adalet.az header logo
  • Bakı 19°C

ƏN GÖZƏLİ MƏNİM OLSUN

VƏSİLƏ USUBOVA
32101 | 2014-04-19 06:39
İşıqlı dünyaya gələndən hər şeyi gözəl görmədi gözümüz, böyüdükcə çox şeylərin yerində olmadığını dərk etdi ağlımız. Çaşqınlıqlar içində sıxıldı, sancdı ürəyimiz. Ancaq aldanışımızla barışmadıq, xəyallar qurduq. Hər şeyin gözəlini istəyə-istəyə başqa bir həyat yaratdıq içimizdə. Sıxılanda, bezəndə ona tapındıq, ona qapandıq...
Ürəyimizdə taxt qurduq. O taxtda əyləşəcək birisini dörd bir yanımızda gizli-gizli axtardıq. Aradabir rastladıq da. Ancaq özünə yox, oxşarına, bütövünə yox, yarımçığına. Razılaşmadıq, gözlədik, gəzdik hər yanda. Bu nədir? Niyə bu qədər nankoruq biz? Xəyalımızı təbiətdən daha mükəmməl sayırıq, yoxsa?! Bilə-bilə ki, belə deyil, yenə inadımızdan dönmürük. Gözlərimizi üfüqlərdən yığmırıq. Ümidlər bəsləyirik; qarşıda hələ uzun bir ömür var, hələ çox küləklər əsəcək başımızın üstündən.
Bəlkə bir gün...
Beləcə özümüzü aldada-aldada ayları, illəri yola salırıq. "Yanımızda yatan kimdi, yuxumuza girən kim" (R.Rövşən) həqiqətini özümüzdən uzaqlaşdırmaq istəsək də, taleyin nazına, şıltaqlarına boyun əyib yaşayırıq. Hansının daha yaxın, daha gərəkli olduğunu özümüzçün aydınlaşdıra bilməyəndə... yenə gözlərimiz üfüqlərə zillənir.
O, gəlir. Mütləq gəlir. Ancaq biz istəyən anda yox... biz istəyən kimi yox...
Bəs, bir gün dalğalar onu bir ölü balıq kimi vurub ömrümüzün sahillərinə atsa, necə?!.
"...onu tərtəmiz yuyub quruladıqdan sonra sağlığında necə olduğunu başa düşəndə arvadların heyrətdən dili qurudu. O, arvadların indiyədək gördükləri kişilərdən nəinki gözəl, güclü və boy-buxunlu idi, hətta indi, canı ağzından çıxandan sonra da əzəməti və gözəlliyi ilə heç cür onların təsəvvürünə sığmırdı..."
Adam heç o kənddəki kişilərin yerinə olmaq istəməzdi. Bilmirsən, bu düşündüklərinə görə qadınlara da acıyasan, yoxsa, nankorluqda qınayasan...
Nə olmuşdu ki?! Elə hamı ucdantutma gözəl doğulmaz ki?! Bəs, niyə hamı ən gözəlini istəyir?!.
Bir də ki... Nədi gözəllik?! Tanrı çox sevdiklərini gözəl yaradır deyimi doğrudumu?! Həyatda belə görünmür, axı... Sevərək gözəl yaratdığına bəs, niyə axıracan sahib çıxmır Uca Yaradan?! Səxavətlə gözəllik verdiklərini gərəkli çox şeylərdən də məhrum edir, axı... Elə olur ki, gözəl yaranan heç bununla qürurlana da bilmir. Onun əlinə su tökməyə yaramayanlar... Nə isə, bu lap qeybətə bənzədi...
Məsələn, belə gözəl kişiyə bu sayaq ölüm yaraşırdımı?! Hələ kim bilir suların qoynunda qalıb köpənəcən necə ömür sürüb. Bəlkə də indiki halı yaşadıqlarına baxanda toy-bayramdı. Niyə bu gözəl sifət, yaraşıqlı bədən gilə batıb, yosuna bələnib?! Bəlkə də öz gözəlliyinin qurbanı olub bu kişi? Bir qadın heyranlığının, bir kişi qısqanclığının güdazına gedib bəlkə "Dünyanın ən gözəl ölüsü?!"
Ölünün gözəlliyi qadınları elə heyran edib ki, onlar qat-qat dirçəliblər, təzə bəyə qulluq edirmişlər kimi, bu gözəl ölünün qulluğunda durublar.
"...demə, kənddə heç kişi yox imiş, elə adları kişiymiş. Ölünün gözəlliyinə heyran olmuş qadınlar bir yekəcə yelkən parçasından ona şalvar, qızlara toy paltarı biçilən holland kətanından köynək tikməyi qərara aldılar. Onlar dövrə vurub paltar tikirdilər və hər ilmədən sonra başlarını qaldırıb heyrətlə ölüyə baxırdılar... Fikirləşirdilər ki, əgər bu kişi onların kəndində yaşasaydı, ən enli qapı, ən hündür tavan, ən möhkəm döşəmə və dünyanın ən xoşbəxt qadını onun evində olardı; bu cür kişi sahilə gəlib çağırsaydı, iri-iri balıqlar sudan hoppanıb onun hüzuruna gələrdilər, işə elə can yandırardı ki, boz daşların arasından bulaqlar axardı, istəsəydi sıldırım qayalar gül-çiçək açardı. Arvadlar gizlində onu ərləri ilə müqayisə edib fikirləşirdilər ki, ərlərinin bütün ömrü boyu etmək istədiyi və edə bilmədiyi işləri o, bir gecədə asanlıqla görərdi. Belə fikirləşə-fikirləşə arvadlar bu qədər fərsiz və miskin görünən ərlərindən ürəklərində həmişəlik üz döndərdilər..."
Əgər Markes o kənddə yaşasaydı, bu təsvirlərdən sonra bir kişi də ona salam verməzdi...
Gözəlliyin gücünə bax ki, adamlarda yas əvəzinə toy-bayram ovqatı yaradıb. Hətta bu itkiyə təəssüflənməyi, ağrınmağı da unudublar... Görəsən, bu kişi kəndə diri gəlsəydi, bu qadınların halı necə olardı?! Yəqin ki, bu qədər heyran olmazdılar, ya da öz heyranlıqlarını bu qədər açıqca bildirməzdilər.
Axı, ölülər gözəl olsalar da, təhlükəsizdilər. Onları nə qısqanmaq olur, nə də onlardan utanmaq...
Külək qopanda dalğalar sahilə çox şey atırlar. Çör-çöp, zir-zibil...
Amma dalğalar həmişə ölü gətirmir. Üstəlik də bu ölü gözəl ola. Özü də dünya gözəli...
Daha kənd arvadlarının nəyini qınayasan ki...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV