adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QAPI ARASINDA QALAN SƏS

ƏBÜLFƏT MƏDƏTOĞLU
80261 | 2014-04-19 06:46
Mənə görə dünya həm də səslərdən ibarətdi. Sizə qəribə gələ bilər. Amma nə qələr qəribə gəlir-gəlsin mənim düşüncəmdə, öz təxminimdə özümü haqlı sayıram. Və inanıram ki, həm də səslərdən ibarət olan bu dünya Allahın ən mükəmməl bəstəsidi. Çünki bu dünyanı bir coğrafi məkan kimi göz önünə gətirsək, onda Qədirin səsi onun bir hissəsidi... İslamın səsi başqa bir hissəsi... Süleymanın üçüncü bir hissəsi... Səxavətin səsi... Şövkətin səsi... Bülbülün səsi... Akifin səsi... Poladın səsi, Müslümün səsi... Arifin səsi... Mənsumun səsi... və s. səslər. Bunların hərəsi bir dünya deyilmi? Və bu səslər bir-biriylə əl-ələ tutub çiyin-çiyinə addımlayanda üstümüzə nə boyda dünya gəlir, bunun fərqinə varmısınızmı? Təbii ki, cavabınız həm "hə"di, həm "yox". Belə olan halda bir anlıq dediyimi düşünün, gözünüzün önünə gətirin və üstəlik buna Həbibin barmaqlarını da, Rəmişin barmaqlarını da, Möhlətin barmaqlarını da, Kamilin barmaqlarını və digər barmaqların səsini də əlavə edin. Görün necə bir rəngarənglik alınır. Adam həmin o dünyada dərdi də unudur, yeri də unudur, göyü də unudur, kimliyini də unudur. Bircə unuda bilmədiyi Tanrı olur. Ona görə ki, o dünyanı ona Tanrı verib. Özü də bütün günü həmin səslərə qulaq asır. Təbii ki, istəkli bəndələri ilə birlikdə...
Mən bu girişi elə-belə yazmadım. Çünk səs nə qədər gözəl olur-olsun, onu dinləyən əgər dinləmək qabiliyyətində deyilsə, ümumiyyətlə, dinləmək bacarığı yoxdusa, dinləməyə qabiliyyəti çatmırsa, lap kobud desəm, adam deyilsə, onda əvvəldə dediyim səslər, o səs dünyası bu adam üçün ümumiyyətlə yoxdü, mövcud deyil. Hətta sən onu lap əlindəki qələm kimi həmin adamın gözünün qarşısında tutsan da, o, sənin təqdim elədiyin o səs dünyasını görməyəcək. Çünki o görən kordu. Allah ona məhz bu cür zülm edib, məhz bu cür cəzalandırıb ki, o da görə-görə kor qalıb, səsləri görmür, səsləri anlamır...
Bəli, yəqin ki, qapı səsini eşitmisiniz. İstəyir onu külək açsın, istəyir uşaq, istəyir ev sahibi, istəyir qonaq dəxli yoxdu, o səs eşidilir. O səs əsəbi anda sənə başqa cür təisr edir, sakit vaxtında əksinə. Və sən bəzən öz-özünə oturub o səsə diqqət yetirirsən və o səsi anlamağa çalışırsan. O səs fəryada da oxşayır, çağırışa da, gülüşə də, bağırtıya da, naləyə də... O səs yalvarışa da bənzəyir, təmənnaya da, imdada da... O səs son fəsli də xatırladır, son pıçıltını da, son nidanı da... O səs sənə bir ömrün zümzüməsini də andırır, axıb getməsini də, qırıla-qırıla nəfəs almasını da. Və beləcə, sən o səsi istədiyin səmtə yozursan. Gah ondan fəryadın, yalvarışın, təmənnanın görüntülərini, hissələrini, gah da ondan üsyanın, vurub-dağıtmaq, baş götürüb getmək məqamlarının qəlpələrini oxuyursan, anlayırsan. Bax, onda...
Hə, bax onda qapının səsi sənə bir insan taleyini diktə edir. Özü də axıra kimi açılmayan qapının səsi, yarımçıq açılmış qapının işıq keçən hissəsindən süzülüb gələn o səs qapı arasından çıxır, qapı arasından səsə doğru gəlir və səndən...düşünmə ki, nəsə istəyir... Yox, o səs səndən sadəcə və sadəcə bacarırsan dinlə, bacarmırsan, qoy ötüb gedim diləyini diləyir. Səndə də insaf varsa, anlayış varsa, ümumiyyətlə, səsə münasibətin yerindədisə, heç nə etmə, eləcə sus.
Qoy qapı arasından gələn səs keçib getsin, yaşasın bacardığı kimi. Onun da taleyi belədi... onun da alın yazısı budu.. o da səslərə qoşulmağa, səslərin yanında olmağa can atır. Neyləsin ki, qədəri belə yazılıb...
Mən o səsi dinlədikcə heç kimə yox, yalnız və yalnız özümə güzgüdə baxıram, özümü düşünürəm. Çox qəribədi o səs. Bəlkə tale oxşarlığıdı, bəlkə...

Mən bir ümid qapısın
Döydüm, açan olmadı...
O qapıdan üstümə-
Çıxıb qaçan olmadı...

Mən gözümün dibində
Göz yaşımı göyərtdim..
Kədəri əzizləyib -
Ürəyimə öyrətdim...
Mən bir gülün qoxusun
Yuxumda duya bildim...
Atılmağın qorxusun -
Ölümlə yuya bildim!..

Yaşadığım təkliyin
Öpdüm hər gün daşını...
Unudun, soruşmayın -
Məndən dərdin yaşını...

***

Həyatımda elə anlar olub ki, doğrudan-doğruya bir anlıq da olsa son nöqtəni qoymaq istəmişəm. Düşünmüşəm ki, bu cür davranış, bu cür yaşam, bu cür münasibət və bütövlükdə "bu cür"lərin davamı əgər elə bu cürdüsə, onda yaşamağın nə mənası və ümumiyyətlə, kimə lazımdı. Lakin həm Allah qarşısındakı bəndə borcu, həm də valideyn missiyası o son anı gözə görünməyən bir əllə uzaqlaşdırıb. Məni sanki silkələyib, sillələyib özümə qaytarıb. Və yenə bu cürləri yaşamaqda davam etmişəm.
Davam etdiyim həmin həyatda da həmişə özümə verdiyim bir sual olub. Görəsən, problem nədədi? Mənim varlığımdamı, düşüncəmdəmi, əxlaqımdamı, durduğum yerdəmi? Ümumiyyətlə, nədədi problem? Hər şeyin göz önündə olduğunu, hətta içilən suyun, yeyilən çörəyin də tərkibindən tutmuş hardan, necə başa gəlməsinə qədər gün kimi aydın olduğu bir cəmiyyətdə, bir camiyədə nədən yaranıb bu problem? Bəlkə etinasızlıqdan? Bəlkə sayqısızlıqdan? Bəlkə qabiliyyətsizlikdən? Bəlkə fizioloji görkəmdən? Bəlkə davranışdan? Bəlkə... bəlkə... bəlkə...
Bu bəlkələr uzanıb gedir. Və mən həmin o anların birində yazdığım və yaddaşımda bir bəndi ilişib qalmış şeirimi xatırlayıram. Onda yazmışdım ki:

Uzadır bir əli, vurur bir əli,
Çörəyi boğazdan
keçməyə qoymur.
Gah geri dururam,
gah da irəli,
Övladlar saxlayır,
köçməyə qoymur...

Bəli, bir parça çörək hərdən insanı sual qarşısına gətirir. Və o sual elə o bəlkələri də doğub törəyir... Və yenə də həmin hər bir bəndəyə Allah qisməti olan çörək öz şirinliyini, öz bərəkətini, öz təmənnasızlığını zəhərə çevirir və tıxanıb qalır nəfəs yolunda. Təkcə boğazında yox ha, düz nəfəs yolunun ağzında. Udqunmaq da olmur, udmaq da olmur. Birinə qürurun, birinə ailən... birinə həyatın, birinə əməyin, birinə isə bütünlüklə Allahın göz qoyur. İndi oğulsan o loxmanı ud. Özü də elə ud ki, onun çörək olduğunu da hamı görsün, onun zəhər olduğunu səndən başqa heç kim bilməsin...
Bəli, deyəsən bir az qəliz oldu. Amma bütün həyat əslində o qapı arasından keçib gələn səsin özü qədər həm adi, sadə, eşidilən, duyulan, həm də qəliz və qarmaqarışıqdı. Yəni o səsin necə olduğu onu dinləyənin qabiliyyətindən, xüsusilə adamlığından asılıdır. Yəni səs də adama umudlu qalıb. İndi Allah adama insaf versin, heç olmasa səsin xatirinə.

Özüm öz içimdə çatılmış ocaq
Yanıb boğuluram tüstü içində...
Mənə irad tutur hansısa qoçaq -
Yanan od üçün də, tüstü üçün də!

Külümü sovurur küləklər göyə
Nə küldən küsürəm, nə də küləkdən...
Dönmüşəm qəm üstə köklənmiş neyə
Bir küncdə ağlamaq keçir ürəkdən.

Dünyanın oyunu, oyunbazı çox
Mən naşı tərpəndim - oyun bilmədim
Qarşıma çıxanın çoxu, azı yox
Öncədən kiminsə soyun bilmədim.

Yandım sevgim üçün, yandım səninçün
Bir gizli atəşdən qor ola-ola!
Əbədi işıqsan gülüm, mənimçün -
O işıq qoymaz ki, ruhum yorula.

***

Dünyanın həm də səslərdən ibarət olduğunu söyləyərkən mən o səslərin içərisində adını çəkməsəm də, Allahın yaratdığı bütün canlı-cansız hər bir varlığın, mövcudluğun, hərəkətli-hərəkətsiz nə varsa hər şeyin səsini özüm üçün dinləyib sonra onu fikrə, sözə çevirib yazmışam. Və mənə elə gəlir ki, anlayışlı oxucu həmin o səslərin içərisində özünün də, mənim də səsimin olduğunu hiss edir. Elə ona görə də səslər barəsində söylədiyim fikirlərimə bir az sayğı ilə, bir az insanlıq naminə və ən vacibi bir az da adam kimi diqqət yetirib. Və yəqin ki, bu cür də davam edəcək. Çünki səs doğulan gündən yaşamağa başlayır. Maraqlıdı ki, səsin sahibi ölür, amma səs yaşayır. Odur ki, bu həyatın son dərəcə maraqlı bir möcüzəsinimi deyim, bir sirrinimi deyim, bir fəlsəfəsinimi deyim bilmirəm, hər nəyidisə əbədi yaşayan səsin adam içində olması, adamların yanında olması, adamların dinləməsi çox xoşdu. Üstəlik də o səs adamlarla Allah arasında həm də təmas xəttidi, bir ipucudu, bir körpüdü. Yorulmadan gəzib-dolaşır göy üzünü...
Deməli, qapı arasından keçən səsi necə dinləməyi bacarmaq özü də bir qabiliyyətdi, bir adamlıqdı. Mən bu fikrə ona görə bir daha üz tuturam ki, Rəsul Rza "rəng"lərdən yazanda xüsusi vurğulamışdı ki, bütün cahan rənglərdən ibarətdi. Mən də böyük ustada istinadən belə təxmin edirəm ki, ustad həm də o rənglərin səslərə də aid olduğunu nəzərdə tutub.
Ona görə də indi o qapı arasından keçən səsin rəngini də gözümüzün önünə gətirməyimizi istəyirəm. İmkanınız varsa, buna cəhd edin. Mən öz növbəmdə artıq o rəngi görürəm və sizinlə də, o rənglə də anlaşacağıma ümidliyəm. Hər halda, indi sizə təqdim edəcəyim şeirin əsas məramı da...

Gör necə doğma gəlir
Dərd adama, dərd adama...
Adamlıqdan bircə damla
Dərdə dama, dərdə dama-
Anlaşaq...

Şeh göz yaşı misalında
Həm ovcumda,
həm yanımda...
Su pərisi timsalında
Dərd qol aça bu anımda -
Anlaşaq..

Nə var çətin bölünəsi
Qəlb yaralı, ruh didərgin
Dərd oğlu - dərdin beləsi
Gəl adam ol, sənlə hər gün -
Anlaşaq...

Hə, indi hər kəs qapı arasından keçən səsə öz istədiyi kimi qulaq assın, əgər istəyirsə, vaxtı varsa... Əgər Xudu Məmmədov demiş, adamsa!..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV