adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KÖFTƏR ALI

MƏMMƏD DƏMİRÇİOĞLU
25183 | 2014-04-19 06:12
Kərəm atının qantarğasını bir az da çəkib üzünü İsmayıla tərəf çevirdi:
- Qara, (çox zaman qaçaq İsmayılı belə çağırardı) o tütək səsini eşidirsənmi? Tüklərim biz-biz oldu.
- Eşidirəm, Kərəm. Layla Vəlinin tütəyinin səsidi. (Layla Vəli aşıq Avdı Qaymaqlının atasıdı. Deyilənə görə tütəklə dil danışırmış.) Qaçaq İsmayıl azacıq fasilə verib sözünə davam etdi: - Bir dəfə ailəmlə görüşməyə gedəndə, İncəlidə mühasirəyə düşmüşdüm. Layla Vəli tütəyinin avazıyla mənə yol göstərdi. Onun nə demək istədiyini təkcə mən anlayırdim:

"Yal uxarı gəl ay İsmel,
Dal uxarı gəl, ay İsmel.
Qəyalını keç, o Daşdı
Çal uxarı gəl, ay İsmel"

Bu İncə qımqımısını tütəklə elə çalırdı ki, mən Qayalının dalından sivişib, Daşdı çalın arxasına keçə bilsəydim mühasirədən çıxmış olurdum. Elə də etdim. O uzaqdan düşmənləri görüb, tütəyinin diliylə yol göstərərək məni mühasirədən çıxardı.
Kərəm:
-Deyirəm bu İncə dərəsi sirlərlə, sehirlərlə doludu, qardaş. Haydı, axşam düşməmiş özümüzü Göy dağa yetirək. Qaymaqlı Mustafa koxa bizi gözləyir,- deyərək atını dəhmərlədi.
Məzəm dağının doloylu ətəklərindən yel kimi ötən qaçaqlar Göycələni, Dəvə boynunu adlayanda gün günortadan enirdi. Qaranliq dərədən dikdirə qallxanda sanki zülmət dünyasından işıqlı dünyaya adlamışdılar. Fınxırışan atlar tərləmişdi, qaçaqlar isə həm yorulmuş, həm də acmışdılar. Bayquş yurdunu adlayıb Xurcun talasına tərəf göturüldülər. Kar dərənin ətəyində yerləşən Ayğır bulağına enən atların burun pərlərindən su damcılayırdı.
- Bu da Ayğır bulağı - deyib, İsmayıl atından yerə tullandı.
Qayaları deşərək fışqırtı ilə heykirən bulağın suyunu iki yanaşı boruyla bəndə salmışdılar (Yəqin bu hirsə-hikkəyə görə bulağa "Ayğır bulaq" deyirdilər). Hər iki borudan şorhaşorla axan suyun ayaq tərəfində iri, təhnəyə oxşayan çarhovuz tikilmişdi. Bu çarhovuza yığılan suyu mal -heyvanlar üçün nəzərdə tutmuşdular. Yay oldumu, bulaqdan xeyli aralıdakı nəhəhg palıd ağacının kölgəsindən yığıncaqlar əskik olmazdı.
Elə bu yerdəcə Məmməd İlqarın bir beyti yadıma düşdü:

Güllü yaylaq heydən düşü, təklənib,
Ayğır bulaq "Kərəmi"yə köklənib.
Kar dərənin qulaqları şəklənib,
Od istəyir ocaq yeri, od yeri,
Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri"...

Qaçaqlar bulaq başında bir az dincəldilər, tuluqlarını keyvir kimi soyuq su ilə doldurub üzü Göy dağa yol aldılar. Hava qaralanda mənzil başına çatdılar.

***
Köftər alının köçü Avdılla bulağının üstündən duranda günəş bir boy qalıxmışdı. Sapsarı nərgizlər tala-tala olub meyxoş ətirləriylə qonaqlarını yola salırdı.
Avdılla bulağından yır-yış edən köç karvanı binə quracaqları Armuddu yaylağına uzanan doloylu yolarla haylı-küylü səfərlərini davam etdirdilər. Çayqoşandan ötüb Armuddu enişinə endilər. Dar gədikdən keçəndə Köftər Alı atını yavaşıdaraq Eyvoğlu Məmmədin dağdan qopararaq çiyninin üstündən dərəyə atdığı daşa tamaşa eməyə başladı.
Eyvoğlu Məmmədlə dost idi. Güclü olduğunu da çox gözəl bilirdi. Buna baxmayaraq astadan dodaqaltı pıçıldadı: "Evin yıxılmasın adam yiyəsi. Bu boyda daşı yerindən tərpərməkmi olar?" - deyib, yolun alt tərəfinə dığırlanmış daşdan gözünü xeyli çəkmədi. Eyvoğlu Məmmədin keçən il qayadan qoparıb atdığı bu daş gediş-gəlişə əngəl törədirdi, arabaların təkərlərinə ilişib ziyanlıq verirdi. İndi hər yoldan ötən arabaçı onun atasına rəhmətlər diləyir, eyni zamanda heyranlıqla qara sandığa bənzəyən bu nataraz daşa tamaşa edirdilər.

***
Qaymaqlıların köçü Armudduya çatanda Kəmərlilər artıq dəyələrini qurmuş, yerləşib rahatlaşmışdılar. Söyün oğlu İbrahım gilin yurd yerləri Köftər Alı gilin dəyəsindən xeyli aşağıda, Qırmızı sifət Rubenin kirəmitli evinin sağ tərəfindəki talanın üstündə idi.
İbrahim dəyə qonşularıyla köməkləçib yükləri boşaltdı, keçən ildən saxladığı ağacları, payaları yerində görmədi. Dalağı sancdı. İstər-istəməz dönüb Asyagilin qalın kolluqların arasından güclə seçilən qırmızı kirəmitli evlərinə tərəf baxdı. Həyət-bacada bir kəs görunmürdü. Gözünü evdən çəkmədən gözləyirdi ki, Asya indicə şaqraq gülüşləriylə onlara tərəf qaçacaq, "Xoş gəlmisiniz" - deyib sevincindən keçi kimi atılıb-düşəcək. Amma sakitlik idi. Qıvrım telli Asyanın səsiylə aşıb-daşan kirəmid damlı bu evin sakinləri elə bil harasa köçüb getmişdilər. Evlərindən xeyli aşağı tərəfindəki donuz kanuşasının həyətində fırlanan Rubeni görəndə ürəyi yerinə düşdü. "Yox, köçməyiblər" - deyib, sevindi. Amma bu sevinci çox sürmədi.
Ötən ilki hadisədə İbrahimdən hamilə qalmışdı Asya. Hamiləliyini heç cür gizlədə bilmədi. Qarnını nə qədər sarısa da günlərin birində onun hamilə olduğü hər tərəfə yayıldı. Qarnındakı uşağın İbrahimdən olmasına heç kimdə şübhə yox idi. Qardaşlar bu şərəfsizliyə dözə bilmirdilər. Asyanı açıq-aşkara öldürməkdən isə qorxurdular. Bilirdilər ki, onun ölümü hökumətə çatacaq və hər iki qardaşı qazamata salacaqlar. Odur ki, qızı bir bədbəxt qəzanın qurbanı etməliydilər və belə də etdilər. Payız dönəmində Arabaya doldurduqları otun üstündə oturtdular Asyanı. Sıldırımlı yolun kənarıyla gedərkən arabanı itələyib uçrumdan aşağı diyirlədilər. Yanı üstə aşan araba at qarışıq dərəyə yuvarlandı. Bir neçə dəfə arabanın altında qalan Asyanın gözəl camalı didik-didik olmuş, daşlara çırpılmış bədəni al qana bulanmışdı. Qarnında bəslədiyi beş aylıq uşaqda bətnində tikə-tikə olmuşdu. Hay-həşirə camaat töklüşmüş, bədbəxt hadisədə ölmüş Asyanı kəndin ayağındakı qəbiristanlıqda dəfn etmişdilər. Baxımsızlığı ilə fərqlənən bu qəbirin heç başdaşı da yox idi. Qəbirin yanlarına döşənmiş qaratikan çırpılarının arasından yabanı otlar bitib qəbiri görünməz etmişdi...
İbrahim, əl-ayaq çəkiləndə, hava qaralanda həmin qəbirin üstündə diz çöküb pıçıldayırdı: "Bu qisası qardaşlarında qoymayacağam".
Günlərin birində xəbər çıxdı ki, Rubenin böyük oğlunu Qarannıq dərədə baltalayıblar. Başından aldığı balta zərbəsinə canını tapşırmışdı Rubenin böyük oğlu. Onun meyitini iki gündən sonra tapdılar. Üzüstə dərəylə axan nazik çayın içinə yıxlmış meyit şişib kötüyə dönmüşdü.
Rubenin kiçik oğlu Hayqaz bu işin İbrahimdən keçdiyini bilirdi. Amma əlində heç bir sübut, dəlil yox idi. Elə o gündən Hayqaz İbrahimi, İbrahim də Hayqazı nəzarətdən buraxmırdı.
Qanlı qisas günü yaxınlaşırdı. Hayqaz özünü elə aparırdı ki, guya İbrahimdən heç şübhələnmir, əksinə, onunla dost münasibəti qururdu. Ermənilər yaşayan bu kəndin camaatı isə məsələnin ağır nəticələrlə bitəcəyini anlayırdılar və demək olar ki, hamı yaraqlanaraq hazır vəziyyətdə durmuşdular.
İbrahim də Hayqazın axırına çıxmağ üçün gizli planlar qururdu. Beləliklə ağlına bir fikir gəldi və İncəli gənclərindən olan dostlarına dedi ki, növbəti dirədöymədə Hayqazı söndürmək lazımdı. O planını Dəli Hasana, Qaracallıların İsrafilinə, Göynəllinin İmralısına və bir neçə dirədöymə ustalarına söylədi.
Tez-tez qurulardı belə şənlik məclisləri. Rubenin böyük oğlu ölsə belə arada elə bir açıq ziddiyyət yox idi. Tarixi düşmənçəliyin nisbətən səngiməsinə baxmayaraq hər tərəf ehtiyatı əldən vermirdi.
Bugünkü şənlik yığıncağı daha coşqun, daha canlıydı. Erməni igidləriylə İncəli igidlərinin dirədöymə yarışı olacaqdı. Uduzan tərəf udan tərəfə mərc olaraq buynuzuna qırmızı kəlağay bağlanmış qoç verməliydi.
Yenə də Zambır oğluyla baş-başa vermişdi zurnaçı Sandroy. Geniş meydana xeyli adam toplaşmışdı. Qızlar, gəlinlər bir tərəfdə, Ağsaqqalar bir tərəfdə, gənclər və cocuqlar isə digər tərəfdə topalaşıb dirədöymə oyununa tamaşa edirdilər. Erməni tərəfdən 7, İncəlilərdən də 7 nəfər igid başlarına ağ, qırmızı yaylıqlar sarıyıb, meydan sulayırdılar. "Cəngi" havasında əllərindəki digər yaylıqları yelləyə-yelləyə yallı gedən yeniyetmələr yalaqlar qazılmış meydanın ətrafına dolanırdılar.
Nəhayət çöp atıldı, yalaqlarda durub kəmərləri qoruyan tərəf ayırd edildi. Yalaqları qorumaq İncəlilərin bəxtinə düşmüşdü.
Oyunun qaydasına görə diametri 5 m. olan dairədə 7 yalaq qazılır, hər yalağa qoyulmuş kəməri bir nəfər qoruyumalıdı. Rəqib tərəf isə yuxarı tullanaraq kəməri qoruyanı təpiklə vurub kəməri yalaqdan götürməli idi. Bu işi səhvsiz görə bilən tərəf, yəni kəməri götürərkən rəqib tərəfdən ona toxunulmursa, rəqiblər kəmərlərini onlara təslim edib dairənin içinə girirlər. Qalib tərəf dairənin içindəkiləri kəmərlərlə o zamana kimi döyürlər ki, dairənin içindəkilər dairənin çölündəkilərin birinə təpiklə toxuna bilsin. Belə olduqda yerlər dəyişir, digər tərəf yalaqların üstündə kəmərləri qorumalı olurlar, əks tərəf hücum mövqeyinə keçir.
İncəlilər heç dairənin içinə girmədilər. Bu oyunun mahir ustası olan Hasan göyə tullanıb onu vurmaq istəyən erməni dığasını göydəcə qamarlayıb dairənin içinə soxdu. Məğlub ermənilər Dairənin üstünə oturmalı oldular. Bir necə həmlədən sonra Hasan İbrahimə göz vurub Hayqazın üstünə tullandı. İşi başa düşən İbrahim qızıl quş kimi əks tərəfdən havaya qalıxdı. Öndən Hasanın, arxadan İbrahimin qoşa təpikləri eyni anda Hayqazı yaxaladı. Ağır zərbədən çıra kimi sönən Hayqazın ciyərləri içində partladı. Uzuqoyulu qalmış Hayqazı arxası üstə çevirdilər. Sifəti göyərmişdi. Ağzından və burnundan qan gəlirdi. Məchul bir nöqtəyə zillənmiş gözlərinin işığı öləziyirdi.
Beli donqarlamış Ruben meydanın ortasında qalmış ogluna yaxınlaşdı. Onun başını qucağına alıb hönkürdü: - "Bircə bu qalmışdı, bunu da əlimdən aldınız. Allah sizin kökünüzü kəssin" - deyib, İbrahimin üstünə yeridi. Rubenə ehtiyac qalmadı. O çatıncaya qədər arxadan açlan güllə gənc İbrahimin kürəyini göynətdi.
Anasının tək oğluydu İbrahim. Gövhər xanım oğlunun vurulduğunu görəndə sustalıb özündən getdi. Araya çaxnaşma düşdü. Dirədöymə üçün ayrılmış meydan döyuş səhnəsinə çevrildi. Hər tərəfdən atışma səsləri eşidildi.
Erməni tünlüyünə talan salan Köftər Alının nərəsini eşidən İncəlilər hər tərəfdən qalxsalar da qabaqcadan hazırlaşmış ermənilər evlərin damından, pəncərələrdən atəşlər yağdırmağa başladılar.
Köftər Alı sanki kərənti ilə ot biçirdi. Hər dəfə çomağını fırlayanda beş-on adam biçilmiş ot kimi yerə səvərirdi. O atılan güllələrə məhəl qoymadan bir bölük ermənini qabağna qatıb qoyun sürüsü kimi teyləyir, çomağına tuş glənlər sağa-sola səpələnib parpıldaşırdılar.
Vəziyyət getdikcə gərginləşir, "heqeq" çəkən ermənilərə hər tərəfdən kömək axışıb gəlirdi. Camaat sərçə topası kimi kolların içinə doluşmuşdu. Köftər Alı açılan güllələrdən sığınmaq üçün özünü bir palıd ağacının arxasına verdi. Silahlı ermənilər getdikcə çoxalırdı. Belə getsə itkilər çox ola bilərdi. Elə bu zaman arxa tərəfdən açılan güllələr erməniləri pərən-pərən saldı.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV