Dünyanın arşını

İRADƏ TUNCAY
114506 | 2013-04-30 12:19

Allah biz insanları elə yaradıb ki, nədən narazı olsaq da ağlımızdan hər zaman razıyıq. Yəqin burda bir hikmət var, çünki insanlar, heç olmasa, bu məsələdə naşükür deyillər. Amma şəxsən mən məhz bu söhbətdə mütərəddid qalıram. Hərənin öz arşını var-hər balaca adamın da, hər böyük dövlətin də. Əgər hər kəs öz kefinə uyğun yox,ümumi qayda -qanuna uyğun yaşasaydı dünyada hər şey düz olardı. Nə müharibələr olardı, nə dava-şava, nə də narazılıqlar. Ölçü hissini itirən hər hansı şəxsmi, qrupmu, rejimmi, dövlətmi ortaq standartlardan uzaqlaşır və bundan sonra əmələ gələcək münaqişələrə səbəb olur.

Bütün dünyada qəbul olunmuş metrologiya və standartlaşdırma sistemi var. Hər ölkənin öz ölçü sistemi var. Hər xalqın öz düşüncəsi, əxlaq normaları var. Metrin öz uzunluğu var, yardın öz, kilonun öz çəkisi var, funtun öz. Bir xalqa məqbul olan, digərinə yaddır. Hətta poetik obrazlar belə eyni qavranılmır. Deyək ki, dilimizin normalarından çıxış edərək kimisə qocaman palıda bənzədirik-ruscaya tərcümədə bunu kimə desək nəticəsi heç yaxşı olmayacaq. Ya da avropalının norma kimi qəbul etdiyi zarafatı şərqli təhqir kimi anlayacaq. Demək, nə qədər ümumi standartlardan danışsaq da hər bir insanın da, xalqın da, dövlətin də öz standartları var. Və hər kəs də öz işini bu ölçülərdən çıxış edərək qurur. Vay o gündən ki, hər hansı ümumi işə xidmət edən qurumların hərəsinin öz ölçüsü yaransın və bu da nəticədə hər kəsin özünün kef standartlarını-normativlərini meydana çıxarsın. Yəni, hər hansı bir yerdə "kefim belə istəyir" prinsipi ilə hərəkət edəndə nəticəsi nə olacaq özünüz düşünün. Neçə min illərdir din kitabları insanları düz yola çağırır, bəşəriyyətin neçə faizi düzəlib? Neçə min illərdir ədəbiyyat, sənət insanları tərbiyə eləməyə çalışır, nə düzəlib? Konstitusiyalar, qanunlar, cəzalar insanların hansısa bir qismini nədənsə çəkindirə bilir. Böyük faiz öz bildiyini edir və bu şəkildə uğur da qazanır.

Elmdə, sənətdə bəzən məlum qaydalardan, tapdanmış cığırlardan sapmalar olur. Bəyənilirsə buna orijinallıq deyirlər. Yox əgər qəbul olunmursa əllaməlik adlandırırlar. Bu sapmalar olmasaydı, neçə-neçə cərəyanlar, yeniliklər yaranmazdı, kəşflər olmazdı. Uzun illər sovetlərin istehsal etdiyi məhsulları dünya standartlarına uyğun gəlmədiyinə görə dünya bazarında qəbul etmirdilər. Amma bu, sovet hökumətinə qüdrətli dövlət olmağa mane olmurdu. Demək istədiyim odur ki, gücün çoxaldıqca standart və ölçülərdən kənara çıxa bilərsən, kimsə də sənə "gözün üstdə qaşın var" deməyəcək. Tutalım eyni bir uyğunsuz hərəkəti cəmiyyətdə iki müxtəlif mövqe tutan adamlar edirlər-zənginin hərəkətinə münasibət bir başqa cür olacaq, kasıbınkına bir başqa cür. İkisi də içir - kasıba "alkaş" deyirlər, varlıya "yeyib-içən" oğlan. Xalq arasında bu standarta "yetim qızsan qıvrıl yat" deyirlər. Və yaxud da görürsən ki, bütöv bir toplum yanlış yol tutub, atılıb -düşürsən ki, belə olmaz. Onda sənə deyirlər ki, "palaza bürün, elnən sürün". Qanun kitabları deyir ki, qanunlar əsasında yaşa, el deyir ki, "düz düzdə qalar". Maraqlıdır, deyilmi? Yenə ölçülərdən kənara çıxırıq. Hərlənib-fırlanıb o fikrə gəlirik ki, birtəhər başını saxlamaq üçün gördüklərindən -eşitdiklərindən bir ortaq məxrəc tapıb öz standartını yaratmalısan. Elə bir standart ki - nə əzilməyəsən, nə də kimisə əzməyəsən. Ən çətin olanı da budur.

Arşın kimin əlindədirsə,ədalətin, həqiqətin açarı da onun əlindədir. Ha çığırıb-bağırsanda ki, mən haqlıyam, xeyri yoxdur. Güclü kimdirsə, haqlı da odur. İstər xarici siyasətdə, istər daxili. Bununla barışıb yaşamağı öyrənmək lazımdır. Deyə bilərsiniz ki, biz öyrəncəliyik-olsun. Bəzən standartdan kənar standartlara öyrəşmək ağrılı olur. Həmin vaxt atalarımızın bizə miras qoyduğu məsəlləri xatırlayın. Kişilər deyib gediblər, bəhrələnin. Ağa deyir sür dərəyə, sür dərəyə. Sonra da ağa durur, ağacan durur. Bir problem var ki, ağaların sayı çoxdur, hansının sözüynən oturub -durmaq məsələsi ortaya çıxacaq. Burda da ağıl işlətsək hər şey düzələcək. Kimyaçılar bir az çalışsalar beynimizi də, bədənimizi də muma çevirə biləcək eliksir düzəldə bilərlər. Hərçənd çoxumuzun bu eliksirə heç ehtiyacı yoxdur,hara desələr ora əyilirik, nə desələr bəli -baş üstə deyirik. Amma içimizdə ala qarğalar da tapıldığına görə bu dərman lap yerinə düşərdi. İndi yaydır, məzuniyyət dönəmi başlayır. Alimlərimiz dincəlib qayıdanda bunun çarəsini də taparlar - standartlardan uzaq standartlarla yaşamağın çarəsini.

Bir halda ki, söz məzuniyyətdən düşdü, həftənin bir günü müəyyən bir vaxt ayırıb məni oxuyan adamlara təşəkkür eləmək istəyirəm. Sözün heç bir dəyəri, qiyməti qalmayan bir vaxtda sözgəlişi deyilənləri oxumaq da bir az səbr və hövsələ tələb edir. Yəni, mən hələ özüm də müəyyən eləməmişəm ki, yazıb öz barmağımı və oxuyanların gözünü yormağın bir mənası var, ya yox? Çünki o sözlər ki, müəyyən şəxslərə ünvanlanır, onların heç tükü də tərpənmir. Arxayındırlar - tutduqları mövqeyə, yığdıqları pula. Belə olan halda deyilənlər nəyə xidmət edir? Bəlkə səhv eləyirəm, çünki o nəhənglər ki, bizim ədəbiyyatımızın və mətbuatımızın sütunları olublar, yazdıqlarını o kəslərə deyirdilər ki, onlara qulaq vermirdilər. Ədəbiyyatın insanları tərbiyə edib-etməməsi çox mübahisəli məsələdir. Əgər edirsə, bu qədər mütaliəli vicdansızlar hardan törəyir? Yox, əgər eləmirsə bu qədər yazılanlar niyə yazılır? Amma bir məsələ var ki, deyib-danışmayanda da ürəyin partlayır. Belə heç olmasa içini boşaldırsan. Məzuniyyət ərəfəsində bir kaç kəlmə...

Məmləkət demokratik inkişaf yolunda iri addımlarla irəliləyir. gərək olanı deyəsən. O sözləri ki, indi deyib danışırıq, əvvəl heç ağzımıza ala bilmirdik. Yəqin bir gün elə bir vaxt gələcək ki, sözlər havaya getməyəcək, nəyəsə təsir də edə biləcək. İctimai fikir formalaşacaq, cəmiyyətin istiqamətlənməsində müəyyən rol oynayacaq. Müxtəlif ölkələrdən bura ixrac olunan siyasi ideyaları içimizdən keçirib, lazımlısını mənimsəyib, ziyanlısını atmaq vərdişi yaranacaq. Əks halda bizim Afrikadakı banan respublikalarından bir fərqimiz olmayacaq. Dünyanın güclü dövlətləri Şərq ölkələrində demokratiyanın bərqərar olmasında maraqlı deyillər. Türkiyəni çıxmaq şərtilə bütün Şərqdə tiraniya hökm sürür. Türkiyəni də tam demokratik dövlət adlandırmaq olmaz. Oralarda da çox məsələləri ordu həll edir. Hətta referendumların nə şəkildə nəticələnəcəyini də. Amma bir məsələ də var ki, ordusundan qorxmasalar, dünyanın çox humanist dövlətləri Türkiyəni də İraqın gününə qoyarlar. Ordunun diktaturası Türkiyənin dövlət maraqlarına xidmət edir. Mən belə diktaturanı bəyənirəm və dəstəkləyirəm.

Xarici ölkələrdən gəlirlər-gedirlər, təyyarə dolusu vədlər gətirirlər. Bir hissəsini müxalifətə, bir hissəsini də o birilərə paylayırlar. Hər tərəfin mətbuatı da bunu özünə sərf eləyən şəkildə yazır. Toplumun qazancı isə itirdikləri olur. Hamı bilir ey bunu, sadəcə yazıb ürəyimizi boşaldırıq. Gəldik yenə söhbətin əsas mövzusuna. Yəni, bu bir il ərzində sözgəlişi ürəyimizi boşaltmışıq. Biz də kimin nə oynadığını, kimə oynadığını anlayırıq. Məmləkətdə maşallah, artist siyasətçilər, siyasətçi artistlər çoxdur. gözəl tamaşalar olur. Payızda lap çoxalacaq. Hələlik isə məzuniyyət vaxtıdır. Mən də yorulmuşam, siz də yorulmusunuz. Gedək dincələk, qüvvə toplayaq - kimin bağı var, bağa getsin, kimin dağı qalıb, dağa getsin. Kimin də pulu var atasının şəxsi təyyarəsində Havay adalarına getsin. Bunların heç biri olmayan da otursun televizorun qabağında, yemək proqramlarına baxsın, görsün ilan dolmasını, tısbağa çığırtmasını, qurbağa qızartmasını necə bişirirlər. Hər halda məşğuliyyətdi də. Bir də ki, məzuniyyət dönəmində dünyanın arşınından necə istifadə etmək haqqında düşünmək lazımdır.

30.07.2007

İradə TUNCAY [email protected]

TƏQVİM / ARXİV