adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ŞAXTALI XƏBƏRLƏR PARADI

MƏZAHİR ƏHMƏDZADƏ
34401 | 2012-02-04 06:19
Son vaxtlar bir neçə qəzet Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov haqqında sensasiya xarakterli yazılar dərc edirlər. Qəribədir ki, bu yazılar sanki hansısa rəsmi xəbər agentliyinin məlumatı formasında təqdim olunur. Çünki hamısı başlığına, fotosuna və məzmununacan eyni formalı klişeyə bənzəyir. Əslində isə bu müdhiş informasiyalarda konkret mənbə yoxdur.
   
   Bütün yazılarda əsas məqsəd başçının adını qeyri-adi situasiyalarda hallandırmağa yönəldilir. Qəzetdə əsaslı təmir işləri aparılan Göyçay Rayon İcra Hakimiyyətinin binasında qısaqapanmadan baş vermiş və tezliklə də söndürülmüş yanğın hadisəsinin ardınca Mənsur Məmmədovun Şimali Qafqazın Kislovodsk şəhərində döyülərək ağır vəziyyətdə xəstəxanada yatmağından və digər qəribə əhvalatlardan yazmağa başladılar.
   
   Yanğından iki gün sonra mən Göyçay şəhərində idim. "Region" səhifəmiz üçün material hazırlayırdım. Elə həmin günlərdə, konkret olaraq yanvar ayının 28-də "Kislovodsk xəstəxanalarının birində ağır vəziyyətdə yatan" Mənsur Məmmədovu icra hakimiyyətinin binası qarşısında sapsağlam, hələ üstəlik bu şaxtalı havada adi kostyumla ustalarla söhbət etdiyini görübg təəccüblənmədim. Birincisi, ona görə təəccüblənmədim ki, Mənsur Məmmədovu yaxşı tanıyıram. Xüsusilə Zərdab rayonunda çalışarkən bu rayonun problemlərinin həll olunmasında, quruculuq və abadlıq işlərinin sürətlə aparılmasında Prezident fərmanlarının, sərəncamlarının icrasında uğurlu nəticələr əldə edilmişdi. Göyçay rayonunda da eləcə. Daşıdığı vəzifəyə həmişə məsuliyyətlə yanaşan rəhbər işçinin restoranda ona-buna sataşması, dava salması, döyüb və yaxud döyülməsi isə... Bəli, elə absurdlar da olur ki, gerçək sensasiya yarada bilmir. İkincisi, ona görə təəccüblənmədim ki, Mənsur Məmmədov əvvəllər də bəzi qəzetlərin bu cür münasibətləri ilə rastlaşıb və heç bir əhəmiyyət vermədən üzərinə düşən vəzifəni yerinə yetirməklə məşğul olub.
   
   ... Bu dəfə gözləmək olardı ki, Kislovodskda baş verən bəzi şübhəli və kriminal hadisələri "öyrənib" manşetə çıxardıqları kimi, başçının məzuniyyətdən qayıdaraq Göyçayda iş yerində olmasını və keçən ilin yekunlarına dair hesabata hazırlaşdığını da bilib düzəliş verərlər. Ancaq "naməlum paparatsilərin fantaziyaları" təkzib olunmadı. Əksinə, onlar hələ də başçını Şimali Qafqazda izləməkdədirlər...
   
   Müxalifət qəzetlərində bu uğursuz sensasiyanın tirajlanması başqa məqsədlər də daşıyır. Həmin yazıları oxuyanlar da, eşidənlər də bunu yaxşı bilir. Eyni vaxtda ağır vəziyyətdə xəstəxanada yatmaqla iş başında olmağın ən sadə fərqi kimi...

TƏQVİM / ARXİV