YETİMLƏRİN PAYINI YEYƏRSƏNSƏ...

FAİQ QİSMƏTOĞLU
69133 | 2014-04-19 06:27
... Hərənin öz qisməti və bu dünyada payı var. Ona kimsə əl uzadırsa və kimsə başqasının əlindən alıb yeyirsə, o axırda acı nəticələr verir. Yəni hərənin öz alınr yazısı və qisməti olduğu kimi Allah-Təala tərəfindən göndərilmiş ruzi payı da var. Bu paya göz dikmək, əl uzatmaq, tamah salmaq insana baş ağrısından savayı bir şey gətirməz. Xüsusən də kimsəsiz, yetim uşaqlarınr çörəyini əlindən alıb yemək, payını qamarlamaq çox ağır günahlardan biri sayılır.
...Bir gün həyat yoldaşını itirmiş qadın balaca oğlunu gətirir kolxoz sədrinin yanına və deyir:
- Nuğay kişi, balalarına qurban olum, bu tifilə bir iş düzəlt, ailəmizi dolandırsın. Düzdür, pambıq sahəmiz var, mal-qara da saxlayırıq, ancaq kişi rəhmətə gedəndən sonra dolanışığımız çətinləşib. Deyirəm bu gədəni də işə götürsən dolanışığımız bir az yaxşılaşar.
Atın belində olan Nuğay kişi qaşlarını yığır və əsəbi halda dillənir:
- Niyə götürmürəm, götürərəm, amma bir şərtlə. Qapınızdakı o qara quzunu axşam göndər bizim həyətə. Sabahı gün də sənin uşağın Arifin briqadasına işləyəcək.
Evə qayıdan kimi Nübar arvad tövlədəki qara quzunun başına ip bağlayıb kolxoz sədri Nuğayın qapısına göndərir. Oğlu Cəmil quzunu aparır kolxoz sədrinin tövləsinə salır. Görür ki, orda nə az, nə çox, düz qırxa yaxın qara quzu var. Tay bir söz demir, evə qayıdır. Anasına bildirir ki, Nuğay kişinin həyətindəki tövləsində qırx qara quzu vardı.
Nuğay kişi də bu qara quzuları elə-belə saxlamırdı. Rayon mərkəzindən, Bakıdan kolxoza yoxlama gələndə bu qara quzunun birini kəsdirib kabab eləyərdi, birini də gedəndə qonaqlara pay verərdi. Nə az, nə çox Nuğay kişi bu kənddə 30 il kolxoz sədri işlədi, amma elə bir adam olmadı ki, onu işə qoyanda nəsə bir şey qoparmasın. Pulu olmayandan ən aşağısı bir qara quzu alardı. Yetim Cəmilin qara quzusunu heç də hər adam asanlıqla həzm edə bilmirdi.
Bir gün də yetim Cəmil ali məktəbi bitirdi, raykomun birinci katibi onu öz kəndlərinə Nuğay kişinin yerinə kolxoz sədri təyin etdi. Yetim Cəmil vəzifədə işləyən kimi birinci elə Nuğay kişini axtarıb tapdı. Onun elədiyi "yaxşılıqları" qaytarmaq istəyirdi. Artıq Nuğay kişinin gözləri də tutulmuşdu. Amma yetim Cəmil kəndin anbardarına tapşırmışdı ki, Nuğay kişinin nə çətinliyi olsa onu yoluna qoysunlar. Nuğay kişinin də elə bir çətinliyi yox idi. Çünki kolxoz sədri işləyəndə o qədər var-dövlət yığmışdı ki, əlli il bundan sonra da yesəydi qurtarmazdı. Bir də Nuğay kişinin pulunu heç balta kəsməzdi.
Ancaq Nuğay kişi istəyərdi ki, kənddə onu xeyir-şərdə əvvəlki xətir-hörmətlə qarşılasınlar. Rəhmətliyin oğlu bir adama da xətir-hörmət qoymamışdı. Ona görə də çoxları xeyir-şərdə onu görəndə üzünü çevirib gedir və görməməzliyə vurardılar. Nuğay kişinin gözləri tutulduğuna görə bunların heç birini görməsə də, bu soyuqluğu və yadlığı hiss eləyirdi. Hiss edirdi ki, oturduğu yerdə çoxlu adam onun başına yığışıb əyləşməyib. Bir-iki qohumu xala-xətrin qalmasın onun yanında oturub.
İllər keçdi və bir gün köhnə kolxoz sədri Nuğay kişi rəmətə getdi. Yetim Cəmil isə onu çox təm-təraqla və xətir-hörmətlə yola saldırdı. Özü də başının dəstəsi ilə hər cümə axşamları və cümə günü Nuğay kişinin qapısında olurdu. Uşaqlarına və ailəsinə təsəlli olsun deyə hər dəfə o qapıya baş çəkərdi. Ağzı göyçəklərdən biri təzə sədri yanlayıb dedi:
- Ay rəhmətliyin oğlu, bu ki sənin kimi yetim uşaqların haqqını yeyib, sən niyə ondan qisasını almırsan, hələ durub hər cümə axşamları və cümə günü bu qapıya gəlirsən?
Yetim Cəmil diqqətlə nəzərlərini həmin adamın üzünə zillədi: "Adam kişi olar, rəhmətə gedənin dalınca danışmazlar. Kolxoz sədri Nüğay kimin haqqını yeyib, hansı yetimi incidib, ona görə də Allah-Təala ona öz cəzasını verdi".
Ağzıgöyçək və qeybətcil Səlim kişi təzə kolxoz sədrinin qırımını görüb kənara çəkildi və sonra da yenidən arvad kimi yanındakı Əhməd kişiylə kolxoz sədri Nuğayın qarasına danışırdı. Sanki bunu eşidirmiş kimi yetim Cəmil əsəbi halda geri döndü və dişinin dibindən çıxanı Səlim kişiyə dedi...
Cavanlığını pambıq sahəsində, taxıl zəmilərində və örüşdə keçirən yeni kolxoz sədri Cəmil isə tamamilə başqa cür adam idi. Həmişə də yığıncaqlarda, xeyirdə-şərdə deyərdi ki, heç kəs yetimin haqqını əlindən almasın və çörəyini yeməsin. Yetimin çörəyini yeyən adamın gec-tez boğazında balıq sümüyü kimi hər şey ilişib qalacaq. Yetimin haqqını özünə qaytarmaq lazımdır. Bir yetimin başına sığal çəkən, bir yetimi sevindirən cənnət-məkanlıqdır.
Kolxoz sədri Cəmil yetimçiliyin, atasızlığından və haqqın tapdanmasının nə olduğunu gözəl bilirdi. Ona görə də kənddə işlədiyi 25 il ərzində bir yetimin haqqını tapdalamadı, bir yetimin çörəyini əlindən almadı. Əksinə, yetimlərə arxa durdu, onlara çörək verdi. Bunu eşidən raykom katibi axırda onu rayon mərkəzinə raykoma gətirdi. Dedi ki, sən haqlı, ədalətli adamsan, kənddə kimdən soruşmuşuq deyib ki, haqqı, ədaləti atası da gəlsə kiməsə verən deyil. Ona görə də sənin yerin elə bu raykomdur.
Qabaqlar bir kəndin insanlarını sevindirirdinsə, indi neçə kəndin adamlarına arxa olacaqsan. Yetim Cəmil raykomda işlədiyi dövrdə də ədalətli mövqe tutdu və heç kimin haqqını tapdamadı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV