kinolarıyla aram yoxdur. O ki qaldı serial ola. Ondansa gedib yarım saat artıq yatmaq nəyə desən dəyər. Amma neyləmək olar? Bura hərbidir. Qaydaları sən tətbiq etmirsən.
   
   İyulun 29-u indi həyatda olmayan rəhmətlik Kamil əmi və qohumum Natiq gəlib. Kamil əmi atamın yaxın dostudur. Onu illərdi tanıyıram, tikinti ustasıdır. Hətta dərslərimi yaxşı oxumayanda evdən zorla onun yanına aparıb qoyublar ki, fəhlə işlə ağıllan. İnsafən o da mənə çox əziyyət verməzdi. Amma başa salardı ki, bax dərslərini oxu, fəhlə olma. Görürsənmi, yanımda işləyən filankəsi, iki metr boyu var, üç uşağın dədəsidir. Gəlib mənim yanımda fəhlə işləyir... Ona görə də Kamil əmi yadımda çox yaxşı insan kimi qalıb. Allah o dünyasını versin.
   
   
   
   Nənə məni zibilə saldı
   
   
   
   30 iyul 2007-ci il. Bu gün indiyə kimi yadımdadır. Dünən əsgər yoldaşım Səmədov Fəhminin də yanına gəlmişdilər, mənim də. Nənəsi zorla mənə bir alma verdi ki, al, bu da nənənin payı. Mən də o almanı əzizləyə-əzizləyə düz kazarmaya qədər gətirdim. Bir alma, əlli əsgər. İndi gəl bunu böl də. Gözləyirdim ki, özümə yaxın bildiyim Qədirov Mehmandan, həkim Məmmədli Mikayıldan biriylə yeyərəm. Almanı yastığımın üzündə gizlətdim ki, "komandir günü" bitən kimi qayıdıb yeyərik. Elə bil qoyun-zad kəsmişəm, uşaqlara qonaqlıq verəcəyəm. Nəysə... "Komandir günü" yoxlanışı bitdi və hərbi hissə komandiri Əbülfəz Hümbətov bildirdi ki, hər kəs plastda qalsın və o bir-bir bölükləri gəzəcək. Bəxtdən də ilk girdiyi bölük bizimki oldu. Girir, baxır, hər şey əladır...Qəfil qərar verir ki, əsgərlərin yatacaqlarını yoxlasın. Birdən... həmin bu alma mənim yatdığım ikinci mərtəbədən, balış üzünün arasından tap düşür yerə.....dığırlanır və komadirin qarşısında dayanır...İndi təsəvvür edin, zastavamızın rəisi baş leytenant Ocaqverdiyevin vəziyyətini... və bir azdan da mənim vəziyyətimi... Polkovnik ona nə deyəcəksə...o da hamısını mənə deyəcək...Başqa cür ola da bilməz....bura hərbidir və biz qaydalara, əmrlərə tabeyik. Özündən yüksək rütbəlinin əmri isə müzakirə yox, icra olunur. Amma bir şeydə bəxtim gətirib ki, Ocaqverdiyev nüfuzlu zabitlərdəndir deyə, polkovnik ona çox da pis sözlər deməyəcək... Bu an baş verənlərdən isə xəbərsizəm və az öncə yazdıqlarım sonradan bildiklərimdir. Amma polkovnik yataqxanaya baxış keçirməyə qalxanda hiss edirdim ki, nəsə olacaq. Özü də elə bu almayla bağlı. Ürəyimdə Səmədovun nənəsini bəzəyirəm ki, ay arvad o bir almayla mənim qarnım doymayacaqdı axı...onu mənə niyə verdin? Sonra da özümü söyürəm. Niyə yataqxanaya gələ-gələ onu dişimə çəkmədim...?
   
   Və...komandir qayıdır... "Azad" komandası. Yuxarı qalxırıq. Baş leytenantın səsi Şəkini ağzına götürüb. Elə hey qışqırır, hərdənbir də "bilət" deyir. Çünki sən demə, yatağından nəsə çıxan təkcə mən deyiləmmiş. Məmmədov Həbibin də balışından jurnal çıxıb. Özü də nə jurnal... Hətta bölükdə olan növbətçinin dediyinə görə, jurnaldakı şəkillər komandirin diqqətini almadan daha çox çəkib. Lüt qızlar, əla pozlar...gəlsənə çəkməsin də... Sonralar həmin jurnalı bir-iki dəfə zabitlərin əlində də gördüm...
   
   
   
   Alma məsələsi
   
   
   
   İndi də keçək alma məsələsinə... Kazarmanın koridorunda düzülmüşük. Ocaqverdiyev addımlaya-adımlaya o başa, bu başa gedir. Ürəyimi yedim ki... danış da... Danışır... və kulminasiya... Mənə yaxınlaşır... Elə bir sifət alıb ki, gözləri bu dəqiqə hədəqəsindən çıxacaq...Almanı hardan aldığımı soruşur. Heç Səmədovun nənəsini satmaq kişilikdəndir?)) Sonra arvadı naryada zada yazar biabır olarıq. Gərək onun əvəzinə də xidmət çıxım. Soruşur və dillənmirəm. İndi bu qədər cılız olan birini qarşımda əjdaha boyda görürəm. Çünki 50 nəfərin bir həftə çəkdiyi əziyyəti, polkovnikin yanında illərlə qazandığı hörməti yerə vurmuşam...Təbii ki, cəzalanacam. Mən, yatağından jurnal çıxmış Məmmədov Həbib və samuxlu Cabbarov Mahir naryad yazılırıq. Dəhlizi silib-süpürüb saat 12-də yatıram. Həbibə isə tualet düşüb. Ona görə də növbətçimiz-kursant Quliyevə narazılığını bildirir. Mahir isə sinif otağı, məişət otağını qaydasına salıb. Bu arada deyim ki, Həbibin tualetə göndərilməsi çox güman ki, Ocaqverdiyevin tapşırığı idi. Çünki alma məncə onun jurnalından daha yaxşı günahdır))) Saat 4-də oyanıb bölüyümüzdə namaz qılan 9 nəfəri də oyadıram.
   
   
   
   Əsgər yoldaşlarımla tanış olun
   
   
   
   Ayın 31-dir. Deməli, bu günü də yola versək, qaldı düz 11 ayımız. Səhər yeməyi və idmanından sonra sinif otağında "Bizim Səhər" verilişinə baxıram. Qonaqlar Zakir Əliyev və Əlikram Bayramovdu. Deyəsən, alma və jurnal məsələsi Ocaqverdiyevə düşdü. Çünki Sərhəd Qoşunları komandanının qərarı ilə o və müavini, əslən laçınlı olan baş leytenant Həsənquliyev kapitan hərbi rütbəsi aldılar. Kiçik çavuş Bəşirovun keçdiyi dərsdən sonra yenə bizim futbol oynamalı olduğumuz meydançada zabitlərin oyununa baxırıq. Oyun haqda az sonra...Təbii ki, naryadı Qənbərov Ağasəf, Sarıyev Sabutay və Məmmədli Mikayıla təhvil verəndən sonra. Bir az da bu üç əsgər haqda. Sabutay Saatlı rayonundandır və çox tərbiyəli insandır. Sonralar Sərhəd Qoşunlarının Mərdəkandakı Çevik alayına gətirildi. Mikayıl isə Tibb Universitetini bitirib, çox savadlıdır. Hətta dediyinə görə, ilk ildə qəbul olunduğu fakültə ürəyincə olmayıb və dərsə getməkdən imtina edib. İkinci il pulmonologiya (ciyər) fakültəsinə qəbul olunub. Rusdillidir, alman dilini də öyrənməyə cəhd edir. Əslən gürcüstanlıdır. Danışığında da bir şirinlik var. Arabir gürcüstanlılara məxsus "dana" sözünü işlətməsi çox xoşuma gəlir. Qənbərov Ağasəf isə bölüyün ən hündür əsgəridir, İqtisad universitetinin məzunudur. Vaxtilə boksla məşğul olub və müəyyən uğurları da var. Amma xaraktercə mənə yaddır.
   
   
   
   "Ə özuuz da oynuyun daaaa bə"
   
   
   
   İndi də keçək oyuna. Yazacaqlarımı gündəliyimə qeyd eləməmişdən əvvəl bir neçə dəfə zabitlərin oyununu izləmişdim. Hər dəfə də belə bir müşahidəm var idi-sanki meydanda hərbi hissənin komandirindən başqa kimsə yoxdur. Leytenantı da, kapitanı da, çavuşu da topu ona ötürmək istəyir. Bütün bu ötürmələri qəbul eləmək isə onun fiziki imkanları çərçivəsində deyil. Axı əvvəldən polkovnikin kilolu olduğunu yazmışdım. Hətta Hümbətov da bu "ötürmələrin" fərqindədir. Arabir özünəməxsus Naxçıvan ləhcəsində "ə özuuz da oynuyun daaaa bə. Nadı, hamııız məni görmüsüüüz?" deyə etirazını da bildirirdi. Həqiqətən də ətrafdan baş verənlərə sadəcə gülmək olardı. Sanki meydanda bir nəfər var və hər kəs də onun üçün oynayır. Mütləq qələbə qazanan tərəf də komandirin komandası olmalıdır. Axı niyə? Nə üçün? Məgər hərbi rütbədən başqa onu bizdən, digər zabitlərdən artıq edən nəsə var?
   
   ...Bu gün axşam saatlarında hərbi hissəyə baş idarədən yoxlama gəlib. Deməli, gecə saat neçəyə kimi də olsa saçımızı qırxdırmalıyıq. Çünki bu dağılmışa girənin ilk baş çəkdiyi gənc əsgərlərdir. Gənc e...Burda elələri var ki, bir uşağın dədəsidir, bəzilərinin bəlkə də həyat yoldaşı həm əsgər yolu, həm də uşaq gözləyir. Nəysə...saçlarımızı qırxdırıb axır ki, yata bilirik.
   
   Avqust ayının 1-dir. Tam bir ayımız geridə qalıb. Amma bunun cəmi 18 gününü əsgərlikdəyəm. Qaydalardan sonra əsgərlər arasında 100 metr məsafəyə qaçış yarışı keçirilir. Daşdəmirov məni bir neçə an qabaqlayır. Dünən gəlmiş yoxlama gənc əsgərlərlə sorğu-sual edir və təbii ki, hər şey qaydasındadır. Ümumiyyətlə, bu bir il ərzində çox nadir hallarda gələn komissiyalar narazı getdi hərbi hissəmizdən. Bu indi də mənə sirr olaraq qalır. Əgər hər dəfə razı gedəcəkdilərsə, daha bir də Bakıdan Şəkiyə 400 kilometr yolu basa-basa gəlməyin nə adı vardi? Yaxşısı, telefonla komandirlə əlaqə saxlayıb vəziyyəti öyrənmək idi. Əgər söhbət başqa "şeydən" gedirdisə, onun da çarəsi var. Poçtla göndərirsən, ordan gedib götürürlər. Necə ki, bizim bəzi zabitlər əsgərlərə gələn pulu poçtdan alıb şərikinə bölürdülər. Bu haqda da toxunacağım məqamlar olacaq. Amma qarşıda...
   
   
   
   "Neftçi" yenə uduzdu
   
   
   
   Avqust ayının 2-dir. Günün ilk hadisəsi-əsgər yoldaşımız Əşrəf Əşrəfovu arı çalır. Ümumiyyətlə, Əşrəf tam fərqli bir uşaqdır. Boyu ancaq 170 santimetr olar. Amma dəhşət dərəcədə güclüdür. Mülki həyatda qəssab olsa da, inanın ki, adamın ortasını ürəkdən sıxarsa, belini üzər. Hayıf ki...
   
   Bu arada diqqətim "Neftçi"nin Avstriyanın "Rid" klubuyla keçirəcəyi oyunun nəticəsini öyrənməyə yönəlib. Bakılılar 2:1 qələbə qazansalar da, bu onlara növbəti mərhələyə çıxmaq üçün yetmir. Çünki ilk oyunda 3:1 uduzublar.
   
   (ardı var)

TƏQVİM / ARXİV