adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BiR QIŞ NAğILI

ƏBÜLFƏT MƏDƏTOĞLU
41907 | 2012-02-04 06:19
Yaxşı ki, Tanrı insana ünsiyyət qurmaq, anlaşmaq qabiliyyəti verib. Əgər belə olmasaydı, ürək heç nəyə dözməz, elə ilk həmlədən, ilk laqeyd münasibətdən, ilk sayğısızlıqdan param-parça olardı. Şükür ki, Tanrı yaratdığı insan övladının ağlı-kamalı ilə yanaşı, sevgisi, duyumu, anlayışı ilə də var edib, cilalayıb. Ona bircə kəlmə "Ol!" deyəndə həm də "Anla! Düşün! Sev!" də deyibdi. Bax, insan da bu hikmətli sözlərin sirlərinə valeh ola-ola ona verilən ömür payını yaşayıbdı. Bir az az, bir az çox, bir az kədərli, bir az sevincli, bir az nəşəli, bir az ələmli, bir az da özü bildiyi kimi...
   
   Havaların necə keçdiyi göz önündədi. Durub qardan, çovğundan danışmağın yeri yoxdu. Bir də danışıb neyləyəsiyik ki, Tanrı ixtiyar sahibidi, yer-yurd da onun. İstəyər qar yağdırar, istəyər gün çıxarar. Biz onun əksinə getməkdə çox acizik. Bizim ən böyük anlayışımız elə bu təbiət hadisələrini zövqümüzə, ruhumuza uyğun nizamlayıb yaşamaqdı. Necə ki, bu həftənin qarlı günlərinin birində tələbə dostlarımın yaratdığı yaz havası, gətirdikləri yaz ovqatı qışı mənə unutdurdug
   
   gTelefonuma zəng gəlir. Sabir idi. Şair, nəğməkar dostum Sabir Abdin. Özünəməxsus şəkildə soruşdu:
   
   - Qağa, hardasan?
   
   Təbii ki, mən də cavabı ləngitmədim, evdəyəm- dedim. Bunun ardınca şair qardaşımın ikinci sualı gəldi:
   
   - Sən bilən bu qarlı havanın dərmanı nədi?
   
   Bir az duruxdum və anladım ki, belə havada həm qar tapdalamaq, həm də xudmani bir yerdə əyləşib dostların əhatəsini sözlə, işıqla doldurmaq lap gözəl olar. Duruxduğumu görüb Sabir növbəti sualı göndərdi ünvanıma:
   
   - Dur, otur bir maşına gəl, "Əcəmi"yə. Metronun yanındakı parkda yaxşı qar var, bir az qar tapdalayaq. Ramiz də gəlib rayondan. Özü də nəsə sürpriz hazırlayıb bizə. Gəl görək nə sürprizdi.
   
   Təbii ki, dostların dəvətini yubatmadan, necə deyərlər, vaxtın üstünə toz qonmasına imkan vermədən deyilən ünvana gəldim. Tələbə dostlarım həqiqətən "Əcəmi"də topuqdan olan qarın üzərində söhbət edə-edə gəzişirdilər. Görüşdük və mən də onlara qoşuldum. Bakı üçün qeyri-adi olan bu gözəl havanı ciyərlərimizə çəkə-çəkə bir xeyli parkda gəzdik. Düzünü deyim ki, biz qarın içində gəzib dolaşdıqca mən Ramizin sürprizinin nədən ibarət olacağını düşünürdüm. Elə bil ki, düşündüklərimi Sabir göydə tutdu və:
   
   - Qağa, bu Ramiz müəllim (o adətən dostları belə titullarla təqdim etməyi, şərəfləndirməyi xoşlayır - Ə.M.) rayondan gələndə bizim adımızı çəkib bir əhd eləyib. Yəni deyib ki, ay Allah, iki şair üçün bir güllə atacam, ovum qanlı olsun. Kişinin ovu da qanlı olub, bir turac vurub və götürüb özü ilə gətirib Bakıya. Bax, indi Ramiz istəyir ki, onu bir yerdə bişirtdirsin və biz də onu üçlükdə nuş eləyək.
   
   Hə, doğrudan da ilin-günün bu vaxtı ov əti, özü də turac əti yemək hər şairə nəsib olan iş deyil. Ona görə mən də çox ürəklə Allahıma razılıq edərək dedim:
   
   - Görünür biz şairlərin Tanrı yanında az-çox xətir-hörməti var. Ona görə də bizim adımız çəkilib, atılan güllə boşa getməyib.
   
   Bu zarafatlara Ramiz də qoşuldu. O da özünəməxsus şəkildə mənim və Sabirin məsələni belə bəzəməyimizə güldü və gülə-gülə də dedi ki:
   
   - Bilirəm, siz bir yer tapıb bunu bişirtdirə bilməyəcəksiniz. Amma mənim bir eloğlum var, gəlin onun həmişə oturub çay-çörək yediyi kafeyə gedək. Yolüstü zəng vurum özü də gəlsin, turacın məsələsinə baxaq.
   
   Bu təklifi qəbul etdik və qarı tapdalaya-tapdalaya üz tutduq Zərifə parkına doğru. Ordan zeytunluğa qalxdıq. Təəssüf ki, axtardığımız dostum dediyi ünvanı səhv salmışdı. Yenidən üzü geri parka tərəf qayıtdıq. Bax, elə bu qarın içərisində gəzdiyimiz saatlar ərzində ağlıma bir zarafat gəldi:
   
   - Sabir, sən heç fikir verirsən ki, Ramiz müəllim iki şairi bir turaca görə necə əsir-yesir edib? Özümüz ova getsəydik, yəqin heç bu qədər qar tapdalamazdıq. Amma Ramizdəki məharəti görürsən də, "İki şair və bir turac" yazısının layihəsini qoydu ortaya. Bunu gərək qələmə alam. O biri dostlarımız da oxuyub heç olmasa ov həvəsinə düşsünlər.
   
   Biz həmin günü nəhayət ki, turacın tavaya düşməsinin şahidi ola bildik. Sağ olsun Zakir Rüstəmovu. Sözün kövrək damarını göydə tutan, misralara qiymət verməyi bacaran, bir sözlə, hal əhli olan dostumuz öz kömək əlini bizə doğru uzatdı və onun sayəsində bu turac əhvalatı əməlli-başlı bir məclisə körpü saldı. Biz tələbəlikdən də danışdıq, ailədən-uşaqdan da, bugünkü və dünyasını dəyişən dostlardan, doğmalardan da. Açığını deyimi ki, bu qar bəlkə də bir bəhanə oldu. Yox, səhv edirəm, əslində turac bəhanə oldu. Biz həmin gün Bakıda, ölkənin baş kəndində qarın ləzzətini duyduq, yaşadıq. Mən dostlardan ayrılanda artıq içimdə baş qaldıran misraları öz-özümə pıçıldayırdım.
   
   
   
   çəkilərək özümə
   
   sükutla danışıram
   
   o sükuta elə bil
   
   daha çox qarışıram-
   
   tək olandag
   
   
   
   
   
   bir az dərdi unudub
   
   bir az qəmi atıram
   
   əlimdən sükut tutur
   
   istəyimə çatıram-
   
   tək olandag
   
   
   
   xəyallardan qopmadan
   
   dörd tərəfi gəzirəm
   
   birtəhər qaçan vaxtın
   
   qarşısını kəsirəm-
   
   tək olandag
   
   
   
   özümə çəkilməyim
   
   sənlə söhbət etməkdi
   
   sükutdansa istəyim
   
   uzaqlara getməkdi-
   
   tək olandag
   
   ***
   
   Anlayışlı olmağın insana Tanrı hədiyyəsi olduğunu əvvəldə xatırlatmışdım. Elə dostlarla keçirdiyim həmin günün əsas qayəsi də məhz bizim bir-birimizə qarşı anlayışlı olmağımız idi. Yəni istər süfrə arxasında, istər qar tapdaya-tapdaya gəzdiyimiz zamanda etdiyimiz söhbətlərin hamısı səmimiyyət və anlayış ifadə edirdi. Ətrafdan bizi dinləyən olsaydı, dərhal anlayardı ki, biz dördümüz də səmimiyyəti, qarşılıqlı hörmət və diqqəti, yəni insani dəyərləri təkcə bir-birimizdən əsirgəmirik, həm də onu özümüzün bir parçamıza çeviririk.
   
   Bax, bu dediklərimin fonunda mən gözümün önünə dünyasını dəyişən dostlarımı gətirirəm. Xüsusilə qələm, söz dostlarımı, könül sirdaşlarımı - Nüsrət Kəsəmənlini, Vahid Əlifoğlunu, Vaqif Cəfərlini, Pərviz Əliyevig eləcə də Ələsgəri qarşımda canlandırıram. Hər biri ilə söhbət etmək, səslərini eşitmək istəyi ilə dərin bir sükuta dalıram. O sükutun içərisində mənə doğru axıb gələn səsləri duyuram, eşitməyə başlayıram. Bu Nüsrətin səsidi, özünəməxsus şəkildə şeir oxuyur - mən bu günə qədər öz şeirlərini Nüsrət kimi, Nüsrət təqdimatında, Nüsrət ifasında, Nüsrət görkəmində oxuyan ikinci bir şairə rast gəlməmişəm. Nüsrət öz şeirlərini oxuyanda o, bu dünyanın adamı olmurdu. Onun səsi, sözləri göz önündə, ekrandakı kimi göstərirdi dinləyiciyə. Səs də görünürdü, söz də. Bu, Nüsrətin qeyri-adiliyi idi. Onu Allah yalnız Nüsrət Kəsəmənliyə bağışlamışdı. Nüsrət şeir oxuyur:
   
   
   
   "Şur" dayandı, dindi "Şüştər",
   
   "Şüştər" məndən Vətən istər
   
   Desələr bir qərib göstər,
   
   Uşaq da göstərər məni.
   
   
   
   Bax, bu səs də Vahid Əlifoğlunundur. Rəndəsiz, boyasız, heç bir qayda-qanuna əməl etməyən səs. Olduğu kimi, Allah ona nə cür veribsə, o cür köntöy və o cür də ərkli bir səs. Vahidin səsinə yad adam qulaq assa elə bilər ki, Vahid söhbət eləmir, kiminləsə dalaşır, mübahisə edir. Qəribə idi Vahidin səsi. Şair səsindən çox, təpədən-dırnağa zəhmət, ağrı-acı hopmuş, dizi-dirsəyi qabar bağlamış zabitəli kişi səsi idi və həmin səslə də Vahidin şeirləri qulaqlarımda səslənir:
   
   
   
   Qabağıma ölüm çıxar
   
   Qırxım ötər, ilim çıxar
   
   Yüz çörəkdən əlim çıxar-
   
   Bir şeir yazana kimig
   
   
   
   
   
   Bax, bu da Vaqif Cəfərlinin səsidi. Zarafatı səsinə elə qatır ki, özünün dediyi kimi, "sifətinin qarası" itir o səsin içində. Şair Ənvər Əhmədin "qara şair" dediyi Vaqif Cəfərli zarafatı ilə kədərdən, ehtiyacdan və bir də zamanına etirazdan qaralmış sifətinin qara rəngini işığa çevirirdi. Təsəvvür edin ki, qaranlıqda işıq nə qədər gözəldirsə, Vaqif Cəfərlinin səsi də, zarafatı da qara rəngi bir o qədər işığa boyayır, sevdirir hər kəsə. Və bu səs də "öd daşından" gileylənir. Özü ilə son mənzilə apardığı öd daşındang
   
   Bu isə Pərvizin səsidi. Bir az cığal, bir az zarafatcıl, bir az müdrik, bir az qətiyyətli, bir az çevik. Bütün hallarda Pərviz öz səsini elə kökləyirdi ki, onun cığallığı da, zarafatı da, sərtliyi də, mülayimliyi də hamısı qarışırdı bir-birinə. Anlaya bilmirdin ki, bu səs sənə doğmadı, yoxsa ki, yad. Bax elə o anlaşılmazlıq Pərvizin səsinin yaraşığıydı. Dəfələrlə o səsin ip ucunu tapmaq, onu çözmək istəmişəm. Çalışmışam ki, bu səsin nə ifadə etdiyini anlayım, amma bacarmamışam. Çünki onun səsi olduğu zaman, durduğu məqama köklənirdi. Necə deyərlər, o zamanın və məqamın adamıydı. Elə səsi də özü kimig
   
   Hə, səslərlə yordum deyəsən sizi. Amma mən Bakının o qarlı havasında, o doğma insanların arasında həmin o səsləri elə rahatca eşidirdim ki, sanki o səslər mənə tərəf əlini uzatmışdı. Məni çağırırdı, ya mən onlara doğru gedirdim, anlaya bilmədim. Anlaya bilmədiyim həmin o məqamda yadıma dostlar, doğmalar üçün qəribsəyən əllərim düşdü. Əlimi buz kəsmişdi. Xışmaladığım qar barmaqlarımı keylətmişdi.
   
   
   
   əllərimin istisi
   
   əllərində ləngimir
   
   həsrətə dil tökürəm
   
   ağrılarım səngimirg
   
   
   
   baxışımda bir dünya
   
   ilğım kimi ötərig
   
   yaşayıram mən guya-
   
   yaşatmaqçün kədərig
   
   
   
   ürəyimin səsini
   
   göylər çəkir, yer udur
   
   o mənim nəfəsimi
   
   bəhanəsiz unudurg
   
   
   
   nə ümidim tükənir,
   
   nə dilim qıfıllanır.
   
   görüş yeri saydığım-
   
   dünya hələ fırlanırg
   
   ***
   
   Deyəsən söz-sözü çəkdi və yaxud da söz fikrə körpü oldu. Bilmirəm, hər nə olubsa, ötən həftənin son istirahət gününü qar tapdaya-tapdaya qəribə bir ovqatla yaşadım. Elə bir ovqatla ki, onun hər anı yadımda-yaddaşımda iz buraxdı. Xüsusilə iki şairin bir turac həvəsi ilə qol-qola girib Bakının parklarını gəzməsig Amma məni qınamayın, bunun da öz gözəlliyi var. Söhbət bir tikə çörək yeyib, çay içməkdən getmir. Dostlarım, eləcə də mən həmin gün neçə-neçə duyğulara baş vurduq, neçə-neçə xatirələri oyatdıq. Və biz bir də şeirin duyğularımızda yaratdığı həzinliyi, kövrəkliyi yaşadıq. Bu cür yaşamaq həm saflaşmaqdı, həm təzələnməkdi, həm də özünə kənardan baxmaqdı. O qarlı gündə biz həm özümüzə, həm bir-birimizə, həm də dostlarımıza açıq ürəklə, xoş niyyətlə nəzər yetirdik. Kaş, Allahın da həmişə nəzərində olaq!

TƏQVİM / ARXİV