adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Aprel 2014 06:58
9723
İDMAN
A- A+

Araz Abdullayevlə Ronaldonun fərqi

Azərbaycanda istər yerli, istərsə də legioner futbolçuların aldığı əməkhaqqı müqabilində klubuna lazımi xeyir vermədiyi hər kəsə bəllidir. Şəxsən mənə görə ilinə 500 min alan milli üzvüylə birinci dəstədə ayı 300-400 dollara top qovan oyunçunun arasında elə ciddi fərq yoxdur. Olsa-olsa 300-400 alan daha istəklidir və nisbətən az tanındığından əl-ayağını qatlayıb qoyur cibinə, artıq hərəkət eləmir, eləsə də cəzasını alır. Söhbəti bu qədər uzatmaqda məqsədim var. Qısası, 4-5 neçə ay əvvəl bir qadının həyatına son qoyan, digərinə isə ağır xəsarət yetirən Araz Abdullayev yenə də "iş başında" yaxalanıb. İnternetdə əməlli-başlı görüntüləri də yayılıb. Qurbağanı xatırladan qara bahalı maşınıyla asfalta bir divan tutub gəl görəsən.
İndi qayıdaq bir az da əvvələ. O vaxt futbolçu öz maşınıyla iki qadını vuranda "Neftçi"nin prezidenti Sadıq Sadıqov araya girdi, Abdullayevi zaminə götürdü, cəmi bir neçə gün sonra da Araz meydana qayıtdı. Sonra gedib hər iki qadının ailəsiylə görüşdülər. Birinin ailəsinə başsağlığı verdilər, o birinə şəfa dilədilər. Xərcləri boyunlarına götürdülər, üzrxahlıq elədilər, çox şey elədilər... Uzun sözün qısası hər nə elədilərsə, Arazın sürücülük vəsiqəsinə də gözün üstdə qaşın var deyən olmadı. Zaminə götürməyi başa düşdük, qadınların ailələrinin Abdullayevin Mozambiklə eyni cərgədə dayanan yığma komandamız üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayaraq onu əfv etməsini də anladıq. Bircə anlaşılmaz olan budur ki, həmin qadınların qanı qurumamış futbolçu yenə sükan arxasındadır. Niyə? Yeni qurbanlarının qanını axıtmaq üçünmü? Bax bunu Arazı zaminə götürən Sadıq müəllim daha yaxşı bilir. Bəyənmədiyimiz Avropada Runi kimi əjdaha futbolçu diskotekada azacıq şuluqluq edən kimi tutub neçə min funt sterlinqini alıb cərimələyirlər. Messi kimi dünya ulduzu vergini beş-on gün gecikdirdiyinə görə məmə yeyəndən pəpə yeyənə kimi hamı tökülüşür üstünə ki, gətir dövlətin pulunu ver. Ronaldo kimi superulduzu gözümçıxdıya salırlar ki, filan şeyi düz eləməməmisən. Bəyəm Araz adını çəkdiklərimdən artıq oğlandır? Yoxsa onlardan daha yaxşı futbolçudur? Sizi inandırım ki, Abdullayev "Barselona"nın demirəm, heç "Vilyareal"ın "dubl"unda bircə ay davam gətirə bilməz. Bəs onda hardandır bu ərköyünlük?
"Xəzər Lənkəran"ın bir gənc qapıçısı var. Daha doğrusu hələ qapıçı olmaq istəyir. Orxan Sadıqlını nəzərdə tuturam. Hansısa oyundan sonra rəqib komandanın azarkeşlərinə orta barmağını göstərmişdi. Bilirsiniz niyə? 19 yaşlı bir uşaq Kamran Ağayevin komandadan gedişindən sonra birdən-birə gəlib əsas heyətdə oynayanda və üstəgəl babat da əməkhaqqı alanda başqa cür ola bilməzdi. Ola bilərdi. Amma təlim-tərbiyə məsələsi var ortada. Halbuki əgər Kamran Lənkəranda qalsaydı, bu uşaq ən azı 7-8 il əsas heyət üçün ağzının suyunu axıtmalıydı.
Çox uzağa getməyək. Son 10-12 ildə azərbaycanda Rəşad Sadıqovdan daha uğurlu futbolçu tanıyırsınızmı? Pis-yaxşı legionerlik həyatı yaşayıb, yığmanın sütunlarından biridir, "Qarabağ"ın əsas üzvlərindəndir və kapitandır. Üstəgəl, adını çəkdiyim hər iki futbolçudan daha artıq çəkiyə malikdir futbolumuz üçün. Şəxsən mən bu adamı tanıdığım 10-12 il ərzində bir dəfə olsun "mən" sözünü eşitməmişəm onun dilindən. Hələ Araz kimi kimisə qanına qəltan eləməyini, Orxan kimi camaata orta barmağını göstərməyini demirəm.
Bilirsiniz bütün bunlar nədən və hardan qaynaqlanır? Mən də dəqiq bilmirəm. Amma güman edirəm ki, Araz heç olmasa həmin hadisədən sonra sürücülük vəsiqəsindən məhrum edilsəydi, müəyyən məbləğdə pul cəriməsinə məruz qalsaydı, maaşı azaldılsaydı, belə eləməzdi. Orxan da həmçinin. Təbii ki, bütün bunların səbəbi yenə də fırlanıb eyni nöqtəyə gəlir. Klublarımızın başında futbol adamları yox, ya biznesmenlər, ya da məmurlar dayanıb. Ona görə də xərclədikləri pulun kimə və hara getməyindən ya xəbərsizdirlər, ya da heç bu barədə maraqlanmırlar. Yaxud da həmin pullar onlar üçün o qədər kiçikdir ki, maraqlanmağa lüzum görmürlər. Amma dostlar, sizin pulunuz cəhənnəmə, xalxın canı əldən gedir axı. Sabah Araz gedib birini də vurub o dünyaya vasil eləsə, yaxud başqa bir qəza törətsə... Düşünürsünüzmü?

İntiqam VALEHOĞLU